Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:18

Azərbaycan razıdır, Ermənistan isə fikirləşir


Elmar Məmmədyarov
«Biz Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edirik və düşünürük ki, bu sənəd doğrudan da böyük sazişin müzakirəsinə imkan yaradır. Bu o deməkdir ki, biz diplomatik yolu seçdik və bu yolla gedirik. O ki, qaldı müharibə məsələsinə, biz düşünürük ki, Ermənistan yeni variantı qəbul edib-etməməsini elan edəndən sonra hansısa addımlar ata bilərik. Amma əmin edirəm ki, biz XİN-də müxtəlif variantları müzakirə edirik».

Bu, Azərbaycanın xarici işlə naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ danışıqlarının son durumu barədə martın 15-də jurnalistlərə açıqlamasından idi. Nazir hələ ötən həftə bildirmişdi ki, Madrid prinsiplərinin yenilənmiş variantı ilk növbədə Ermənistan tərəfinə də qəbul etdirməlidir. Ermənistan isə sənəddə onu qane etməyən bəzi məqamların olduğunu və bunu qəbul edə bilməyəcəklərini deyir.

Cənab Məmmədyarov yenilənmiş Madrid prinsiplərində Ermənistan tərəfinin qəbul etmək istəmədiyi məqamların nədən ibarət olduğunu açıqlamır. Deyir ki, bunu vaxtı çatanda biləcəksiniz. Sənədin mahiyyətinə gəlincə, Azərbaycanın XİN rəhbəri deyir ki, əvvəl Ermənistan qoşunları 5 rayondan və Laçının 13 kəndindən çıxırlar. Sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları boşaldılır. Bölgədə bərpa işləri aparılır, kommunikasiyalar açılır, beynəlxalq sülhməramlı müşahidəçilər ora yerləşdirilir, məcburi köçkünlər yerlərinə qayıdandan sonra isə Qarabağın statusunun müəyyənləşməsinə imkan yaranır.

Elmar Məmmədyarov hesab edir ki, bütün bunlar nə qədər tez baş versə, haqqında danışılan müharibə ritorikası da tez aradan qalxar. Əslində XİN rəhbərinin bu dedikləri dəfələrlə ölkə prezidenti tərəfindən də səslənib. Yəni, yeni deyil. Amma Azərbaycanın son təkliflərə razı olması, Ermənistanın isə fikirləşməsi danışıqlar prosesinin son və yeni təsviridir. Elə ona görə də məsələ siyasi dairələrdə müzakirə obyektinə çevrilib.
Mübariz Əhmədoğlu
Fikirlər isə müxtəlifdir.

ERMƏNİSTAN ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, əslində, Azərbaycanın Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etməsi Ermənistanı çətin vəziyyətə salıb. Çünki Yerevan Bakının bu sənədi qəbul edəcəyinə inanmırdı. Və düşünürdülər ki, Azərbaycan beynəlxalq aləmin gözündə sülh danışıqlarının pozucu tərəfi kimi günahkar görünəcək:

«Ermənilər oyun oynadı, alınmadı. İndi ona görə deyirlər ki, biz bu variantı qəbul etmirik. Ermənilər sülh yolu ilə heç bir variantı qəbul etməyəcəklər».

Mübariz Əhmədoğlu deyir ki, hazırda ortada olan Madrid sənədinin ümumi prinsipləri tam Azərbaycanın xeyrinədir. Və Ermənistan bu sənədə əsl münasibətini indi büruzə verir.

Onu da deyim ki, Madrid prinsiplərinin yenilənmiş variantı məsələsinə hakimiyyətin özündə də yanaşma müəyyən qədər fərqlidir. Məsələn, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov YAP-ın İnternet saytında dərc olunmuş müsahibəsində deyir ki, Madrid prinsiplərinin «yeniləşmiş» variantı deyəndə, sənəd bir az fərqli görünür:

«Madrid prinsiplərinin elementləri olduğu kimi qalmalıdır. Burada ətrafında müzakirə aparılan prinsiplərin cüzi elementlərinin dəyişməsindən söhbət gedir».

SƏBƏB BAŞQADIR

Rasim Musabəyov
Politoloq Rasim Musabəyov isə hesab edir ki, əslində, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təklif edilən sənəd vaxtı ilə prezident Levon Ter Petrosyanın razılıq verdiyi sənəddən elə də ciddi fərqlənmir. Sadəcə, ondan sonrakı prezident Robert Koçaryanın və indiki prezident Serj Sarkisyanın bu sənədi qəbul etmək istəməmələrinin səbəbi başqadır:

«Ortaya sual çıxır ki, onda niyə siz 10 ili mənimsəmisiniz. Həm Ermənistanın inkişafını ləngitmisiniz, həm də bölgə üçün mənfi bir güc kimi çıxış edirdiniz».

Cənab Musabəyovun fikrincə, son durum ondan ibarətdir ki, həmsədr dövlətlər bölgədəki vəziyyəti nəzərə alıb bu problemin həllini sürətləndirməkdə maraqlıdırlar. Bu isə Ermənistana təzyiqləri artırır.

Novruz Məmmədov, eləcə də bəzi politoloqlar əvvəl Madrid prinsiplərini Azərbaycanın qəbul etmədiyini xatırladır, indiki variantın Bakının səyləri nəticəsində ərsəyə gəldiyini deyirlər. Elmar Məmmədyarov isə yenilənmiş variantdan danışarkən bildirir ki, bütün hallarda rəsmi Bakı problemin həllində ərazi bütövlüyü prinsipini əsas götürür.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, əgər sənəddə Dağlıq Qarabağın statusunun referendum yolu ilə həlli nəzərdə tutulursa, bu, artıq Azərbaycan üçün təhlükəlidir. Onun bildiyinə görə, sənədin əvvəlki və indiki variantında bu məsələ qalmaqdadır:

«OLA BİLSİN Kİ, GÖRÜNTÜ XATİRİNƏ ERMƏNİSTAN MƏSƏLƏNİ BİR QƏDƏR LƏNGİDİR»

«Ermənistanın müzakirəni ləngitməsi Azərbaycan cəmiyyətinə hesablanmış diplomatik oyun da ola bilər. Yəni sanki Ermənistan bu variantdan narazı olduğu üçün düşünür.
Elxan Şahinoğlu
Və Azərbaycan cəmiyyətində belə bir fikir yaransın ki, əgər Ermənistan belə çox düşünürsə, deməli, yenilənmiş variant bizim xeyrimizədir. Ola bilsin ki, görüntü xatirinə Ermənistan məsələni bir qədər ləngidir».

Son durum ondan ibarətdir ki, vasitəçilər prosesi sürətləndirməyə, tərəfləri ortaq məxrəcə gətirməyə çalışırlar. Tərəflər arasında təmaslar artıb və həll planının böyük bir hissəsi razılaşdırılıb. Amma bu cür hallara əvvəllər də təsadüf edilirdi və sonda yenə də hər şey yenidən başlanırdı.

Elxan Şahinoğlu düşünür ki, Fransa prezidenti Nikola Sarkozinin yenilənmiş variantı dəstəkləməsini bəyan etməsi də sənədin Azərbaycanın xeyrinə olduğuna şübhə yaradır. Çünki münaqişə başlayandan indiyədək Parislə Yerevanın fikirləri daim üst-üstə düşüb. Ancaq bundan daha vacib bir məqam da var. Məsələ ondadır ki, Ermənistan qərar verməkdə müstəqil deyil. Onun strateji müttəfiqi Rusiya isə hələ ki, Madrid prinsiplərinin son variantına «hə» deməyib.

Sonda onu deyim ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təxminən bir il əvvəlki müsahibələrinin birində demişdi ki, sülh danışıqlarında razılaşdırılmamış bircə məsələ qalsa, deməli, hələ heç nə razılaşdırılmayıb. Hazırda isə o, Ermənistanın hələ bir neçə məsələ üzərində düşündüyünü bildirir.
XS
SM
MD
LG