Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:38

Sahibkar polisin ondan zorla üç min manat aldığını deyir



“POLİSDƏN ÇIXAN KİMİ VERİLƏN PULLARI TƏLƏB ETDİM”

Göyçay rayonun Şahsoltan kəndindən olan sahibkar Qüdrət Zülfüqarovun bildirdiyinə görə martın 6-da yol polisi onu yolda saxlayıb. Onu polis idarəsinə aparıblar. İdarədə isə onu polisə müqavimət ittihamıyla hədələyib üç min manat pul tələb ediblər.

Sahibkar deyir ki, o hər hansı qanunsuzluğa yol verməyib, sadəcə böyük bir heyvandarlıq təsərrüfatı var. Ona görə polisdə bəziləri hesab edir ki, buna görə ondan istədikləri məbləğdə pul almaq mümkündür.

Qüdrət Zülfüqarov deyir ki, yaxınları həmin pulu polisə verəndən sonra onu azad ediblər. Amma o da polisdən çıxan kimi verilən pulları geri qaytarmağı tələb edib. Bundan imtina edəndə isə hüquqlarının müdafiəsi üçün ictimai təşkilatlara üz tutub.

POLİS BELƏ İŞƏ GÖRƏ ÜÇ MİN İSTƏNMƏSİNƏ İNANA BİLMİR


Sahibkar Qüdrət Zülfüqarovun ittiham elədiyi Göyçay rayon Yol Polisi İdarəsində İnzibati Tədbirlər üzrə baş inspektor Bəxtiyar Həşimov deyilənlərin həqiqət olmadığını bildirir. Baş inspektora görə, sahibkardan hansısa xırda məsələyə görə, üç min manata qədər rüşvət alınması inandırıcı deyil, “insan ölümü ilə bağlı hadisələrdə bu qədər pul təklif edilir”:

- Onun maşınının şüşələri qara plyonkalı olub və bu barədə ona dəfələrlə xəbərdarlıq edilib, amma o bu xəbərdarlıqlara heç vaxt əhəmiyyət verməyib.

VƏKİL RÜŞVƏTİN SƏNƏDLƏRİNİ TOPLADIĞINI BİLDİRİR

Sahibkarın Hüquqlarının müdafiəsinə başlayan "Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərov deyir ki, rüşvət alınması və bu pulun kimlərdən yığılmasıyla bağlı bütün məlumatları artıq toplayıb.

Sahibkarın azad olunması üçün istənilən pulu polis idarəsinə apardığını idda edən, Qüdrət Zülfüqarovun yaxın qohumu Mahir Əliyev deyir ki, o müstəntiq Rüfət İbayevə iş otağında gecə vaxtı üç min dollar, səhəri gün isə 600 manat pul verib.

MÜSTƏNTİQ NƏ PULU, NƏ BU ADAMLARI GÖRMƏDİYİNİ DEYİR


Amma rayon polis şöbəsinin müstəntiqi Rüfət İbayev baş verən hadisələrdən xəbərsiz olduğunu və adı çəkilən adamları ümumiyyətlə tanımadığını deyir.

“Mən həmin adamı tanımıram, bəlkə onlar məni kiminləsə səhv salırlar”

Mahir Əliyevdən aldığımız məlumata görə, AzadlıqRadiosundan müstəntiqə edilən edilən zəngdən sonra – martın 30-da günün ikinci yarısında müstəntiq ondan bir neçə dəqiqəliyə polis şöbəsinə gəlməsini xahiş edib. Mahir Əliyev deyir ki, vəkilsiz şöbəyə getməkdən imtina edib.

“Mənə dedi ki, gəlin şöbəyə sizinlə işim var, mən də bildirdim ki, işdəyəm, həm də vəkilsiz şöbəyə gələ bilmərəm”.

BİRİNCİ DEYİLMİŞ...

Hüquq müdafiəçisi Vidadi İsgəndərov bildirir ki, Göyçayda sahibkarlardan rüşvət tələb edilməsi, onlara polisə müqavimət ittihamı ilə cinayət işi açılacağı ilə bağlı hədələr bundan əvvəl də olub. Onun sözlərinə görə, ötən il Göyçaydakı motelin sahibi Çingiz Mayılovdan da eyni hədələrlə pul tələb edilib. Amma məsələ ictimailəşdiriləndən sonra polis sahibkardan əl çəkib.

“Bu yaxınlarda da rayon polisində bir sahibkardan 10 min manat alıblar. Mən ona təkrar-təkrar müraciət elədim ki, bu məsələni ictimailəşdirək, buna razı olmadı”

Hüquq müdafiəçisinə görə, sahibkarlar açıq şəkildə məsələni ictimailəşdirməkdən qorxduqlarını etiraf edirlər və hesab edirlər ki, sonradan özləri və yaxınlarına müxtəlif problemlərlə üzləşə bilər.

Bu barədə radioverilişi burada dinləyin.
XS
SM
MD
LG