Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Kilsə zənginin sədaları altında cümə namazı


Yerusəlimin «Köhnə Şəhər»i
Yerusəlimin «Köhnə Şəhər»i

Bu reportaj 2010-cu ildə hazırlanıb

... Çatma qaşlarını səhra günəşinin yandırdığı mis rəngli alnında bir az da düyünləyib, diqqətlə üzümə baxır. Ərəblərə məxsus ləhcə ilə ingilis dilində soruşur:

- Müsəlmansan?

- Bəli.

- Gəl, gəl sənə ucuz verəcəm.

Fadi Ömər də Qüdsün - Yerusəlimin «Köhnə Şəhər»indəki başqa müsəlman ərəblər kimi satdığı malın qiymətini deməmiş, müştərinin dinini xəbər alır - müsəlmansansa, güzəşt edəcək qiymətdə. (İslam dünyası bu şəhərə «Al-Qüds», yəhudilər «Yerusəlim» deyirlər. Şəhərin statusu danışıqlar predmetidir)
...Boynuna müsəlman ərəblərin çoxunun taxdığı «arafat» adlanan şərf dolayıb. Cürbəcür çeşnili, şərq üslublu sırğalar asdığı divarın qarşısında dayanıb danışır.

ƏRƏBLƏRLƏ YƏHUDİLƏR BİR YERDƏ NECƏ YAŞAYIRLAR?

Dediyinə görə, beş ildən çoxdur ki, Qüdsün «Qədim Şəhər» hissəsində ərəb üslublu zinət əşyaları satır. Altı uşaq atasıdır. 42 yaşı var.

Soruşuram ki, 60 ildən çoxdur ki, İsraillə - Fələstin arasında münaqişə davam edir, ərəblərlə yəhudilər bir yerdə Qüdsdə -Yerusəlimdə necə yaşayırlar?

«Onlar bizə insan kimi baxmırlar, heyvan kimi davranırlar. Biz şəhərin şərq hissəsində yaşayırıq, onlar isə əsasən qərb hissəsində. Daha çox iş yerində görüşürük. Adətən, sakitçilik olur, amma bir də gördün ki, bir dəstə gəldilər, başladılar bizim uşaqlarla savaşmağa».

İsa peyğəmbər burada zühur edib

Qüds - Yerusəlim 1967-ci ilə qədər Fələstin torpağı olub. 1967-ci ilin iyununda 17 günlük müharibədən sonra İsrail İordan çayının Qərb sahilindən daha 70 kv. km öz ərazisinə qatıb və fələstinlilərin yaşadığı Şərq hissə də İsrailin nəzarətinə keçib.

Yalnız Qəzza zolağına nəzarət edən - bir sıra beynəlxalq təşkilatların «terrorçu» kimi tanıdığı, bir çoxlarının isə «azadlıq mücahidi» hesab etdiyi «Həmas» qruplaşması indi Qüdsün –Yerusəlimin bütövlükdə Fələstinə qaytarılmasını – yəni, Fələstinin 1948-ci ilə qədər olan sərhədlərinin bərpa olunmasını, İsrail dövlətinin ləğv olunmasını tələb edirlər. İordan çayının Qərb sahilinə nəzarət edən «Fəth» partiyası isə 1967-ci il sərhədləri ilə kifayətlənir və hazırda ancaq Qüdsün-Yerusəlimin Şərq hissəsinin Fələstinə qaytarılmasını istəyir. Odur ki, BMT sənədlərində Qüdsün ancaq Şərq hissəsi mübahisəli sayılır.

İndi şəhərin qərb hissəsində əsasən yəhudilər, şərq hissəsində fələstinlilər yaşayırlar. Qüds –Yerusəlim üç dinin – yəhudu, xristian və islam dininin müqəddəs şəhərdir deyə, İsrail – Fələstin münaqişəsi ilə bağlı danışıqlarda Yerusəlimin –Qüdsün statusu məsələsi ən həssas məqam sayılır.

Həm İsrail, həm də Fələstin muxtariyyəti bu şəhəri özünə paytaxt hesab edir. Rəvayətə görə, islam peyğəmbərinin merac etdiyi ərazi, o cümlədən, «Məscidi-Aksa» Qüdsdədir («Köhnə Şəhər»də), xristianlar isə inanırlar ki, İsa peyğəmbər məhz Qüdsdə zühur edib. Yəhudilərin müqəddəs saydıqları «Göz yaşı» divarı bu şəhərdədir. Bir çox iddialara görə, yəhudilərin dini kitabı «Tövrat»da Yerusəlimin adı 600 dəfədən çox çəkilib.

«Göz yaşı» divarı

Bələdçimiz - İsraildə yerləşən «İr Amim» («Millətlər şəhəri») qeyri-hökumət təşkilatının üzvü Ehud Uziel danışır ki, Yerusəlimin –Qüdsün fələstinli sakinləri İsraildə qeydiyyat sənədi ilə yaşayır, onların vətəndaşlığı yoxdur. Bu sənədlə isə fələstinlilər yalnız bələdiyyə seçkilərində iştirak edə bilirlər, ölkə miqyaslı seçkilərdə yox. Yəhudilərdən fərqli olaraq onlar bir mərtəbədən hündür ev tikə bilməzlər.

QORXURUQ BİZ ONLARDAN

«Köhnə Şəhər»in o biri başında, şəhərin yəhudi hissəsində isə yəhudilər müsəlman məscidindən gələn «Allahu-əkbər» sədaları altında «Köhnə şəhər»də, müqəddəs saydıqları məşhur «Göz yaşı» divarının qarşısında ibadət edirlər. Başını sol tərəfə döndərsən, məscidin minarəsini görərsən. «Köhnə Şəhər» yəhudilərlə müsəlmanların – şərqlilərlə qərblilərin istəsələr də, istəməsələr də üz-üzə gəldikləri məkandır.

«Köhnə Şəhər»in Qərb hissəsinə - yəhudi məhəlləsinə daxil olmaq üçün qədim şəhərin ruhuna heç uyuşmayan, əli avtomatlı İsrail əsgərlərinin dayandığı xüsusi yoxlama məntəqəsindən – «rentgen»li yoxlama məntəqəsindən keçmək lazımdır.

Ucaboylu, başında şlyapası, şəvə saqqalı sinəsinə düşən, uzunsaçlı ravvin şübhəylə soruşur ki, bu müsahibə mənim nəyimə lazımdır. İzah edirəm. Sonra fələstinlilərlə bağlı hər hansı bir problemlərinin olub-olmadığını soruşuram.

Əli avtomatlı İsrail əsgərləri

O deyir:

«Qorxuruq biz onlardan. Hər an onlardan hər şey gözləmək olar. Mümkün qədər uzaq gəzməyə çalışırıq».

Həmsöhbətim özünü təqdim etmək istəmir...

DİNLƏRİN QOVUŞDUĞU, YOXSA AYRILDIĞI YER?

«Köhnə Şəhər»də Qüdsün – Yerusəlimin özəlliyini – dinlərin qovuşduğunu - bəlkə də necə ayrıldığını hər addımda görmək mümkündür. «Köhnə Şəhər»in dar, dolanbac küçələrində bu mənzərəylə tez-tez rastlaşa bilərsən - çadralı müsəlman qadını uzun ətəkli, şlyapalı ravvinə yol verir, sinəsindən uzun xaç asılmış rəngbərəng geyimli, dünyanın hər yerindən gəlmiş xristian zəvvarlar dini mahnılar oxuya-oxuya yəhudilərə məxsus suvenirlərin satıldığı piştaxtaların yanından etinasız ötüb, öz kilsələrinə tərəf gedirlər. Amma deyəsən, ticarətin qaydaları öz işini görüb. Bəzi dükanlarda hər üç dinə aid suvenirləri görmək mümkündür.

Görünür «Köhnə Şəhər»dəki bu müxtəliflikdəndir ki, burada mühafizəçilərin sayı İsrailin başqa şəhərlərinə (biz Sderot, Aşkelon və Təl-əviv-də olmuşduq) daha çox idi. Addımbaşı İsrail əsgərləri ilə rastlaşırdın.

«AZAD FƏLƏSTİN» ARZUSU

Qüdsdə -Yerusəlimdə yaşayan xristianların çoxu fələstinli ərəblərdir, müsəlman fələstinlilər danışırlar ki, onlarla əsasən problemləri olmur və xristianları da, müsəlmanları da «Azad Fələstin» arzusu birləşdirir.

«Məscidi –Aksa»

... Mühafizəçilər "Məscidi –Aksa»ya daxil olmaq istəyənlərin dinini xəbər alırlar. Qrupumuzdakı xristianları içəri buraxmadılar. Oradakılar danışırlar ki, belə ayrı-seçkilik əsasən cümə günləri-camaat namazına görədir, adi günlərdə qeyri-dindən olanlara içəri girməyə icazə verirlər.

Çadrada olmayan qadınların isə "müsəlmanam" deməsi azdır, onlar məscidə daxil olmaq üçün çadra geyinməlidirlər. İki addımlıqda çoxlu bər-bəzəkli çadralar satılır. Alırıq...

...Yüzlərlə müsəlman müqəddəs saydıqları «Məscidi-Aksa»da eyni zamanda səcdəyə gedirlər, namaz qılırlar. Xütbə səsi bir neçə metr aralıdakı kilsə zənginin sədalarına qarışıb...

XS
SM
MD
LG