Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:26

Yaltaqlığın yeni məbədi yaradılır


Çoxları artıq Berdımuhammedovun öz kultunu - özünə pərəstiş kultunu yaratmaq meyllərini hiss edirlər
Çoxları artıq Berdımuhammedovun öz kultunu - özünə pərəstiş kultunu yaratmaq meyllərini hiss edirlər
TÜRKMƏNBAŞI ÖLDÜ, AMMA…

2007-ci ildə Türkmənistanda Saparmurat Niyazovun – Türkmənbaşının qəfil ölümü və hakimiyyətə Qurbanqulu Berdımuhammedovun gəlməsi, yeni prezidentin verdiyi açıqlamalar bir çox türkmənləri sevindirmişdi. Onlarda ümid yaranmışdı ki, artıq Türkmənbaşının repressiv rejimi də yumşalacaq.

Amma 3 il keçdi, verilən vədlərin əksəriyyəti ya elə boş söz olaraq qaldı, ya da gözdən pərdə asmaq üçün, üzdə yerinə yetirildi. Sıravi türkmən üçün Türkmənbaşıyla Berdımuhammedovun hakimiyyəti arasında demək olar ki, heç nə dəyişməyib.

Baxmayaraq ki, dekabrın 27-də Türkmənbaşının ölümü açıqlananda, 2 ay sonra, fevralın 11-də Berdımuhammedov hakimiyyətə gələndə hər kəs ümidliydi.

YENİ PREZİDENTİN İSLAHATLARI

Çünki yeni prezident gələr-gəlməz bəzi verdiyi vədləri yerinə yetirməyə başladı: Türkmənbaşının 9 il təyin elədiyi və çoxlarının fikrincə, bu yolla iflic elədiyi orta təhsil müddətini yenidən 10 illik məcburi təhsillə əvəzlədi.

Özü diş həkimi olan yeni prezident Berdımuhammedov tibb işçilərinin də maaşlarını artırdı, onları yüksək vəzifələrə gətirdi, Türkmənbaşının bağladığı xəstəxanaları açmağa başladı.

Yeni prezident hər bir türkmən vətəndaşının məcburi şəkildə Türkmənbaşının yazdığı «Ruhnamə»ni mükəmməl bilməsi şərtini də yığışdırıdı.

Türkmənbaşının nəhəng qızıl heykəli
Qısası, hakimiyyətdə olduğu ilk il ərzində Berdımuhammedov əmin şəkildə gördüyü işlərdən danışırdı:

«Mən prezidentlik vəzifəmin icrasına başlayanda bu şüarı elan elədim: «Dövlət vətəndaş üçündür». Bü şüar mənim çıxışlarımda da, qol çəkdiyim fərmanlarda da, mənim bütün fəaliyyətimdə də öz yerini tapdı. Bizim hökumətimiz bu şüara uyğun işləyir. Bu süar bizim idealogiyamız olmalıdır».

TÜRKMƏNİSTANDA DƏYİŞƏNLƏR VƏ DƏYİŞMƏYƏNLƏR…

Ancaq elə prezidentin il-ilindən sonra bəlliydi ki, bəzi vədlər qismən yerinə yetiriləcək: hər kəs üçün çatımlı internet, daha yaxşı nəqliyyat və rabitə şəbəkələri, siyasi azadlıqlar və s. kimi vədlər.

Məsələn, əvvəllər tamamilə qadağan olunan internet klublar açıldı, ancaq bir neçə yerdə, özü də, çox baha qiymətlərə. Üstəlik, internetdən istifadə üçün sənəd göstərmək lazım idi.

Ölkədə yeni partiyalar qeydiyyata alınmadı, iqtidar partiyası olan Türkmənistan Demokrat Partiyasının qismində təkpartiyalı system davam elədi.

Yeni media orqanlarının da fəaliyyətə başlamasına icazə verilmədi.

Ölkə daxilindəki nəzarət-buraxılış məntəqələri ləv edildiyi üçün türkmənlər artıq xaricə səfər eləmək imkanı qazandılar,
Aşxabadda internet-kafe, 14 mart 2007
ancaq xaricdən gələnlər üçün vəziyyət dəyişmədi.

«QƏHRƏMANQAYIRMA» MAŞINI YENƏ İŞ BAŞINDA

Amma bütün bunlardan əlavə çoxları artıq Berdımuhammedovun öz kultunu - özünə pərəstiş kultunu yaratmaq meyllərini hiss eləyirlər.

Berdımuhammedov Türkmənbaşının şəkillərini, heykəlıərini yığışdırtdı. Hətta Türkmənbaşının nəhəng qızıl heykəlini də. Türkmənbaşının şərəfinə adlandırılan şəhərlər, kəndlər, küçələr, zavodlar, məktəblərin adları dəyişdirildi. Qəzetlərin yxuarı başında, ölkə valyutasının üzərində olan Türkmənbaşının şəkilləri də yoxa çıxdı.

Əvəzində isə yeni – amma çoxlarına tanış olan «qəhrəmanlaşdırma» (qəhrəmanqayırma) prosesi işə düşməyə başladı. 2009-cu ilin oktyabr ayında Mərkəzi Seçki Komissiyasının sədri Murat Qarriyevin və Berdımhammedovun televiziyayla canlı yayımlanan dialoqunda artıq hər şey aydın oldu.

PREZİDENTƏ SEVGİNİN NÜMUNƏLƏRİ

Türkmənistan MSK-nın sədri Murat Qarriyev, oktyabr, 2009-cu il:

«Mən, bütün türkmən xalqının adından parlamentdən xahiş edirəm ki, bizim sevimli prezidentimizə Türkmənistan Qəhrəmanı adını versin. Çünki mən əminəm ki, 5 yaşından 95 yaşına qədər bütün xalqımız bu təklifi dəstəkləyir».

Türkmənistanda parlament seçkiləri, 14 dekabr 2008
Qurbanqulu Berdımuhammedov isə cavabında deyir ki:

«Murat Aga, sağ ol, bu sağ ol hamıya düşür».

ƏVVƏLKİ PREZİDENTİ İLAHİLƏŞDİRƏNLƏR İNDİ DƏ İŞ BAŞINDA

Türkmənistanın əvvəlki prezidenti Türkmənbaşı da müxtəlif fəxri adlar daşıyırdı. Elə Niyazov olan familiyasını – Türkmənbaşı adıyla əvəzləməsi kimi.

Elə Türkmənbaşının vaxtında da məmurlar prezidentə sevgilərini təkcə öz adlarından yox, xalqın adından danışmaqla ifadə edirdilər.

Məsələn, 2004-cü ildə Saparmurad Niyazov – Türkmənbaşı 1992-ci ildə hakimiyyətə gələndən sonra keçən 12 il ərzində ilk dəfə prezident seçkisi keçirməyi təklif eləmişdi.

Amma Axal əyalətinin başçısı Muratberdi Sofiyev bu təklifə xalqın adından belə qarşı çıxırdı:

«Əziz xalqım, əziz yoldaşlar, prezident seçkisi haqda heç danşmağa ehtiyac yoxdur. Əziz rəhbərimiz, mehriban atamız, mehriban ömürlük prezidentimiz, səni biz ömürlük seçmişik, bizimlə qal, heç yerə getmə. Bu cür seçki söz-söhbətlərinin heç yeri ola bilməz».

Eyni Sofiyev indiki prezident Qurbanqulu Berdımhammedovdan söz düşəndə, lap dərinə gedir:

«Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov bu məsuliyyətli vəzifəni icra elədiyi qısa müddət ərzində verdiyi vədlərə necə sadiq qaldığını göstərib. O xalqın təklifləri və istəklərini dinləyir, onları öyrənir və düzgün qərarlar verir. Hakimiyyətdə olduğu ilk gündən bəri bizim sevimli prezidentimiz Qurbanqulu Berdımuhammedov verdiyi fərmanlar, qərarlar və gələcəklə bağlı təşəbbüsləri ilə göstərir ki, məhz sələfinin - dahi Saparmurat Türkmənbaşının milli demokratiya siyasətini davam etdirir».
XS
SM
MD
LG