Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:39

İrana gedən var. Sərhəd məntəqələrindəki növbələrin səbəbi nədir?


Astara gömrük sərhəd buraxılış məntəqəsi, fevral 2010
Astara gömrük sərhəd buraxılış məntəqəsi, fevral 2010
İranla sərhəd məntəqələrində növbələr yaranıb. İİR-ə gedənlərin sayı o qədər çoxalıb ki, bu, sərhəd məntəqələrində izdihama səbəb olur. Bu barədə AzadlıqRadiosunun cənub bölgəsində olan müxbiri Müstəcəb Məmmədov İşdən sonra proqramında danışarkən məlumat verib:

«Xəstələr var idi ki, onlar növbədə dururdular, bu da narazılığa səbəb olurdu. Dünən polislə əhali arasında qarşıdurma yaşandı».

Müstəcəb Məmmədov deyib ki, Sərhəd qoşunlarının rəhbər şəxsləri bölgədədir və qayda yaratmaq üçün səy göstərilir.

SƏBƏB HƏM DƏ ÜMİDSİZLİKDİR

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, İrana gedənlərin sayının artmasına pis güzəran səbəbdir. Onun fikrincə, gedənlərin əksəriyyəti ya müalicəyə gedir, ya da xırda alverə:

- Gedənlərin 40-50 faizi müalicəyə gedirlər- bu da Azərbaycanda səhiyyə sisteminin yaxşı olmamasının göstəricisidir. İnsanlar İrana minimum ehtiyaclarını ödəmək üçün gedirlər.
Əlövsət Əliyev

Amma söhbət təkcə maddi ehtiyaclardan getmir. Əlövsət Əliyev deyir ki, haqqında danışılmalı bir faktor da var - ümidsizlik.

"Başqa bir səbəb də odur ki, son vaxtlar Azərbaycan vətəndaşları arasında güclü özünə qapanma gedir. İnsanlar hər şeydən ümidlərini üzüblər, ziyarətgaha getməklə, Allaha dua etməklə çıxış yolu axtarırlar. İrana axın həm də bununla bağlıdır".

Fotoqraf Abbas Atilay son bir ildə İrana iki dəfə səfər edib. Amma səfərləri zamanı özünün jurnalist olduğunu gizlətməyə məcbur olub.

- İranda sanki hələ də orta əsrlərdir. Həm azad olduğunu hiss etmirsən, həm də insanların estetik görkəmi, geyimləri basqı yaradır.

Bununla belə, Abbas Atilay da İrana gedənlərin sayının çox olduğunu müşahidə edib. Onun sözlərinə görə, zyarətə getməyi bura daxil etsək ən azı həftədə bir avtobus Məşhədə gedir.

Məhəmməd Rza Ləvai isə əksinə, İranda yaşamaq ağır gəldiyindən Azərbaycana gəlib. O Azərbaycanda İranla bağlı xüsusi təbliğatın getdiyini deyir.

ONLAR DÜŞÜNÜRLƏR Kİ, KƏBƏNİN YOLU İRANDAN KEÇİR

- İrandan gedənlər və bura gələnlər müəyyən məqsəd üçün gəlirlər. Bu bir az da iki tərəfin siyasətindən asılıdır. Mən birinci dəfə gələndə gördüm ki, Lənkəranda dini şəkillər satılır. Bəzi insanlar gördüm ki, İranı özlərinə məbəd bilirlər. Dini baxımdan İrana vurulublar. Bizə uzaqdan vurulublar. İrandan isə Azərbaycanı görmək üçün gəlirlər. Mən gəlib gördüm ki, İran mollasının əlini öpürlər. Azərbaycanda bu cür mənfi təsirlər aparırlar. Azərbaycanlılar da düşünürlər ki, orada bir şey var. Xalq üçün dini qayıdış var burada.
İsmayıl Cavadi
Amma gərək dinin yumşaq tərəfinə qayıdış ola, daha İrana yox. İran burada dini baxımdan çox reklamlar aparır. Biz sərt diktatorluqla döyüşürük. Bizim səsimiz çatmır dünyaya. Onlar düşünürlər ki, Kəbənin yolu İrandan keçir. Amma bu belə deyil.

"AZƏRBAYCANDAN GƏLƏNLƏR BURADA İSTİ QARŞILANIR"

İranda Urmiyə şəhərində yaşayan jurnalist İsmayıl Cavadi deyir ki, son zamanlar bu bölgəyə də azərbaycanlıların səfərləri artıb:

- Viza məsələsi ortaya çıxandan sonra Şimali Azərbaycandan Urmiya şəhərinə gəliş az olur. Aldığımız xəbərlər belədir ki, Şimali Azərbaycandan Təbriz ətrafında yerləşən şəhərlərə gələnlər çox olub. Vizanın götürülməsi millət arasında da maraq oyadıb. 1919–cu illərdən bəri İran Azərbaycanı ilə Şimali Azərbaycan arasında bəzi münasibətlər olub. Amma kültürün bir olması, dilin bir olması iki tərəfin insanlarında maraq yaradır. Bu gün Təbrizdə, Urmuda o taya möhtəşəm baxış var. Turizm inkişaf edir. Çox mədəni alış – verişlər olur. Astara məntəqəsində, o mahalda yaşayan İran azərbaycanlıları həmişə Şimali Azərbaycana getməkdə və ticarət aparmaqda maraqlı olublar. Onun qarşılığında xüsusilə Naxçıvandan gələn soydaşlarımız bu tərəfdə isti qarşılanır, bu da ticarətə də, turizmə də təsir edir.

"İRAN AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ İSTƏYİR"

Dünya Azərbaycanlıları Konqresinin sözçüsü Əlirza Amanbəyli də İrandan Azərbaycana mühacirət edib. O hesab edir ki, viza rejimini ləğv etməklə İran Azərbaycanda sabitliyi pozmaq istəyir:

- İranın birtərəfli qaydada viza rejimini ləğv etməsində bir hədəfi var. İrandakı gərgin siyasi durumla bağlı qonşu dövlətlərdə İrana qarşı olan təhlükəni qarşılamaq məqsədi ilə bu vizanı ləğv etdi ki, Azərbaycandan ora, İrandan da Azərbaycana gəlsinlər. Bu məsələnin arxasında İranın Azərbaycanda dini məsələləri bəhanə edərək milli birliyi, sabitliyi pozmaq, beynəlxalq ictimaiyyətdə Azərbaycanda insan haqlarının pozulması ilə bağlı imic yaratmaq, əhalinin iqtisadi çətinliyi, zəifliyini göstərmək istəyi durur. Bu məsələdə İranın bir neçə istiqamətdə hədəfi var.

Azərbaycanlılar İranda, iranlılar Azərbaycanda nə ilə qarşılaşır? Sərhəddəki vəziyyət hansı mətləbləri açır?

BÜTÜN BUNLAR BARƏDƏ BİLMƏK İSTƏYİRSİNİZSƏ «İŞDƏN SONRA»NI DİNLƏYİN.

Buna da bax:

XS
SM
MD
LG