Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:31

Doğuş vaxtı qadınlar niyə ölür?


Son illər Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir
Son illər Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir
Ötən 10 gündə Bakıda doğuş zamanı 2 ana ölüb. Onlardan biri Zirədəki Diaqnostika Mərkəzinin Doğum şöbəsində, digəri isə 1 saylı Şəhər Xəstəxanasında baş verib.

Səhiyyə Nazirliyinin ilkin açıqlamasına əsasən, Zirədəki ölüm dölün həddən artıq iri olması, 1 saylı xəstəxanadakı ölüm isə ananın böyrəklərində yaranan kəskin problemlə əlaqədardır.

Səhiyyə Nazirliyinin Tibb Xidmətinin Təşkili İdarəsinin rəis müavini Elmira Əliyeva deyir ki, indi nazirlikdəki xüsusi komissiya ölüm faktlarının dəqiq səbəblərini araşdırır.

Qeyd edək ki, ana və uşaq ölümünün sayı barədə beynəlxalq qurumların hesabatı ilə rəsmi statistika üst-üstə düşmür.

UNICEF-in hesabatına əsasən, 2007-ci ildə hər 1000 yeni doğulan körpəyə 34, 5 yaşadək uşaqlara isə 39 ölüm halı düşüb.

ANA ÖLÜMÜNÜN SƏBƏBİ...

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin başçısı Azər Mehtiyev deyir ki, son bir neçə ildə Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir:

«Azərbaycan hələ də MDB məkanında ana və uşaq ölümü yüksək olan Orta Asiya respublikaları ilə bir sırada dayanır. Aparılan araşdırmalar göstərir ki, yeni doğulanlarda ölümün səbəbi daha çox tənəffüs orqanlarının infeksiyası, mədə-bağırsaq xəstəlikləridir. Ana ölümlərinin səbəbləri sırasında isə ilk yerdə anemiya dayanır. Erkən nikah, ev şəraitində doğuşlar da problemin əsas səbəbləri sırasındadır».

Azər Mehtiyevə görə, beynəlxalq hesabatlarla rəsmi statistika arasındakı fərqin səbəbi faktların qeydiyyata alınmamasıdır.

«PROBLEM TƏKCƏ NAZİRLİYİN DEYİL... »

Tibbi Xidmətin Təşkili İdarəsinin rəis müavini Elmira Əliyeva bildirir ki, əhali arasında maarifləndirmə işlərinin aparılması, tibb personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi Azərbaycanda ana və uşaq ölümlərinin sayının kəskin azalmasına səbəb olub:

Azər Mehtiyev
«2000-ci ildə hər 1000 yeni doğulan (0-6 günlük) körpə arasında ölüm sayı 4.5 promilli idisə, 2009-cu ildə bu rəqəm 2.7-yə enib. 1 yaşınadək uşaqlar arasında ölüm faktı 2000-ci ildə 16.4 promilli idisə, 2009-cu ildə bu, 11.3 promilli olub. Bütün şəhər, kənd və qəsəbələrdə tibb xidməti şəbəkəsi yaradılıb. Ancaq bəzən qadınlar özləri hamiləlik dönəmində tibbi xidmətdən imtina edirlər ki, bu da sonda fəsadlara səbəb olur».

Səhiyyə Nazirliyi təmsilçisinin fikrincə, ana və uşaq ölümü təkcə Səhiyyə Nazirliyinin deyil, bütün cəmiyyətin problemidir. Çünki problemin kökündə gender bərabərliyindən başlayaraq, vətəndaşların sosial durumunadək bir sıra ciddi amillər dayanır.

Demoqraf Çingiz Baxış isə iddia edir ki, rəsmi statistikadakı rəqəmlər real rəqəmlərdən ən azı 4 dəfə azdır:

«Azərbaycan yeni diridoğulma meyarına keçməyib. Bu meyara görə, 22 həftəlik və çəkisi 500 qramdan artıq olan körpələr uşaq sayılır. Azərbaycanda isə hələ də sovetlər dönəmindəki kimi, 28 həftəlik və çəkisi 1 kq-dan az olmayanlar diridoğulan sayılır. Bu meyarla ölçülsə, Azərbaycanda indiki rəqəmləri qat-qat üstələyən rəqəmlər ortaya çıxacaq. İndiki rəqəmlərə inansaq, Azərbaycan ana və uşaq ölümünə görə dünyanın aparıcı ölkələri ilə eyni sırada dayanır. Bu, absurddur».

İqtisadçı Azər Mehtiyev düşünür ki, bu sahədə məsuliyyət artırılmalıdır:

«Ana və uşaqların sağlamlığı üçün məsuliyyət daşıyan tibb işçiləri dəqiq bilməlidir ki, işə məsuliyyətsiz yanaşsalar, onları nə gözləyir. Çox təəssüf, sərt tədbirlər olmadan problemi nizamlamaq mümkündür deyil».
XS
SM
MD
LG