Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:26

Məmməd Əmin Rəsulzadənin büstünü yerə kim basdırıb?


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarından biri Məmməd Əmin Rəsulzadənin Ağcabədi rayon icra hakimiyyəti binasının qarşısındakı büstü 9 ildən sonra yerin altından tapılıb.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli deyib. Onun sözlərinə görə, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə icra hakimiyyəti binasının qarşısına qoyulan büst 2000-ci ildə rayon icra hakimiyyəti başçısının göstərişi ilə götürülüb.

Rəşid Nəcəfli bildirib ki, o vaxt büstün təmirə götürüldüyünü desələr də, sonradan abidə yoxa çıxıb. 9 illik axtarışlardan sonra büst Müsavat Partiyasının rayon təşkilatının üzvləri tərəfindən ötən ilin yazında yerin altından tapılıb.

Rəşid Nəcəfli deyib ki, bu məsələni araşdırdığı üçün onu hədələyiblər. Təşkilat sədri bildirib ki, büstü yenidən təmir etdirib rayon təşkilatının binasının qarşısına qoymağa çalışacaqlar.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu hadisəni böyük bir biabırçılıq adlandırıb. O deyib ki, məsələ ilə bağlı partiya konkret addımlar atacaq. Bunu cinayət hadisəsi adlandıran İsa Qəmbər büstün yenidən əvvəlki yerinə quraşdırılmasına çalışacaqlarını bildirib.

Məmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu isə deyib ki, büstün yenidən əvvəlki yerinə qaytarılacağına inanmır. Bu hadisəni qeyri-adi fakt kimi qarşılamadığını deyən tədqiqatçı, belə situasiyaların yaxşı hal olmadığını bildirib.

Deputat Aqil Abbas isə Ağcabədi rayon icra hakimiyyətinin binasının qarşısında heç vaxt Məmməd Əmin Rəsulzadənin büstünün olmadığını deyib. O bildirib ki, yaxın günlərdə Ağcabədiyə səfər edib, məsələni araşdıracaq.

Aqil Abbas deyib ki, əgər bu həqiqət olsa, büstü qaytarıb yerinə qoymaq haqqında məsələ qaldırmaq olar.



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG