Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:01

İşsiz-peşəsiz peşə məktəbləri...


Geniş həyəti, iki korpusu olan bir ərazidə yerləşən Bakı 14 saylı peşə məktəbində səssizlikdir
Geniş həyəti, iki korpusu olan bir ərazidə yerləşən Bakı 14 saylı peşə məktəbində səssizlikdir
PEŞƏ MƏKTƏBİNDƏ ŞƏYİRDLİK DƏ OLAR

Geniş həyəti, iki korpusu olan bir ərazidə yerləşən Bakı 14 saylı peşə məktəbində səssizlikdir. Həyətdə bir neçə avtomobil var, bir oğlan həvəslə maşın yuyur. Dərsin bitdiyini bildirən zəngin çalınmasıyla çölə çıxan beş-on oğlan-qızın hay-küyü bu sakitçiliyi pozsa da, az keçmir, məktəbin həyətinə yenidən sükut çökür.

Məktəb rəhbərliyini soraqlayıb emalatxana binasına gedib çıxıram. Otaqların birində qızlar paltar tikirdilər. Dərs vaxtı bitsə də, onlar işləyirdilər. Bir-iki otaq o yanda isə adamı dəri iyi vururdu. Yaxınlaşanda iri otaqda onlarla cüt ayaqqabının taxçalara düzüldüyünü gördüm. Bir neçə usta işlə məşğul idi:

- Bura iş yeridir, yoxsa məktəb?

- İş yeri.

Ustalardan birindən soruşduq ki, şəyird götürürlərmi?

- Götürürük.

- Bir sənəd də verəcəksizmi?

- Sənəd istəyirsə, məktəbə girməlidir.

- Neçə aya öyrədəcəksiz?

- O baxır uşağın qabiliyyətinə, öyrənməsinə.

Direktor müavininin otağında onu gözlədiyimiz vaxt isə müəllimələrdən birinin əlindəki telefon nömrələri olan bir kitabçayla telefona yaxınlaşdığını və bir-bir kimlərəsə zəng elədiyini gördük. O, Elşən adlı bir adamdan hansısa sənəd istəyirdi:

- Sənədlər yerində olmalıdır. Onu gətirməsən, neyləsən də, diplom ala bilməyəssən.

O biri nömrələr cavab vermədi, məni otağa dəvət qadın isə görünür, nədənsə şübhələnib müəlliməni bir bəhanəylə çölə çıxardı.

Mən peşə məktəbində olanda dərs vaxtı qurtarırdı, binadan çölə çıxan uşaqların sayı isə heç də burda 400-dən çox şagirdin təhsil almasından xəbər vermirdi.

Bizimlə söhbət edən şagirdlər də dedilər ki, qrup yoldaşlarının bəziləri dərsə gəlmirlər:

- Elə uşaqlar var ki, adlarını yazdırıblar, amma dərsə gəlmirlər.

Bakıdakı 1 nömrəli texniki-peşə məktəbinin mühasibatlıq kursunda oxuyan, adını şərti Səlimə İsmayılova göstərdiyimiz tələbənin də sözlərinə görə, onların sinifində olan 15 şagirddən 6-7-si mütəmadi dərsə gəlmir:

- O sinif yoldaşlarımız ali məktəbə hazırlaşırlar. Orta məktəbdən də ona görə çıxıb bura giriblər ki, repetitor yanına rahat getsinlər.

ŞAGİRDLƏR EMALATXANANI TƏMİR ETMƏK İSTƏYİRLƏR

14 saylı peşə məktəbinin şagirdlərindən isə kimisini atası göndərib, kimisi orta məktəbdə diplom almaq çətinləşdiyi üçün bura üz tutub. Peşə öyrənib iş tapacağına ümid edən də var:

- Məni atam göndərib. «Kubinka»dan bura gəlirəm.

«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyev
- Mən dərzilik öyrənirəm.

- Emalatxananız necədir?

- Belə də… Biz oranı təmir eləmək istəyirik.

- Neçədən yığacaqsız?

- Hələ bilmirik. Amma rəngləmək istəyirik.

14 saylı peşə məktəbi iki korpusdan ibarətdir, birində sinif otaqları, o birisində emalatxana yerləşir. Emalatxana yerləşən binaya girəndə uçuq-sökük, üfunət iyi verən ayaqyolunun qoxusundan tez can qurtarmağa çalışıb yuxarı qalxıram. Elə ötəri gördüyüm emalatxanaların da deyəsən, ciddi təmirə ehtiyacı var…

***

Azərbaycanda dövlət büdcəsindən peşə təhsilinə milyonlarla manat ayrılır. Bu sahənin inkişafı üçün yüz minlərlə manat büdcəsi olan Dövlət Proqramı işə salınıb. Son illərdə xarici donorlar bu sektora milyonlarla dollar vəsait xərcləyir. Xərclənən milyonlar özünü doğruldurmu? Gənclər peşə öyrənmək üçün bu təhsil növünü seçirlərmi?

Bu suallara Açıq Cəmiyyət İnstitutu –Yardım Fondunun (Soros) dəstəyilə apardığımız apaşdırmada cavab tapmağa çalışmışıq.

«OXUMAQ İSTƏMİRƏM, ƏL ÇƏKİN!»

Sovet dövrüylə müqayisədə (o vaxt yuxarı sinifləri oxumayanlar üçün peşə təhsili məcburi idi) peşə məktəbinə üz tutanların sayı azalıb. Məsələn, 2007-ci ildə doqquzuncu sinifi bitirib məktəbdən ayrılan şagirdlərin 64 minindən yalnız 4 mini peşə məktəbinə üz tutub. Yerdə qalanların təhsil taleyi naməlumdur.

Ötən il attestat ala bilməyən və ali məktəbə qəbul olmayan 70 mindən çox yeniyetmə üçün də peşə məktəbləri cəlbedici görünməyib. Hazırda ölkənin 100-dən çox peşə müəssisəsində 24 min şagird təhsil alır. Hər il isə bura 12 mindən yuxarı şagird qəbul olunur.

Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycanda təhsil alanların 1,44 faizi texniki peşə məktəblərinin payına düşür. Bu rəqəm Gürcüstanda 3,11 faizdir. Qazaxıstanda isə təhsil alanların təxminən 13 faizi texniki peşə yönümlü məktəbləri seçib.

«XXI Əsr» Təhsil Mərkəzinin sədri Etibar Əliyevin fikrincə, peşə təhsil müəssisəsinin verdiyi təhsil məzunun iş tapmasına zəmanət vermədiyi üçün yeniyetmələr bu təhsil növünə az meyl göstərirlər:

- Uşaqlar ayrı-ayrı ustaların yanında peşə öyrənməyə maraqlıdırlar, ona görə ki, ixtisası incəliklərinə qədər öyrənə bilirlər. İndi dəbdə olan bərbərlik, aşpazlıq sənətiylə məşğul olanların əksəriyyəti də fərdi öyrənənlərdir. Bəs onda dövlət bu peşə məktəblərinə niyə bu qədər vəsait xərcləyir?

HƏR YERDƏN QAZANMAQ İMKANI

Dövlət büdcəsindən texniki peşə təhsilinə ötən il 20 milyon manat ayrılıb. Son iki ildə isə bu sahəyə xarici mənbələrdən də 4 milyon manatdan çox vəsait daxil olub. Peşə məktəbləri ödənişli təhsildən 1 milyon manatdan çox vəsait toplayıblar.

Təhsil Nazirliyinin şöbə müdiri Natiq Məmmədov
Dövlət Proqramına isə 1 milyon 600 min vəsait ayrılıb. Bəzi texniki peşə məktəblərinin emalatxanaları həm də istehsal müəssisəsi kimi işləyir və vəsait əldə edir.

Təhsil Nazirliyinin şöbə müdiri Natiq Məmmədov deyir ki, əldə olunan bu vəsait sonradan məktəbin özünə qaytarılır ki, ehtiyaclara xərclənsin. Ancaq necə xərclənir, bunu bizə söyləyən olmadı.

Təhsil Nazirliyi öz hesabatında göstərir ki, ötən iki ildə 5 milyon manatdan çox vəsait Gəncədə və Bakıda, o cümlədən Ağdamda altı peşə müəssisəsinin təmirinə xərclənib.

Bir neçə peşə təhsil müəssisəsinin emalatxanası yenilənib, 8 adda dərslik çap olunub.

Tikintisi 2 milyon 500 min avroya başa gələn Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi işə salınıb.

Bu məlumatlar Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin hesabatındandır. Təəssüf ki, dəfələrlə cəhd göstərsək də, nazirlik rəsmiləri nə yazılı, nə də şifahi sorğularımızı cavablandırmadı ki, dövlət büdcəsi və Dövlət Proqramına ayrılan vəsaitin iqtisadi strukturu, yəni kommunal ödənişlərə, əməkhaqlarına, texniki avadanlığa, hər məktəbin təmirinə, bir sözlə, nəzərdə tutulan, tutulmayan işlərə nə qədər vəsait xərclənib…

Təhsil Nazirliyinin şöbə müdiri Natiq Məmmədov bircə onu dedi ki, dövlət büdcəsindən ayrılan vəsaitin 80 faizi əməkhaqqına gedir.

«BU, İSRAFÇILIQIR»

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev vəsaitin böyük hissəsinin binaların təmirinə yönəldilməsini düzgün saymır:

- 5 milyon manat az pul deyil. Bu vəsaiti yalnız təmirə xərcləmək israfçılıqdır. Halbuki, yeni texniki avadanlığa, dərsliklərin çapına daha çox ehtiyac var. 136 peşə üzrə 8 adda dərslik çox az göstəricidir.

Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin rəhbəri Namiq Məmmədov isə deyir ki, təmir olunmuş binalarda təhsil üçün şərait yaradılmasına ehtiyac olub. O ki qaldı dərsliklərin azlığına, şöbə müdiri deyir ki, mütəxəssis tapmaq elə də asan deyil:

- Sovet dövründə Azərbaycan dilində dərslik yox idi. Hamısı rus ədəbiyyatıydı. Bu kitabları bizim öz mütəxəssislərimiz yazıb.

200 ŞAGİRDƏ 3 KOMPYUTER


Peşə müəssisələrində bütün ixtisaslar üçün informasiya kommunikasiya texnologiyaları fənni salınıb. Amma demək olar ki,
Bakının 12 saylı peşə məktəbində cəmi 3 kompyuterləri var
peşə məktəblərinin kompyuter təchizatı elə vəziyyətdədir ki, bu fənnin tədrisi bəri başdan sual doğurur. Məsələn, Bakının 12 saylı peşə məktəbində bizə dedilər ki, cəmi 3 kompyuterləri var. Halbuki, bu məktəbdə 200-ə yaxın şagird təhsil alır.

Amma peşə müəssisələri müəllim qıtlığı çəkmir. Bir neçə məktəbdə müəllim sıxlığı olduğunu deyən Namiq Məmmədov ixtisarların aparılacığını söyləyir.

2009-2010-cu il üçün ölkənin iqtisadi rayonları üzrə texniki peşə müəssisələrində vəziyyət:

İqtisadi rayonlarDövlət büdcəsindən ayrılan vəsaitTPM-in sayıŞagird-müəllim nisbətiKompyuter-şagird nisbətiHər şagirdə düşən illik xərc
(manatla)
Abşeron2 101 38571:121:1401131
Gəncə-Qazax3 890 433151:91:3281019
Şəki-Zaqatala1 613 21091:91:221161
Lənkəran1 286 68661:111:2521069
Quba-Xaçmaz1 394 46761:111:411280
Aran4 538 829171:111:3171131
Yuxarı Qarabağ1 171 51261:41:1091959
Dağlıq Şirvan379 86921:61:393982
Kəlbəcər-Laçın294 89721:111:2521260
Bakı9 710 931351:131:371097

«ÇÖLƏ ATILMIŞ PUL»


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev texniki peşə təhsilinə ayrılan vəsaiti heç də az saymır:

- Kim deyirsə ki, bu sahəyə ayrılan vəsait azdır, onunla razılaşmamağa kifayət qədər əsaslarım var. Əksinə, bu pul çoxdur, sadəcə səmərəsiz xərclənir. Mən bunu çölə atılmış pul saya bilərəm. Bu vəsait orta məktəb şagirdinə düşən vəsaitdən iki dəfə çoxdur. Burda məbləğin azlığı və ya çoxluğu məsələsi yox, səmərəlilik məsələsi müzakirə tələb edir. Birincisi, Azərbaycanda işləyənlərin peşə və ixtisasları üzrə statistika aparılmır. Belə statistika aparılsaydı, hər il texniki peşə üzrə ixtisaslı məzunların iş tapma dinamikasının necə dəyişdiyini görmək olardı.

25 İLİN QAYNAQÇISI «QUL BAZARI»NDA İŞ GÖZLƏYIR

Hava küləklidir, soyuq hər yandan adama şığıyır. Onlarsa körpünün altına sığınıblar. Ulduz Həsənovla da burda tanış oluram. 25 ilin qaynaqçısıdır, bu ixtisası texniki-peşə məktəbində öyrənib, hətta uzun müddət oxuduğu peşə məktəbində öyrəndiklərini başqalarına da öyrədib. Çörəyini peşəsindən çıxarsa da, nə daimi iş yeri var, nə də daimi gəliri.
25 ilin qaynaqçısı Ulduz Həsənov
Ötənləri xatırlayıb deyir ki, sovet dövründə texniki-peşə məktəbini bitirən məzun üçün iş yeri problemi yox idi:
- Sovet vaxtı məktəbi bitirəndə bilirdin ki, gedib zavodda-fabrikdə işləyəcəksən. Təminatın olacaq. Amma indi belə deyil.

HƏR BEŞ NƏFƏRDƏN BİRİNƏ İŞ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, ötən il onlara müraciət edənlərdən 30 mini işlə təmin olunub ki, onlardan da 4 faizi texniki peşə təhsillidir. Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşən 40 mindən çox adamın isə 13 faizi texniki peşə diplomunun sahibidir. Rəsmi statistikanın təhlilindən belə məlum olur ki, hər beş texniki peşə təhsilli məzundan birinin iş tapmaq şansı olur.

HƏR MÜƏLLİMİN PLANI

Araşdırma boyu fikirlərini öyrəndiyimiz istər yerli, istər xarici mütəxəssislər texniki-peşə təhsili sisteminin düzgün qurulmasında ən birinci şərt kimi əmək bazarını öyrənməyi və bu sahənin inkişafı üçün mütləq sahibkarlıq subyektləriylə əlaqəli işləməyi vacib sayırlar. Namiq Məmmədov da deyir ki, onlar qəbul planını hazırlayan zaman sahibkarlarla əlaqə saxlayıb ehtiyacları öyrənirlər. Hansı metodoloji əsaslarla?

Namiq Məmmədov deyir ki, adətən peşə məktəbləri özləri araşdırma aparırlar. Amma olduğum peşə məktəblərində direktorlar mənə əsaslı bir mexanizm təqdim edə bilmədilər.

Məsələn, Bakıdakı 12 saylı peşə məktəbinin direktor müavini Tərminə Yusifova dedi ki, əgər dörd müəllimləri varsa, deməli, bu il onlar hər müəllimin qrupuna 15 şagird qəbul etməlidirlər. Bazarın təlabatı var, ya yox, əsas odur, müəllimlərin dərs yükü qaydasında olsun.

ŞİRVANDA BAZAR VAR, KADR YOX

Azərbaycanda texniki-peşə məktəblərinin inkişafıyla bağlı aparılan alternativ layihənin rəhbəri Ann Castis deyir ki, 18 ay ərzində onlar pilot zonada – Dağlıq Şirvanda əmək bazarını, sahibkarların tələblərini öyrəniblər:

- Biz bu regionda turizm sektorunun ehtiyaclarını öyrənib müəyyənləşdirdik ki, onlara aşpaz, ofisinat, xadimə, referent, turizm bələdçisi lazımdır.

Dağlıq Şirvan iqtisadi rayonunda yerləşən iki peşə müəssisəsində öyrədilən ixtisaslar arasında isə əmək bazarının ehtiyac duyduğu bu peşələr yoxdur. Təhsil Nazirliyi İsmayıllıda yeni peşə məktəbi tikməyə hazırlaşır. Ekspert Rövşən Ağayev isə deyir ki, peşə müəssisəsi bazarın tələbinə çevik reaksya verməli, məsələyə «yaz gələr, yonca bitər» prinsipiylə yanaşmamalıdır.

EMALATXANA SOSİAL MÜDAFİƏ ROLUNDA

Bayaq dediyimiz kimi, bəzi peşə məktəbləri istehsalat prosesinə cəlb olunub əlavə pul da qazanırlar. 14 saylı peşə məktəbi də öz dərzilik və ayaqqabı sexlərindən geniş yararlanır. Bu məktəbdə ayaqqabı ustalığı ixtisası öyrədilməsə də, yəni, bu ixtisas üzrə son iki ildə şagird qəbulu aparılmasa da, sexin fəalliyyəti dayanmayıb. Dərzilik, ayaqqabı sexlərindən əldə olunan gəlirin məbləği barədə danışmaq istəməyən direktor Vidadi Quliyev bircə onu söylədi ki, bu emalatxana təkcə ustaların yox, hətta ümumfənn müəllimlərin ikinci iş yeridir:

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev
- Müəllim 120-150 manat maaş alır. Ona görə də onlar burda da çalışırlar. Bir növ sosial müdafiədir. Biz sahibkarlarla müqavilə bağlayırıq, onların sifarişləri üzrə məhsul hazırlayırıq. Əldə etdiyimiz vəsaiti məktəbin problemlərinə xərcləyirik. Şagirdlərimiz də təcrübə keçirlər.

«MƏKTƏB FORMASINI DA TİKMƏDİLƏR»

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, bu emalatxanalardakı texniki avadanlıq və texnologiya nə şagirdlərə təcrübə məkanı ola bilər, nə də bazarda diqqət çəkər:

- Hansısa peşə məktəbinin brendinə rast gəlmisizmi? Halbuki, peşə məktəbləri istehsalla məşğuldurlarsa, bu imici qazanmalıydılar. Bu, həm də orda oxuyan məzunun brendi ola bilərdi ki, sabah iş axtaranda köməyinə çatsın.

Azərbaycanın Təhsl naziri Misir Mərdanov 2008-ci ilin avqustunda texniki peşə təhsili işçilərinin konfransında bildirib ki, peşə məktəbləri adicə məktəb forması tikilməsi prosesinə qoşulmadılar, «bazarı təsadüfi adamların ixtiyarına buraxdılar».

TEXNİKİ İŞLƏRDƏ ALİ TƏHSİLLİ MƏZUNLAR

Bəs əmək bazarında texniki peşə təhsili müəssisəsini bitirən məzunların iş tapma çəkisi nə qədərdir?

Azərbaycanda ali məktəblərə test imtahanları orta məktəb şagirdlərinin bilik səviyyəsini qiymətləndirmək və orta təhsilin keyfiyyətini ölçmək üçün geniş imkanlar yaradır. Texniki peşə təhsilinin keyfiyyətini, orda öyrədilən biliklərin nə dərəcədə mənimsənilməsinin ölçü kriteriyası isə məzunların iş tapma tezliyini göstərən statistika ola bilərdi. Təəssuf ki, Azərbaycanda nə peşə məktəbləri, nə nazirlik, nə də Dövlət Statistika Komitəsi belə bir təhlili aparır. Dövlət Statistika Komitəsi sorğumuza cavabında işləyənlərin ümumi statistikasını göndərdi.

Peşə müəssisələrini bitirənlərin iş tapma səviyyəsini öyrənmək üçün bir neçə iri şirkətlə əlaqə saxladıq. «Azərsun» Holdinqin bölmə rəisi Afiq Səfərovun verdiyi məlumata görə, şirkətdə işləyənlərin 500-dən çoxu texniki yönümlü sahədə çalışır. Onlardan 90-nın texniki peşə diplomu var. Afiq Səfərovun məlumatına görə, il ərzində onlara 30-40 nəfər texniki peşə təhsilli məzun müraciət edir, amma heç biri işə uyğun gəlmir. Məsələn, ötən il şirkətin 60 nəfər çilingər, qaynaqçı, təmirçi və mexanikə ehtiyacı olub.

«HEÇ GƏRGİNLİYİ NECƏ ÖLÇMƏYİ DƏ BİLMİRLƏR»

Məişət texnikasının satışı ilə məşğul olan «Baku-elektroniks»in məhsullarına təmir xidməti göstərən firmanın hüquq və insan resursları departamentinin rəhbəri Bayram Səmədov deyir ki, onların 100-dən çox işçisindən təxminən 10 faizini texniki peşə məktəbinin məzunları təşkil edir:

- Bu işçilər peşə məktəbindən birbaşa gələnlərdi, yoxsa, iş stajı olanlar?

BP-nin işəgötürmə üzrə məsləhətçisi Nigar Əliyeva
- İş stajı, təcrübəsi olanlardır. Biz mütləq təcrubəsi olan işçini işə götürürük. Çünki o işçiyə bahalı avadanlığı təmir etmək kimi məsuliyyətli iş tapşırılır. Texniki-peşə məktəbini bitirib bizə müraciət edən elə məzun olub ki, gərginliyi necə ölçməyi belə bilməyib. Elə işçiyə təzədən əlifba öyrətməli deyilik ki…

NEFT AKADEMİYASININ MƏZUNLARI İXTİSASLI FƏHLƏLİYİ SEÇİRLƏR

bp-Azərbaycan şirkətinə işə girmək üçün isə uyğun diplom sahibi olmaq lazımdır. Şirkətin işəgötürmə üzrə məsləhətçisi Nigar Əliyeva deyir ki, ötən il onlara 120 nəfər hasilat, mexanika, nəzarət cihazları və elektrik sahəsi üzrə işçi lazım olub. Şirkət bu vakant yerlərə müsabiqə elan edib. Onlara 3500 nəfər ərizə verib:

- Aralarında təxminən 122 nəfəri texniki-peşə təhsilliydi. 3500 ərizəçidən bizə 1350-si uyğun gəldi. Onların arasında bəlkə bir-iki nəfər texniki-peşə təhsilli məzun var idi. İxtisası uyğun gələnlər birinci mərhələyə buraxıldılar.

bp-Azərbaycan şirkəti 120 texniki işçi tələbatını ali təhsilli məzunların hesabına ödəyib. Onların 55 faizi Dövlət Neft Akademiyasının tələbəsi olub. Halbuki, tələb olunan ixtisaslara texniki-peşə təhsili diplomu kifayət edərdi, əgər məzunlar peşə məktəbində keyfiyyətli tədris əldə etsəydilər…

Bu ixtisaslar üzrə hər il Bakının uyğun peşə məktəbləri onlarla məzuna diplom verir.

Ekspert Rövşən Ağayevin fikrincə, hökumət, Təhsil Nazirliyi bp-Azərbaycan kimi şirkətlərin ixtisaslı kadrları ali təhsillilər arasından tapmasına barmaqarası baxmamalıdır:

- Belə çıxır ki, ali məktəblər ixtisaslı fəhlələr istehsal edir…Bu, ciddi faktdır, düşünüləsi və hesab götürüləsi məsələdir. Hökumət ildə bir dəfə iri şirkətlərə sorğu göndərməlidir. Necə ki, ev təsərrüfatlarının büdcə müayinəsini aparır, eləcə də texniki peşə təhsilli məzunların sahibkarların tələbatını nə dərəcədə ödədiyini bilmək üçün təhsil müayinəsi aparmalıdır.

«BİZNES VƏRDİŞLƏRİ ÖYRƏDİLMİR»

Avropada peşə məktəblərini iqtisadiyyatın əsas gücü sayırlar. Ona görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün bütün imkanlardan yararlanırlar. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm ən yaxşı halda 8 faizdir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının keçmiş prezidenti Ələkbər Məmmədova görə isə, Azərbaycanda bu təhsilin səmərəli olması və yeniyetmələrin ona maraq göstərməsi üçün peşə məktəb və litseylərdə həm də öyrədilən ixtisas üzrə biznes qurmaq vərdişləri aşılanmalıdır:

- İnkişaf etmiş ölkələrdə peşə təhsilini seçənlər ixtisaslarına təkcə işəgirmə vasitəsi kimi baxmırlar. Onlar həm də yeni biznesə başlamaq üçün biznes təhsili əldə edirlər. Yəni, ixtisasla biznes təhsili birləşdirilir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının keçmiş prezidenti Ələkbər Məmmədov
Ələkbər Məmmədovun fikrincə, sahibkarlara sadə işçi qüvvəsi yox, iş prosesində ortaya çıxan problemləri həll etməyi, qərar verməyi bacaran, sosial məsuliyyəti anlayan işçi lazımdır:

- Ona görə də ali təhsilli məzunlara üstünlük verilir. Onlar pis-yaxşı sosial məsuliyyəti anlayırlar.

2 MİLYONDAN ÇOX İŞLƏYƏNİN PEŞƏ TƏHSİLİ YOXDUR

AzadlıqRadiosunun sorğusu əsasında Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, Azərbaycanda 4 milyon məşğul əhali var. Onların təhsil səviyyəsi üzrə bölgüsünü bu cədvəldə görmək olar.

Azərbaycanda 4 milyon işləyənin təhsil üzrə bölgüsü (min nəfərlə)

Təhsil səviyyəsi200720082009
Ali915.6874.2900.1
Orta ixtisas539.7580.9635.4
Peşə163.5213.1240.6
Orta ümumi təhsil2 257.02 285.82 127.6
Natamam orta təhsil138.3102.0167.9

Statistikadan da göründüyü kimi, peşə təhsilli məzunların iş tapması ali və orta ixtisas təhsilli məzunlara nisbətdə daha çətindir.

Halbuki, yaxşı təhsil görmüş texniki peşə təhsilli mütəxəssis əmək bazarında özünə daha tez iş tapmalıdır. Çünki onun təklifi biznes strukturlarına daha yaxındır. Bunu Avropa Birliyinin peşə təhsili üzrə mütəxəssisi Ann Castis deyir. Onun sözlərinə görə, Avropada keyfiyyətli tədrislə və təcrübəylə «silahlanan» qaynaqçı və ya çilingər öz peşəsində mühəndisdən daha keyfiyyətli kadr sayılır.

ÖZÜNÜTƏBLİĞ – MƏZUN İZLƏNMƏSİ

Rəhim Bakıda servis mərkəzlərinin birində mobil telefonları təmir edir. Peşə məktəbinə getsə də, oxuduğu ixtisas üzrə işləmir:

- Peşə litseyində oxumuşam elektriklik üzrə. Amma atam usta olduğu üçün mobil telefon təmirini də ondan öyrənmişəm.

Rəhim deyir ki, nə ondan işə girəndə diplom istəyiblər, nə də oxuduğu məktəb onun iş tapıb-tapmamasıyla maraqlanıb.

Ekspert Rövşən Ağayevə görə, hökumət beynəlxalq standartlara uyğun məzun izlənməsi statistikasını aparmalıdır ki, öz verdiyi təhsilin keyfiyyətini yoxlaya bilsin:

- Texniki peşə məktəblərin heç birinin belə bir statistikası yoxdur ki, bu il məktəbi bitirən məzunların neçəsi həmin il, neçəsi sonrakı il işlə təmin olunub. Beynəlxalq standartlara görə, 3 il məzun izlənməlidir, çünki qəbul olunmuş qaydaya görə, bu üç il işədüzəlmə üçün ən məhsuldar dövr sayılır. Yəni, hesab olunur ki, bu müddət ərzində peşə üzrə qazanılmış bilik, təcrübə məzunun yadında qalır.

Təhsil Nazirliyinin şöbə müdiri Natiq Məmmədov da deyir ki, onlar məzunların işə düzəlib-duzəlməməsini izləyirlər:

- Peşə müəssisələri hər il nazirliyə və Dövlət Statistika Komitəsinə verilən Forma-1 hesabatlarına əsasən məzunların işlə təminatına dair məlumat üzrə onların işlə təmini səviyyəsini müəyyənləşdirirlər.

Avropa Birliyinin peşə təhsili üzrə mütəxəssisi Ann Castis
Dövlət Statistika Komitəsindən isə AzadlıqRadiosuna deyirlər ki, hər bir məzunun təhsildən sonrakı dövrünü izləmək üçün böyük məbləğdə vəsait lazımdır. Onlar sadəcə, əhalinin siyahıya alınmasında respondentin öz ixtisası üzrə işləyib-işləmədiyini soruşurlar.

Öz ölkəsinin təcrübəsindən danışan peşə təhsili üzrə mütəxəssis Ann Castis isə söyləyir ki, ali təhsildən ötən əsrin axırlarından ayrılmasına baxmayaraq, hələ də ayrı-ayrı dövrlərdə oxuduğu təhsil ocaqlarından sorğular alır:

- Mən bu sorğulara cavab verməyə məcbur deyiləm. Amma əksəriyyət bu sorğulara könüllü cavab verir. Belə bir statistikanı həm hökumət, həm də təhsil ocaqları aparır. Məzunların bu cür izlənməsi yüksək statistik göstəriciləri olan məktəblərə özünütəbliğ imkanları yaradır.

«PEŞƏ MƏKTƏBİ - ALİ MƏKTƏBƏ QƏBULDA ÜSTÜNLÜK»


Ann Castisin vətəni Şotlandiyada yerli biznes strukturları peşə təhsiliylə sıx əlaqəli olur, hətta məktəblər tədris materiallarını, tədris planını onlarla birgə hazırlayır:

- Bir qrup mütəxəssis – onların arasında sahibkarlar da olur - hər bir hazırlanmış təhsil proqramının məzmunuyla tanış olur. Sonra təsdiq etməlidirlər ki, bu həqiqətən də biznesin tələblərinə uyğundur.

Ann Castisin sözlərinə görə, Şotlandiya peşə litseyləri şagird planını bazarın tələbatına uyğun özləri planlaşdırır, məzun izləməsi statistikasıyla öz təbliğatlarını qurur və öz aralarınla rəqabət aparırlar.

Qonşu Türkiyədə isə peşə təhsili alan məzunlar ixtisaslaşdıqları sahələr üzrə ali məktəblərə qəbul zamanı bir sıra üstünlüklərə sahib olurlar. Məsələn, universitetlərin texniki və ya mühəndislik fakültələrinə qəbul zamanı texniki məktəb məzunlarının qazandığı balların əmsalı humanitar təmayüllü litseylərdən gələn məzunların bal əmsalından yüksək olur.

Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Xalis Qoyunçuoğlu deyir ki, onun ölkəsində 8-ci sinif şagirdlərinin sonrakı təhsili müəllimlər, valideynlər və şagirdlərin özləriylə birgə müəyyənləşdirirlər.

- Peşə məktəblərini bitirən andan onlar Əmək Nazirliyində qeydiyyatdan keçirlər və sonra tələb olunan yerlər barədə məlumatlandırılır.

Bəzi Qərb ölkələrində texniki peşə müəssisəsi təhsilin keyfiyyətində aşağı nəticə göstərərsə, hökumət ona verdiyi maliyyəni azalda bilər.

«QİYMƏTLƏNDİRMƏNİ MÜSTƏQİL QURUMLARA TAPŞIRMALI»

Söhbət etdiyimiz ekspertlər deyirlər ki, problemlərin qabağında aciz qalıb onunla kor-koranə davranmaq olmaz. Məsələn, «XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, peşə məktəblərində təhsilin qiymətləndirilməsi üçün kriteriyalar hazırlanmalı, monitorinqlər isə müstəqil qurumlara tapşırılmalıdır.

QANUN OLACAQ

Millət vəkili Nazim Məmmədovun təklifinə görə, peşə məktəbləri arasında rəqabət yaratmaq üçün bəzilərini özəlləşdirməyə çıxarmaq lazımdır.

Milli Məclisin Elm və Təhsil Məsələləri Komitəsinin sədri Şəmsəddin Hacıyev payıza qədər texniki-peşə təhsili qanun layihəsinin hazırlanacağını vəd edir. Onun sözlərinə görə, müzakirələr başlayanda təkliflər də süzgəcdən keçiriləcək.

Dərsliklərin çapına daha çox ehtiyac var. 136 peşə üzrə 8 adda dərslik çox az göstəricidir
Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov da 2012-ci ilə qədər Dövlət Proqramındakı tədbirləri həyata keçirəcəklərinə və bunun nəticəsində peşə təhsilinin ictimai statusunun qalxacağına ümid edir.

NÜMUNƏLƏR VAR

Peşə təhsili üzrə ekspert Ann Castis isə deyir ki, onlar Dağlıq Şirvanda əmək bazarını öyrənəndən sonra ehtiyac olan hər bir ixtisas üzrə modullar, yəni müasir dərslik hazırlayıblar. Əmək bazarını xarici mütəxəssisin rəhbərliyilə azərbaycanlılar öyrənib. Xanım Castis hazırladıqları dərslikləri də əsas gətirib deyir ki, layihənin işlədiyi mexanizm və modullar azərbaycanlı həmkarları üçün nümunə ola bilər – yəni, yenidən velisoped icad etməyə ehtiyac yoxdur.

Söhbət etdiyim ekspertlərin fikrincə, son 20 il ərzində dağılan peşə təhsili sisteminə «təcili yardım» lazımdır, artıq onun «müayinə və müalicəsinə» zaman yoxdur. Onlar hesab edirlər ki, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait səmərəli xərclənməsə, ölkədə məktəblər şagirdsiz qalacaq.
XS
SM
MD
LG