Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:07

Azərbaycan həbsxanalarında şərait ağır və təhlükəli olaraq qalır...


Müşfiq Hüseynov
«Bizdə saxlanma şəraiti normal idi. Havalar soyuyanda elektrik sobalarından istifadə olunurdu. Ancaq bu şəraiti hökumət yox, məhbuslar özləri yaratmışdılar. Pul yığıb təmir işləri aparmışdılar».

Üç ay əvvəl azadlığa çıxmış jurnalist Müşfiq Hüseynov saxlandığı Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinin saxlanma şəraitini belə təsvir edir. Deyir ki, onun müalicə olunduğu müəssisəyə müxtəlif cəzaçəkmə yerlərindən məhbuslar müalicəyə gəldiyindən onların saxlandığı həbsxanaların vəziyyəti haqqında məlumatlı olub:

«QƏNİMƏT ZAHİD ŞƏXSİ VƏSAİTİ HESABINA O SOBAYA NEFT ALIB TÖKÜRMÜŞ»

«Çoxlu məhbuslarla söhbət eləyirdim. Məsələn, məhbuslar deyirdilər ki, Qənimət Zahidin saxlandığı cəzaçəkmə yerində (17 saylı müəssisədən söhbət gedir) böyük bir «barak»dır, yataqxanaya «barak» deyirlər, 120 nəfər saxlanılır. Buranı qızdırmaq heç cürə mümkün deyil. Bir neft sobası varmış. Qənimət Zahid şəxsi vəsaiti hesabına o sobaya neft alıb tökürmüş. Ancaq yenə də içərini qızdırmaq mümkün olmur və Qənimət Zahid revmatizm xəstəliyindən əziyyət çəkir, üstəlik, vərəm xəstələri ilə ünsiyyətdə olur».

ABŞ Dövlət Departamentinin 2009-cu il Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatında bildirilir ki, ölkə həbsxanalarında vəziyyətin mütəmadi yaxşılaşdırılmasına baxmayaraq, şərait yenə ağır və təhlükəli olaraq qalır. Cəzaçəkmə yerlərində məhbuslar çoxdur. Lazımi qidalanmanın, istilik və ventilyasiya sisteminin və yaxşı tibbi şəraitin olmaması infeksion xəstəliklərin yaranmasına səbəb olur.

Hesabatda deyilir ki, vərəm, həbsxanalarda ölümə səbəb olan əsas xəstəliklərdəndir. Məhbuslar hepatitlərdən, infarktdan da əziyyət çəkir.
«Novruzəli Məmmədov saxlanma şəraitinə görə öldü»
Keçən ilin avqustunda vəfat etmiş Novruzəli Məmmədovun da lazımi tibbi yardım göstərilmədiyindən öldüyü bildirilir.

Vətənə xəyanət ittihamı ilə 10 il cəza almış «Tolişi sədo» qəzetinin redaktoru Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov deyir ki, dəfələrlə cəzaçəkmə yerinin rəhbərliyinə müraciət etsələr də, Novruzəli Məmmədovu xəstəxanaya yerləşdirməyiblər. Müraciətlərindən 4 ay sonra onu ağır vəziyyətdə xəstəxanaya çatdıranda isə artıq gec olub. Vəkil deyir ki, məhkəmədən sonra dərhal saxlandığı cəzaçəkmə yerinin təcridxanasına salınması isə onun xəstəliyini şiddətləndirib:

«NƏM, RÜTUBƏTLİ, İŞIQ DÜŞMƏYƏN YERDƏ BİR HƏFTƏ SAXLANMASI ONUN ÖLÜMÜNÜ SÜRƏTLƏNDİRDİ»

«O, soyuq yanvar ayında şüşələri olmayan cərimə təcridxanasına salındı. Nəm, rütubətli, işıq düşməyən yerdə bir həftə saxlanması onun ölümünü sürətləndirdi».

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, cəzaçəkmə yerlərindəki məhbus ölümləri oradakı vəziyyətin aydın göstəricisidir:

«Novruzəli Məmmədov saxlanma şəraitinə görə öldü, ondan əvvəl Faina Kunqurova aclıq aksiyası keçirəndən sonra öldü. Onun 34 yaşı vardı. Heç kim onun aclıq keçirməsi, vəziyyəti ilə maraqlanmadı.
Leyla Yunus
Budur həbsxanalarda saxlanma şəraitinin vəziyyəti».

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovsa hesabatda deyilənlərlə razılaşmır. Deyir ki, yerli və beynəlxalq hüquq müdafiəçiləri cəzaçəkmə yerlərinin şəraitini qənaətbəxş sayırlar:

«DÖVLƏT DEPARTAMENTİ BİLMİRƏM MƏLUMATI HARADAN ALIR»

«Hər dəfə keçirdikləri monitorinqin nəticəsi olaraq deyirlər ki, ildən-ilə saxlanma şəraiti, səhiyyə xidmətinin səviyyəsi yüksəlir, böyük uğurlar qeyd edilir. Dövlət Departamenti bilmirəm məlumatı haradan alır, ancaq beynəlxalq təşkilatlar vəziyyətin qənaətbəxş olduğunu deyirlər».

Ədliyyə Nazirliyinin məlumatına görə, keçən il həbsxanalarda vərəmdən 18 məhbus ölüb, 2008-ci ildə isə bu rəqəm 52 olub. Ümumilikdə isə keçən il ölən məhbusların sayı haqqında məlumat verilmir.
XS
SM
MD
LG