Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

«Mən bu xalqa onun istədiklərini verdim»


Viktor Yuşşenko öz seçki proqramını açıqlayır, 23 noyabr 2009
Viktor Yuşşenko öz seçki proqramını açıqlayır, 23 noyabr 2009
Viktor Yuşşenko Ukraynanın ilk qərbyönlü prezidentdir. O bu vəzifəyə gələndə həyatı üçün təhlükəli olan zəhərlənmə və səslərin kütləvi şəkildə saxtalaşdırılması kimi əngəlləri aşmışdı. Həmin vaxtdan 5 il ötüb. İndi Ukrayna yeni prezident seçkisinə hazırlaşdığı bir vaxtda rəy sorğuları Yuşşenkonun nüfuzunun çox aşağı olduğunu göstərir.

Yuşşenkonun hakimiyyəti dövründə Ukraynada siyasi xaos davam edib. Moskva ilə münasibətlər həddindən artıq pisləşib. Ancaq Yuşşenko fəaliyyətindən danışarkən heç də əvvəlki kimi qətiyyətli görünmür:

«MƏN BU XALQA ONUN İSTƏDİKLƏRİNİ VERDİM»

«Bir prezident kimi heç vaxt xalqımın qarşısında başıaşağı olmayacağam. Bu 5 ildə nəyisə səhv etdiyimi düşünmürəm. Mən bu xalqa onun istədiklərini verdim. Əgər o bunu başa düşsə, bu onun xilası olacaq. Əgər başa düşməsə, biz daha 15-20 ilimizi Kremlin layihəsi üzrə Yanukoviç və Timoşenkolarla keçirəcəyik. Kuçmanın dövründə olduğu kimi».

Yanvarın 17-də keçiriləcək seçkilərdə Yuşşenkonun əsas rəqibləri bir vaxtlar «narıncı inqilab» zamanı onun əsas müttəfiqi olmuş Yuliya Timoşenko və əsas rəqibi olmuş Viktor Yanukoviçdir. Hər iki namizəd Yuşşenkonun aşkar qərbyönlü mövqeyini kəskin tənqid etməklə populyarlıq qazanıblar.
Viktor Yanukoviç Lvovda, 17 dekabr 2009
Yuşşenko deyir ki, bu namizədlərin hər ikisi Moskvanın adamlarıdır. On görə də seçim çox sadədir:

«Ya Kremlin bu cütlüyü qalib gələcək, Kremlin siyasəti işləyəcək, ya da Avropayönlü siyasət davam edəcək».

Rusdilli ukraynalıların dəstəklədiyi Yanukoviç bu həftə müsahibələrinin birində bildirib ki, qalib gəlsə, ölkəsini NATO-ya üzv etməyəcək. NATO-ya üzvlüyü hakimiyyəti dövründə əsas prioritetə çevirmiş Yuşşenko isə deyib ki, NATO-dan üz çevirmək Ukraynanın maraqlarına ağır zərbə olacaq.

Ukraynanın siyasi həyatında davam edən daxili çəkişmələr və ağır iqtisadi böhran Yuşşenkonun NATO-ya və Avropa Birliyinə üzvlüyü səylərinə əngəl olub. 2008-ci ildə NATO Ukraynanın Üzvlük Fəaliyyət Planına qoşulmaq üçün müraciətini qəbul etmədi. Bu plan NATO-ya üzvlük üçün əsas hazırlıq mərhələsi sayılır.
Yuliya Timoşenko
Yuşşenko bunun əsas günahını birbaşa baş nazir Timoşenkoda görür:

«BUNUN SƏBƏBKARI UKRAYNANIN BAŞ NAZİRİDİR»

«Aydındır ki, Ukraynanın hazırda tutduğu yol Avropa Birliyinə üzvlük üçün kifayət etmir. Bu, Avropa Birliyinin yox, bizim problemimizdir. Ukraynada islahatları yalnız baş nazir həyata keçirə bilər. Lakin bu islahatlar həya keçirilmədi. Bunun səbəbi nə Avropa, nə də qlobal böhrandır. Bunun səbəbkarı Ukraynanın baş naziridir».

Həm Yanukoviç, həm də Timoşenko bəyan ediblər ki, qalib gəldikləri təqdirdə
Moskvayla münasibətləri yaxşılaşdıracaqlar.

Ötən ilin yayında Moskva Ukraynaya qaz ixracını dayandırandan iki ölkə arasında münasibətlər pisləşib. Hazırda buna oxşar vəziyyət Rusiyayla Belarus arasında yaranıb. Yuşşenko deyir ki, bu iki problemin heç bir fərqi yoxdur. Bu, Moskvanın açıq siyasi təzyiqidir. Bununla o ölkələri özündən asılı etmək istəyir.
XS
SM
MD
LG