Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:52

Novruz adətləri – fərqli fikirlər


Bəzi məlumatsız adamlar tonqal mərasimini, papaqatdını, kosa-keçəl personajını yanlış şərh edirlər

Səməni, tonqal mərasimi, papaqatdı Novruz bayramının atributlarıdır. Bu adətlərin tarixi, etnoqrafiyası və əhəmiyyəti bu gün də mübahisə mövzusu olaraq qalır. Bu barədə bir neçə alimin fikirlərini öyrəndik.

Filoloq, Bakı Dövlət Universitetinin dosenti Nizami Xəlilov deyir ki, Novruz bayramının tarixi eramızdan əvvələ dayanır:

«Bu bayramın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Novruz bayramının tarixi çox qədimdir, hətta eramızdan əvvələ gedib çıxır. Bu bayramın atəşpərəstliklə müəyyən oxşarlığı olsa da, bu, bir deyil. Novruz bayramında odun üstündən atılıb, «ağırlığım-uğurluğum odlara» deyir, amma atəşpərəstlikdə od müqəddəs hesab olunur və atəşpərəstlər odun qarşısında təzim edib ona sitayiş edirlər».

«PAPAQATDI MƏRASİMİ İNSANLARIN SAVADSIZLIĞI İLƏ BAĞLI İDİ»

N.Xəlilov hesab edir ki, papaqatdı mərasimi insanların savadsızlığı ilə bağlı idi:

«Demək olmaz ki, yalnız aşağı təbəqənin insanları papaq atırdı, xeyr. Bunu o dövrün camaatının savadsızlığı ilə əlaqələndirmək olar. Bu bayramları adətən aşağı təbəqənin insanları tam şəkildə, bütün ənənələri ilə qeyd edirlər. Elit təbəqə isə bu bayramı gedib qeyri-müsəlman ölkələrində qeyd edir və bunu böyük bir iş hesab edir. Amma əslində, Novruzun gözəlliyi bu bayramın adət-ənənələrindədir».

«NOVRUZ BAYRAMI ATƏŞPƏRƏSTLİYİN QALIĞIDIR»

BDU-nun professoru, filoloq Abdulla Abbasov deyir ki, Novruz bayramının tarixi atəşpərəstlik dönəminə dayanır:

«Bu bayram birbaşa atəşpərəstliklə bağlıdır. Tonqal mərasimindən əlavə Novruz bayramında məşəllər də yandırırdılar. Bəzi bölgələrdə bu adət hələ də qalıb. Bundan əlavə, axır çərşənbə və bayram axşamında şam yandırırlar, bu da atəşpərəstliyin əlamətlərindəndir. Bu adətlərdən də göründüyü kimi, bu adətlər atəşpərəstliyin qalığıdır».

«PAPAQ ATMAQ ÇOBAN-ÇOLUQ İŞİ OLUB»

Professor A.Abbasov papaqatdı mərasimini Novruz bayramının mənasız adəti hesab edir:

«Qədim zamanlarda rəiyyət bəy qapısına papaq atardı, bacasından qurşaq sallayardı. Çünki onlar aşağı təbəqənin insanları idi, kasıb idi, bayram keçirməyə heç bir şeyi yox idi. Zaman keçdikcə bu adət halını aldı. İndi Novruz bayramında hamı papaq atır. Papaq atmaq çoban-çoluq işi olub. Bu, mənasız adətdir».

«Bu bayramın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur»

NOVRUZ ADƏTLƏRİ HAQDA FOLKLOR RƏYİ

Bakı Dövlət Universitetinin folklor kafedrasının müdiri, professor Azad Nəbiyev bir folklorşünas kimi məsələyə aydınlıq gətirərək son nöqtəni qoydu. Onun fikrincə, Novruz bayramının tarixi atəşpərəstlikdən daha qədimə dayanır:

«Novruz və Novruzla bağlı şənliklərin keçirilməsi atəşpərəstlikdən əvvəlki təsəvvürlərə aiddir. Zərdüştilik yarandıqdan sonra çalışdı ki, bu ərazidə yaşayan etnosların düşüncəsindən bu atəşə-oda sitayişi çıxarıb zərdüşt görüşlər ilə bağlasın. Bu mümkün olmayanda, Zərdüşt bu adətlərə atəşpərəstlik rəngi verdi. Sonra gələn dinlər də çalışıb ki, Novruzu özününkiləşdirsin. İslamda da bu hal baş verib. Novruz bayramı günü xəlifəni taxta çıxarıblar ki, bunu İslamın adı ilə bağlasınlar».

«QARA BAYRAM, YALANÇI ÇƏRŞƏNBƏ NOVRUZ ADƏTLƏRİ DEYİL»

Folklorşünas A.Nəbiyev deyir ki, son zamanlar Novruz adətlərini yanlış şərh edirlər:

«Son vaxtlarda Novruzun rituallarına, adət-ənənələrinə bir qədər neqativ münasibətlər özünü göstərir. Yəni, bəzi məlumatsız adamlar tonqal mərasimini, papaqatdını, kosa-keçəl personajını yanlış şərh edirlər. Bundan əlavə «qara bayram» və «yalançı çərşənbə» adətləri var ki, bunlar da sonradan yaranıb və adət halını alıb. Amma Novruz bayramdır və xalq heç vaxt yas mərasimini bayram etməyib».

«PAPAQ ATMAQ NAMUSSUZLUQ DEYİL»

BDU-nun professoru A.Nəbiyev hesab edir ki, Novruz bayramında adətən insanlar iki halda papaq atır – uşaqlar bayram payı almaq üçün, imkansızlar da bayramı yaxşı keçirmələri üçün:

«Mənbələrdən də məlum olduğu kimi, bu, bütün xalqın bayramda fəal iştirak etməsini təmin etmək üçün həyata keçirilir. O adamlar ki, bayramı yaxşı keçirmək, bayram şirniyyatından istifadə etmək imkanlarından məhrum idi, onlar bu bayramda qapıya papaq atır, bacadan torba sallayırdılar. Amma bunu neqativ mülahizələrlə bağlamağın heç bir tarixi və elmi əsası yoxdur. Yəni, papaq atmaq namussuzluq deyil».
XS
SM
MD
LG