Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:35

20 Yanvardan 7 gün əvvəl…


Bakı, yanvar 1990
Bakı, yanvar 1990
«1990-cı il yanvarın 7-də bizim qış sessiyamız başlayırdı. Tələbə yoldaşlarımın əksəriyyəti erməniləriydi. Amma onlar dərsə gəlməmişdilər...»

«YANVARIN 13-NƏ KİMİ ŞƏHƏRDƏ ERMƏNİ AZ QALMIŞDI»

Bunu həmin dövrdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rus bölməsində oxuyan Zaur Babayev söyləyir. O danışır ki, yanvarın 5-də meydan dağıdılsa da, komendant saatı elan edilsə də, şəhərdə heç bir ajiotaj və təhlükə yaradan vəziyyət yoxuydu.

«Amma ermənilər köçürdü. Elə bil onlara kimsə, nəsə demişdi, çıxıb gedirdilər. Ya evlərini satırdılar, ya da geriyə qayıtmaq ümidiylə evlərini boş qoyurdular. Bizdən məlumatlı görünürdülər. Soruşanda ki, niyə köçüb gedirsiniz, cavab verirdilər ki, Sumqayıt hadisələrinin təkrar olacağından narahatıq. Ancaq bu hadisələrin olacağını göstərən heç bir əlaməti görmürdük. Yanvarın 13-nə kimi şəhərdə erməni az qalmışdı».

Zaur Babayev xatırlayır ki, Bakının erməni sakinlərinə qarşı nifrətli münasibət müşahidə etmirdilər, hətta köçüb getmək istəyənlərə də qonşular kömək edirdi. Bəs yanvarın 13-də baş verənlər barədə Zaur Babayev nə xatırlayır?

«Həmin dövrdə Ermənistandan Bakıya xeyli qaçqın gəlmişdi. Onları müxtəlif yerlərdə yerləşdirmişdilər. Kimsə rəhbərlik edirdi, ya nədi, onların bəzilərinə ermənilərin mənzillərini nişan vermişdi. Onlar da deyirdilər ki, bizi Ermənistandan qovublar, biz də Bakıda ermənilərin evində yaşayacağıq».

ERMƏNİSTANDAN QOVULAN QAÇQINLAR BAKIYA GƏLİB NƏ GÖRMÜŞDÜLƏR?


Ermənistanın Bolnisi rayonunun Zəhmət kəndindən olan Təranə Ramazanova bu suala cavab verməzdən əvvəl özlərinin başına gələnləri xatırlayır, deyir ki, kəndin camaatını bir günün içində vaqonlara doldurub Azərbaycana göndəriblər:

«Malımız-mülkümüz qaldı orda. Heç nə götürə bilmədik. Zəhmətlə yığdığı var-dövlətinin əlindən alınmasına atam dözmədi, yolda iflic oldu, sonra da öldü. Gəlib Bakıya çıxdıq. Gördük ki, Bakıda ən yaxşı, ən gəlirli sahələrdə ermənilər işləyir. Neft sahəsində də onlarıydı, restoran, mağaza rəhbərliyində də onlar. Ya da yüksək vəzifəli adamların arvadları erməniləriydi. Hətta düşdüyümüz həyətdə ermənilər bizi heç danışdırmırdı, bizə ikinci dərəcəli xalq kimi baxırdılar».

1990-cı ilin yanvarında Bakıya qoşun yeridən Moskva öz addımını respublikada - xüsusilə paytaxtda yaranmış gərginliklə əlaqələndirmişdi.
Pənah Hüseyn
Bəzi siyasilər 13 yanvar hadisələrinin bu gərginlikdən doğduğunu istisna eləmirlər, amma əsas qənaət budur ki, Moskva Bakıya qoşun yeritməsi üçün təxribata əl atıb Bakıda yaşayan ermənilərə hücum təşkil etmişdilər.

ƏSLİNDƏ MOSKVA İLƏ AZƏRBAYCAN XALQININ QARŞIDURMASI YAŞANIRDI


O vaxtkı AXC-nin liderlərindən biri Pənah Hüseyn deyir ki, əslində Bakıda Moskva ilə Azərbaycan xalqının qarşıdurması yaşanırdı. Yanvarın 13-də paytaxtda ermənilərlə bağlı baş verən hadisələr də Moskvanın xalq etirazını yatırtmaq üçün hazırladığı təxribatlardan biri idi.

«Bu barədə kifayət qədər əsaslı məlumatlar var. Çünki yanvarın 13-də Azərbaycanda –xüsusən də Bakıda daxili işlər nazirliyinə tabe olan qüvvələr bu cür hadisənin qarşısının alınmasında hər hansı bir addım atmadı. O cümlədən Bakıda yaşayan ermənilərin də sonradan verdikləri ifadələrdən sübut olunur ki, əslində onların təhlükəsizliyi əhəmiyyətli dərəcədə AXC-nin könüllüləri tərəfindən qorunub».

Pənah Hüseyn deyir ki, sonradan AXC hakimiyyətinin rəsmi müraciətinə baxmayaraq Moskvanın təhqiqat sənədlərini verməməsi ortada təxribatın olduğunu təsdiqləyirdi.

Digər tərəfdən, kecmiş AXC fəalı hesab edir ki, 1988-ci ildə Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasına şəraiti də Moskva yaratmışdı. Onun fikrincə, bu da 1990-cı illərdəki gərginliyin kökündə dayanan ciddi faktorlardan idi.

«AZƏRBAYCAN MİLİS ORQANLARI TAM TƏRKSİLAH EDİLMİŞDİ»

Xalq hərəkatının liderlərindən biri Etibar Məmmədova görə də, 13 yanvar hadisələri SSRİ DTK-nın «mətbəxində» hazırlanmışdı:

«13 yanvardan sonra Azərbaycan milis orqanları tam tərksilah edilmişdi. Və onlara küçəyə çıxmaq qadağan olunmuşdu. Məqsəd ondan ibarət idi ki, doğrudan da xaos, kütləvi qırğın yaratsınlar və Bakıya daxil olmağa səbəb əldə etsinlər».

Tarixçi Eldar İsmayılovsa deyir ki, həmin ərəfədə SSRİ-nin hər yerində gərginlik yaşanırdı, sovet rəhbərliyi isə çıxış yolu axtarırdı və nəticədə Azərbaycanın üstündə dayanmışdı. Qəsdən hakimiyyətsizlik yaradıldığını deyən tarixçinin fikrincə, proseslər göstərdi ki, Moskva bu təxribatlarıyla çox ciddi səhvə yol verib.

O dövrün şahidləri belə bir qənaəti də bölüşürlər ki, 13 yanvar hadisələri 20 yanvara yol açdı, amma həm də Bakının milliləşməsinə təkan verdi.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG