Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Ucqar kəndlərdə müəllim problemi


Əlibəyli kəndi
Əlibəyli kəndi
- Biz də istəyərdik ki, ingilis dilini bilək, amma məktəbimizdə o şərait yoxdur, ingilis dili müəllimlərimiz yoxdur. Heç kompyuterimiz də yoxdur.

Tovuz rayonunun Əlibəyli kəndindəki orta məktəblərin birində oxuyan Mahir ingilis dilində danışanlara həsədlə baxsa da, özü öyrənə bilmir. Çünki məktəblərində bu dili tədris edən müəllim yoxdur.

Azərbaycanın qərb bölgəsinin ucqar kəndlərinin çoxunda müəllim çatışmazlığı var. Bu sahədə birinci yeri xarici dil müəllimləri tutur.

Hər il ölkənin ali məktəblərini yüzlərlə pedaqoq bitirsə də, gənc müəllimlər ucqar kəndlərdə deyil, şəhər məktəblərində işləməyə üstünlük verirlər.

ORA GETMƏK MÜMKÜN DEYİL

Sevinc Məmmədova 2 ildir ki, universiteti bitirib müəllim işləmək istəyir:

- Gəncə məktəblərində demək olar ki, yer yoxdur. Tələbat yoxdur, müəllim çoxdur. Ucqar kəndlərdə isə tələbat var, amma ora getmək mümkün deyil. Mən və mənim kimi bir çox yoldaşlarım düşünürük ki, orda inkişaf yoxdur. Düzdür, orda əməkhaqqı yaxşıdır, amma yaşayış yerləri pisdir.

UCQAR KƏNDLƏRƏ GETMƏK İSTƏMİRLƏR

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov da deyir ki, Gəncədə heç bir fənn üzrə kadrla bağlı problem yoxdur, ancaq iş üçün müraciət edən müəllimləri ucqar kəndlərə göndərə bilmirlər:

- Gəncə şəhərində bütün ixtisaslar üzrə müəllimlər artıqlamasıyladır. Neçəsi bizdən əlaqə telefonlarını götürüb gedib Daşkəsənə, Xanların ucqar kəndlərinə. Amma yaşayış yeri,
Problemi aradan qaldırmaq üçün 5 il bundan əvvəl dövlət proqramı hazırlanıb icra edilsə də, nəticəsi olmayıb
ev-eşik yoxdur deyə ona görə getmək istəmirlər. Rayon məktəbindən uzaqda olanlara torpaq verilir, imtiyazları olur. Əsas ingilis dili və tarix fənləri üzrə rayonlarda çatışmazlıq var.

İŞƏ CƏLB OLUNANLAR DA OLUB

Samux rayon Təhsil Şöbəsinin direktoru Hidayət Əhmədov da deyir ki, bəzi ucqar kəndlərdə bu problem var, amma işə cəlb olunanlar da olub:

- Bir-iki məktəbimizdə kadrlar çatmır, birində ədəbiyyat, birində cəbr müəllimi. Mənim hesablamama görə, 11 nəfər müəllim tələb olunur. Onu da yazıb strateji təhlil və planlaşdırmaya göndərəcəyik.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də deyir ki, ucqar kəndlərdəki müəllim çatışmazlığı problemi təhsilin keyfiyyətinə təsir edən amil olaraq qalır.

M.Mürşüdlü deyir ki, bu problemi aradan qaldırmaq üçün 5 il bundan əvvəl dövlət proqramı hazırlanıb icra edilsə də, nəticəsi olmayıb:

DÖVLƏT PROQRAMININ NƏTİCƏSİ OLMAYIB

- Həmin proqrama əsasən gənc müəllimlər müəyyən güzəştlərlə, imtiyazlarla o rayonlara göndərilirdi. İndi həmin proqram başa çatmaq üzrədir, amma bütün bunlara baxmayaraq, ucqar kəndlərdə müəllim çatışmazlığı öz həllini tapa bilmədi. 7 minə yaxın müəllim çatışmırdı. 5 ildə 4 minə yaxını təyinatla göndərildi, lakin müəllimlər problemlərlə üzləşirdi, təsdiq olunmuş kompensasiyalar, yol xərcləri və sair ala bilmirdilər. Tarix, ingilis dili coğrafiya və sair fənləri üzrə müəllimlər çatışmır.

Məlahət Mürşüdlü deyir ki, hazırda Təhsil Nazirliyi ucqar kəndlərdə sayca az uşaqların təhsil aldığı məktəblərin birləşdirilməsi layihəsini həyata keçirmək istəyir. Bəlkə bu layihə problemi aradan qaldıra bildi.

Lakin o zamana kimi müəllim yolu gözləyən Mahir kimi şagirdlər məktəbi savadsız bitirməli olacaqlar.
XS
SM
MD
LG