Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

H1N1- mif yoxsa reallıqdır?


«Əvvəlcə bilmirdik, sonra istiliyi artdı, üzündə kiçik qansızma yarandı. İnfeksion xəstəliklər xəstəxanasına apardıq, analiz – virusun olduğunu göstərdi. Bir həftə xəstəxanada qaldıq».

10 yaşlı Nikuşaya H1N1 - donuz qripi diaqnozu dekabr ayında qoyulub. Virusun müalicəsi orta ağır keçib və ağırlaşma müşahidə olunmayıb. Nikuşa kimi son 2 ayda Gürcüstanda yüzlərlə adam virusa yoluxub. 1249 yoluxma halından 26-sı ölümlə nəticələnib. Tibb işçilərinin bildirdiyinə görə ölüm halları ya gecikmiş müalicə, ya da xroniki xəstəliklərlə bağlı olub.

BİR ÇOX ÖLÜM HALLARI DONUZ QRİPİNİN ÜSTÜNƏ YAZILIR

Hələ iki həftə əvvəl KİV-də H1N1 virusunun qeyd edildiyi kimi təhlükəli olmadığı barədə məlumat yayılıb. AŞPA-nın səhiyyə üzrə alt komitəsinin sədri olmuş doktor Volfqanq Vodarq Dünya Səhiyyə Təşkilatının səhvləri barədə danışıb. O, bəyan edib ki, bir çox ölüm halları donuz qripinin üstünə yazılır və insanları qorxutmaq üçün istifadə edilir.

Bütün dünyada virus əleyhinə vaksinlərin alınmasına milyardlarla dollar sərf edilib.
Dünya Səhiyyə Təşkilatının əczaçı şirkətlərlə əlaqəli olduğu barədə şübhələr yaranıb.

Donuz qripi - saxtadırmı – məhz bu məsələ yanvarın 26-da Strasburqda Avropa Şurasının səhiyyə komitəsinin iclasında əsas müzakirə mövzusu olub. Avropa Şurasının parlamentariləri dərman istehsalçılarının Dünya Səhiyyə Təşkilatına təsirini araşdırmağa qərarlaşıblar.

Təşkilata qarşı irəli sürülən ittihamlardan biri – pandemiyanın elan edilməsi ilə bağlıdır. Pandemiya elan edilən kimi dərman istehsalçıların gəlirləri dərhal artıb, bir neçə milyarda çatıb.

Volfqanq Vodarq bəyan edib ki, bu cür hallarda peyvənd orqanizm üçün təhlükəlidir.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Şota Çantava peyvəndləmənin mürəkkəb problem olduğunu deyir. Donuz qripinə qarşı Gürcüstana hələlik vaksin gətirilməyib. Çantava deyir ki, Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə risk qrupuna daxil olanlar peyvənd ediləcək.

«Qrip əleyhinə vaksinlər var, hazırda onlar aprobasiya mərhələsindədirlər. Yəni Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınmalıdırlar. Bir sıra vaksinlər var ki, biz onların tövsiyəsini gözləyirik. Bundan sonra risk qrupuna daxil olan – hamilələr, həkim və xroniki xəstəliyi olanların peyvəndləməsi başlayacaq».

İSTƏNİLƏN VAKSİNDƏ MÜƏYYƏN RİSK FAKTORU VAR

Birinci müalicə-profilaktika mərkəzinin ailə həkimi Lali Daneliyanın fikrincə istənilən vaksində müəyyən risk faktoru var, ancaq sonda peyvənd xəstəliyin ağırlaşmasının qarşısını alır.

«İstənilən vaksinin kənar təsirləri var. İnsanların peyvəndə hazırlığı təbliğatdan asılıdır. Belə ki, vaksindən həm biz, həm də insanlar qorxuruq. Vaksinlərdən danışarkən onların müsbət tərəflərini də qeyd etmək lazımdır. Peyvənd – xəstəliyin ağırlaşmasının qarşısını alır».

Dünya Səhiyyə Təşkilatının əczaçı şirkətlərlə əlaqəli olmasına dair ittihamlara gəlincə, Şota Çanava bildirir ki, təşkilat vəziyyəti düzgün qiymətləndirib və pandemiya halı doğru olub.

«Əlbəttə dərman istehsalçıları vəziyyətdən yararlandılar. Bu təbiidir ki, istehsalçılar öz məhsullarının reallaşmasında maralıdırlar. Ancaq ikinci məqam var - Dünya Səhiyyə Təşkilatı vəziyyəti düzgün qiymətləndirməli və qərar verməlidir. Pandemiya realdır və hansı vaksinin daha yaxşı olduğuna Dünya Səhiyyə Təşkilatından yaxşı heç kim qərar verə bilməz».

14 MİN İNSANIN ÖLÜMÜNÜ İNKAR ETMƏK…

Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Keici Fukuda deyib ki, Volqanq Vodarqın saxta pandemiya ittihamları 14 min insanın ölümünü inkar etmək deməkdir. Təşkilatın əczaçılarla əlaqəli olmadığını deyən Fukuda maraqların mübahisəsini həll etmək üçün bir sıra mexanizmlərinin olduğunu əlavə edib.

Xəstəliklərə Nəzarət Mərkəzinin bildirdiyinə görə hazırda Gürcüstandan virus təhlükəsi sovuşub. Küçələrdə qoruyucu maskalarda gəzənlərin sayı da azalıb.

«Pandemiya saxtadır və real təhlükə yoxdur - əgər Gürcüstanda vaksin olarsa, bu halda peyvəndlənərsinizmi?» Azadlıq Radiosunun gürcü xidməti belə bir sorğu keçirib:

- Bəli, təhlükə realdır.
- Peyvənd elətdirərsinizmi?
- Qorxuram.

-Real təhlükə var idi, ancaq bu qədər səs-küyə dəyməzdi. Yəqin peyvənd etmərəm.

- Pandemiya olduğunu hesab etmirəm. Vaksin haqda məlumatım yoxdur, ancaq peyvənd etmərəm.

- Ola bilsin virus şişirdilib və bu kimlərə isə sərf edir.

- Virus deyildiyi kimi təhlükəli deyil.

Donuz qripi ilə bağlı baxışların fərqli olmasına baxmayaraq, tibb işçiləri fevral ayında yeni virus təhlükəsini gözləyir. Xəstəliklərə Nəzarət Mərkəzi bildirir ki, yeni dalğa daha zəif olacaq.

HƏMÇİNİN BAX

Ermənistanda «donuz qripi»nin fırıldaq olduğunu düşünürlər
XS
SM
MD
LG