Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:55

Amerikalı Şirvanda başını niyə yuya bilmir?


Suyun bulanıqlığı bir yana, onun bir gündən bir verilməsi də şəhər sakinləri üçün xeyli problemlər yaradır
Suyun bulanıqlığı bir yana, onun bir gündən bir verilməsi də şəhər sakinləri üçün xeyli problemlər yaradır
«Mən suyu krandan götürürəm, sonra onu durulmaq üçün başqa qaba tökürəm və 24 saat durulmağını gözləyirəm».

Günaşırı içməli suyla bağlı bu əzabı yaşayan amerikalı Deni Denney bir müddət əvvəl Amerikadan Şirvan şəhərinə gəlib. Cənab Denneyin evlərinə verilən suyu içməli hala salmaq üçün gördüyü iş bununla bitmir:

«Mən qabdakı suyu 24 saat çökdürürəm, iki dəfə çökdürülmüş suyu qaynadıram və sonra da su filtrinə tökürəm, süzüləndən sonra o sudan istifadə edirik».

«BƏZİ GÜNLƏR OLUR Kİ, ARVADIM HEÇ BAŞINI YUYA BİLMİR»

Deni Denney deyir ki, su çirkli olduğu üçün bəzən günlərlə çimə bilmir, dişlərini yuyanda isə üç mərhələdə durulub qaynadılmış sudan istifadə edir:

«Bəzi günlər olur ki, mənim arvadım heç başını yuya bilmir».

Deni Denneyin az müddətdə üzləşdiyi bu problemləri şirvanlılar çoxdan yaşayırlar.

21-Cİ ƏSRDİR, AVROPALILAR MARSDA AD GÜNÜ QEYD EDİR, BİZ BİR SUYU DURULDA BİLMİRİK

Şirvan sakinləri AzadlıqRadiosuna danışsalar da, adlarının çəkilməsini istəmədilər:

«Lazım olan təşkilatlar utansınlar, mən ona görə utanıram ki, belə çıxır ki, bu problemlə barışıram. 21-ci əsrdir, avropalılar Marsda ad günü qeyd edir, biz bir suyu durulda bilmirik. Bu qabdan o qaba, o qabdan bu qaba töküb su durulduruq, elə bil oyun oynayırıq, hələ bir üstəlik də qaynadırıq ki, birdən xəstəlik olar. Neçə illərdir belədir, evlərimiz su qabları ilə doludur. Suyun içərisində bəzən görürsən qırmızı qurda oxşayan canlılar olur».

Şirvan sakinlərindən birinin dediyinə görə, o bir neçə ay əvvəl Beyləqan rayonundan duru su gətiribmiş, az qala həmin suyun üstündə evlərində dava düşəcəkmiş.

Şirvandakı türk liseyinin şagirdləri bir ildir ki, yerli sudan içmir, məktəbə içməli su alınır:

«Biz türk liseyində oxuyuruq, məktəbimizə uzaqdan Şollar suyu gətirirlər ki, uşaqlar bulanıq su içib hansısa xəstəliklərə tutulmasınlar».

Suyun bulanıqlığı bir yana, onun bir gündən bir verilməsi də şəhər sakinləri üçün xeyli problemlər yaradır. Su idarəsindən isə müraciət edənlərə burda təəccüblü bir şey olmadığını deyirlər.

«GUYA BAKIDA SU FASİLƏLƏRLƏ VERİLMİR Kİ?»

«Mən bir dəfə Su İdarəsinə getdim, dedim heç olmasa bulanıq olan suyu hər gün verin. Hamamda çimdiyimiz vaxt su kəsilir, qalırıq sabunlu. Dedim bu problem niyə həll edilmir. Hətta məni borclu çıxardılar, dedilər bu problem Bakıda heç həll olunmayıb orda saatla su verilir, Şirvan kiçik şəhərdir, niyə bu problem sizə böyük görünür?».

Şirvan sakininin dediklərini Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov da bizə dedi. Onun sözlərinə görə, Şirvanda içməli su problemi ilə bağlı Prezident Adminstrasiyasından tutmuş İqtisadi İnkişaf Nazirliyinə qədər bütün aidiyyatı qurumlara dəfələrlə müraciət edilib.

İcra başçısının müavini deyir ki, axır ki, bu məsələ regionların sosial iqtisadi inkişafıyla bağlı Dövlət Proqramına salınıb və 2013-cü ilə qədər şəhərin içməli su probleminin həll olunacağı gözlənilir:

«Artıq su təmizləyici sistemin tikilməsi üçün maliyyə və digər bir sıra məsələlər həll edilib, Nazirlər Kabineti təsdiqləyib, qalır tikinti işlərinin bu yaxınlarda başlanması. Prezidentdən tutmuş bütün hamı bilir ki, Şirvanda su problemi var».

Elman Abbasov deyir ki, şəhərə su Kür çayından vurulsa da, müəyyən qədər təmizlənir. Amma o həmin suyun standartlara cavab verməməsinin reallıq olduğunu bildirir.

AMERİKADA SU NECƏ OLUR?

Suyun günaşırı verilməsinin səbəblərinə gəlincə, Elman Abbasov burda təəccüblü bir şey olmadığını deyir:

«Guya Bakıda su gündəlik verilir, elə orda da su bir gündən bir verilir».

İcra başçısının müavini deyir ki, vaxtilə 30 min əhali üçün nəzərdə tutulan qurğular indi 80 mindən çox əhalisi olan şəhəri gündəlik su ilə təmin etmək gücündə deyil və elə ona görə də həmin qurğular sıradan çıxmasın deyə şəhərə su fasilələrlə verilir.

İçməli su problemi təkcə Şirvanda deyil, Kür və Araz çayları boyunca yerləşən əksər yaşayış məntəqələrində var.

Şirvanda rastlaşdığım amerikalı Deni Denney mənə öz ölkəsində içdikləri sudan da danışdı:

«Bizdə su xüsusi olaraq testdən keçirilir, zərərli nə varsa, təmizlənir, sonra istifadəyə yararlı hesab edilir. Və biz sərbəst şəkildə birbaşa krandan suyu götürüb içirik. Azərbaycandakı kimi mağazadan su almırıq, bizdə su çox təmizdir».
XS
SM
MD
LG