Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:48

Avropanı qənaət də xilas etməyəcək


Avropa Birliyinin iqtisadi komissarı Oli Rehn
Avropa Birliyinin iqtisadi komissarı Oli Rehn
Təkcə kəmərləri sıxıb, xərcləri kəsməklə böhrandan çıxmaq olmayacaq. Qənaət yoluyla dövlət borclarının azaldılması hədəfləri də gerçəkləşməyə bilər, çünki yaranan işsizlik və geriləmə əlavə yük yaradacaq.

Avropa Birliyinin iqtisadi komissarı Oli Rehn mayın 25-də Brüsseldə keçirilən forumda belə deyib. İqtisadi komissar Birlik ölkələrinin böhrandan doğrudan da çıxa bilmək üçün iqtisadi inkişafı stimullaşdıracaq, yeni iş yerləri yaradacaq tədbirlər görməsinin qaçılmaz olduğunu bildirib.

Oli Rehn Avropa Birliyi ölkələrində iqtisadi artım templərinin yaxın illərdə 1.5 faizdən yuxarı qalxa bilməyəcəyini, yaxın 5 ildə işsizliyin də indiki yüksək səviyyələrdə qalacağını proqnozlaşdırıb:

İQTİSADİ İSLAHATLARI UNUDURUQ

«Ən böyük risk ondadır ki, biz böhranın tədricən çəkilməsini görüb iqtisadi islahatları unuduruq. Amma struktur islahatlarının aparılmaması nəticəsində iqtisadiyyatımız çox geri qalacaq və tam bir onilliyi itirmiş olacağıq».

Forumda «iddialı struktur islahatları» keçirməklə iqtisadiyyatı yaxın 10 ildə 2 faizlik templərlə genişləndirmək, 10 milyon iş yeri yaratmaq və 2020-ci ilə işsizlik səviyyəsini 3 faizə salmağın mümkün olduğu fikirləri əsaslandırılıb.

Yunanıstanda taksi sürücüləri islahatlara qarşı tətil edirlər, 2 mart 2010
Oli Rehn çıxışında bu islahatların bütün birlik ölkələrində gerçəkləşdirilməsinin, ortaq bazarın heç bir maneə olmadan yaradılmasının və hər kəs üçün bərabər rəqabət şəraitinin yaradılmasının da vacib olduğunu iddia edib.

Məsələ ondadır ki, Avropa Birliyinin Almaniya və başqa inkişaf etmiş dövlətləri öz milli qanunvericiliklərində hələ də başqa birlik üzvü olan dövlətlərin şirkətlərinə müəyyən maneələr saxlayırlar ki, öz yerli şirkətlərinin rəqabət qabiliyyətlərini qorusunlar.

Əvvəllər də Avropa Birliyi bəzi üzv ölkələrə müxtəlif çağırışlar edirdi. Məsələn, İtaliya və Yunanıstana bazarı liberallaşdırmaq və dövlət öhdəliklərini - borcları nizamlamaq tələbini bu ölkələr qulaqardına vurmuşdular. Və nəticədə Yunanıstanın müflislik həddinə çatması və sərt qənaət tədbirləri elan etməsi də Avropa iqtisadiyyatının sarsılmasının qarşısını almayıb.

İspaniya, Portuqaliya və İrlandiya hökumətləri borcları nəzarətə almaq üçün dövlət xərclərini kəskin azaltmaq planlarını elan ediblər.

Hətta avrozonaya daxil olmayan Britaniya da xərclərini 6 milyard funt azaltmaq qərarını verib.

Dünya birjalarında avro bir daha dollara nisbətən mövqelərini itirib
İtaliyanın bu həftə eyni planı açıqlaması və xərcləri 22 milyard dollar kəsməsi gözlənilir. Danimarka hökuməti də dövlət xərclərini azaltmaq planını yaxın zamanda açıqlayacağını deyib.

1 AVRO 1.22 DOLLARA DÜŞÜB

Amma Yunanıstan və İspaniyada artıq həmkarlar təşkilatları bu islahatlara qarşı çıxıb və bəzi yerlərdə bu toqquşmalarla nəticələnib. Fransa prezidentinin büdcə xərclərini azaltmaq təklifinə qarşı ölkə müxalifəti və həmkarlar təşkilatları ciddi etirazlar təşkil etməyi planlaşdırır.

Avropa Birliyinin iqtisadi komissarı Oli Rehn deyir ki, bütün bu narazılıqların qarşısını almaq üçün hökmən işə götürmə və işdən çıxartma qaydalarında işçilərin hüquqlarını qoruyacaq və eyni zamanda operativ dəyişikliklərə də imkan verəcək yeni siyasət formalaşdırılmasına ehtiyac var.

Avropa Komissiyası iqtisadi islahatları müzakirə elədiyi vaxt dünya birjalarında avro bir daha dollara nisbətən mövqelərini itirib. 1 avro 1.22 dollara düşüb. Avronun ucuzlaşması neftin qiymətlərinə də təsir edib. Ekspertlər deyirlər ki, əllərində avro ehtiyatları olanlar üçün bahalı neft almaq artıq sərfəli deyil, neft də bu üzdən ucuzlaşır. Mayın 25-də neft 1.85 dollar da ucuzlaşıb və bir bareli 86 dollara satılıb.
XS
SM
MD
LG