Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:22

“...Ədəbiyyat həmişə siyasidir”


Çağdaş polyak ədəbiyyatının tanınan simalarından biri, yazıçı Olqa Tokarçukun Azadlıq Radiosuna müsahibəsi.

- Çağdaş dünyada yazıçının rolu nədən ibarət olmalıdır?

Bir zamanlar yazarlar cəmiyyətdə çox böyük nüfuz sahibi olaraq kütlələri yönəldirdilər.

Keçmiş sovet ölkələrində şair və yazıçıların hələ də xüsusi statusları var, onlara ağsaqqal, bəzən hətta milli qəhrəman kimi baxırlar...

- Yazarların rolu həmişə siyasi olub. Özü də ən geniş anlamda siyasi.

Mən “siyasi” deyəndə - bizi əhatə edən reallığın dərindən analiz edilib dərk olunmasına yönəlik yanaşmanı nəzərdə tuturam.

Yazıçı elə bir yüksəklik tapmalıdır ki, biz həmin yüksəklikdən adi gözlə görünməyənləri görə, dərk edə bilmədiklərimizin mahiyyətinə vara bilək.

Olqa Tokarçuk 1962-ci il doğumludur. İxtisasca psixoloqdur. Bədii yaradıcılığına şeirlə başlasa da, sonradan nəsrə keçib. “E.E.”, “Gəlincik və brilyant”, “Gündüz evi, gecə evi” və başqa əsərlərin müəllifidir. Polşanın nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülüb. Bir neçə dəfə NİKE beynəlxalq ədəbi mükafatına namizədliyi irəli sürülüb, İMPAC beynəlxalq mükafatının “qısa siyahısına” düşüb.
Elə şeylər var ki, onlara gözümüz öyrəşib, onlarla bir yerdə böyümüşük, qüsurlu cəhətlərini görə bilməyib onlara normal yanaşırıq.

Bunların çoxu yanlış şeylər və zorakılıqla bağlı məsələlərdir. Xüsusən də avtoritar sistemlərdə.

Bax yazıçılar həmin məsələlər üzərinə işıq salırlar.

Belə situasiyada yazıçı – nə qədər romantik səslənsə də - bir növ insanları reallıqla barışmağa qoymayan, onların gerçəkliyə səhv yanaşmasına imkan verməyən, onları oyadan zəng funksiyasını yerinə yetirir.

Mən inanıram ki, bu mənada dünyada bitərəf qala bilən, siyasətə qarışmayan ədəbiyyat yoxdur.

Əlbəttə ki, əyləncə ədəbiyyatı adlanan tör-töküntünü çıxmaq şərtilə. Amma keyfiyyətli ədəbiyyat – nəyəsə nail olmaq istəyən ədəbiyyat həmişə siyasidir.

- Bu o deməkdirmi ki, yazıçıların reallığı dəyişmək gücləri var?

- Əlbəttə! Sənətin reallığı dəyişmək gücü var.

O, adi gözlə görünməyənləri, normalda dərk edilməyən baxış bucaqlarını diqqət mərkəzinə gətirir.

Daha sonra biz yaşadığımız dünyanın nə dərəcədə fərqli ola biləcəyini anlayırıq və siyasi cəhətdən daha aktiv oluruq.

Ədəbiyyatın köməyi ilə gözümüz önündə alternativ dünya canlanır və biz ona can atırıq.

- Amma avtoritar rejimlərdə bunu bütün yazıçılar haqqında demək olmaz, kimi hakimiyyətdəkilərin yanında olur, kimi də müxalifətin yanında olub dəyişikliklər uğrunda mübarizə aparır...

- Düzdür, bütün bunlar avtoritar rejimlərdə daha aydın nəzərə çarpır. Amma yazıçının rolu demokratik cəmiyyətlərdə də mühüm olaraq qalır.

Yazıçının bizi yuxudan oyatmağa, ətrafımızda baş verənlərə ayıq yanaşmamıza xidmət edən roluna demokratik cəmiyyətlərdə bəlkə də daha çox ehtiyac var.
Çünki demokratiyanın bizim ictimai həssaslığımızı korşaltmaq, bizi yuxuya vermək xüsusiyyəti var.

Biz özümüzü çox rahat və təhlükəsiz hiss edəndə, işlərimiz yaxşı gedəndə ətrafımızda baş verənləri saf-çürük etmək vərdişimiz zəifləyir.

- Bir sözlə yazıçı bizim daim ayıq-sayıq olmağımıza çalışır.

- Bəli, yazıçı hətta birbaşa nələrisə saf-çürük etməyə, nəyisə şübhə altına almağa çağırmasa da, onun başqa mümkün halları, digər baxış bucaqlarını diqqət mərkəzinə gətirməsi bizim gözümüzü açır, nə isə yeni şeylərlə tanış edir.

- Keçmiş sovet ölkələrində dövlətin yazıçılara verdiyi orden və medallar, dövlət mükafatları haqda nə düşünürsüz?

Bunları rəhbərlərin yazıçıları ələ almaq üçün verdiyi bir rüşvət kimi nəzərdən keçirmək olarmı?

- Mən 1989-cu ildən əvvəlki, yəni kommunist Polşasındakı vəziyyəti xatırlayıram. O zaman dövlət daim yazıçıları ələ almağa çalışırdı.

Özü də hakim rejim bu məsələdə çox incə siyasət yürüdür, yazıçılarla hiyləgərcəsinə oyun oynayırdı. İndi mən Yaroslav İvaşkeviçi xatırlayıram.

O çox orijinal və unikal bir yazıçı idi. Amma eyni zamanda siyasi sistemlə yazıçılar arasındakı gedən sonu görünməyən oyunların iştirakçısı idi. Sonda bu oyun onun üçün pis nəticələndi.

- Amma o da var ki, heç də bütün yazıçıların rejimə qarşı çıxmaq cəsarəti yoxdur, bu, qurbanlar tələb edir...

- Mən bunu anlayışla qarşılayıram. Elə çıxmasın ki, mən yazıçıları qollarını çırmalayıb rejimlə döyüşə atılmağa çağırıram. Amma dama-dama göl olar – rejim bir qayadırsa, hər yazıçı ondan bir parça daş qoparsa da yetər.

- Polyak yazıçıları nə dərəcədə imkanlıdır. Qələmlə pul qazanmaq mümkündürmü?

Yazıçı vampirlərdən, seksdən, cinayətlərdən əsər quraşdırmayıb, yüksək keyfiyyətli sənət əsəri yaradaraq onları sata, özünü dolandıra, yaxşı pul qazana bilərmi?

- Bəli, pul qazana bilərlər. Amma bu yazıçı üçün firavan gələcək təmin edəcək qədər pul deyil.

Düşünürəm ki, qərbi Avropada yazıçılar daha çox öz kitablarının gəliri ilə yaşayırlar. Məsələn, Almaniyada çox zəngin və inkişaf etmiş bir təqaüd sistemi var.

Dövlət çox ağıllı siyasət yürüdərək yazıçılara dəstək verir.

Kaş ki Polşada da belə olardı, yazıçılar dövlətin puluna yaşayıb mədəni tədbirlərdə iştirak edər, öz yaradıcılıqları ilə məşğul olardılar. Şəxsən mən universitetdə bədii yaradıcılıqdan dərs deyirəm.

Bu da mənim gəlirimin bir hissəsidir. Amma eyni zamanda Polşada yazıçının əsər yazıb pul qazanması üçün geniş imkanlar var. Polşa böyük ölkədir.

Bizdə bədii əsərin Çexiya, yaxud Litva ilə müqayisədə daha böyük tirajla çap olunmaq imkanı var. 8-10 milyon nəfərlik ölkədə yazıçının öz kitablarının gəliri ilə dolanması çətindir. (Polşanın əhalisi təxminən 40 milyon nəfərdir – red.)

O ki qaldı mənə, kitablarımdan yetərincə gəlir əldə edirəm. Mən zəngin insan deyiləm, amma tam ştatlı işdə işləməyə də ehtiyacım yoxdur.

- Bəziləri hesab edir ki, beynəlxalq səviyyədə etiraf olunmaq, İMPAC, Kafka mükafatlarına layiq görülmək üçün yazıçının arxasında vətəndaşı olduğu dövlət dayanmalıdır, bu işə çoxlu pul xərclənməlidir. Bu fikirlə razısınızmı?

- Bəli, bu fikirlə razıyam. Düşünürəm ki, keyfiyyətli ədəbiyyat neoliberal dünyada “öz başını saxlaya bilməz”. Mən düşünmürəm ki, o, təkbaşına özünə yol aça və geniş auditoriyaya yiyələnə bilər.

Çağdaş dəyərlərə əsaslanan dövlətlər mədəniyyətə fundamental bir “sənaye” kimi yanaşırlar. Onlar anlayırlar ki, mədəniyyət dilə əsaslanır. O dil ki, onun vasitəsilə cəmiyyət üzvləri arasında ünsiyyət baş tutur.

Digər tərəfdən həmin dil vasitəsilə biz dünya ilə ünsiyyət qururuq.

Mədəniyyət həm də ölkə iqtisadiyyatı üçün bir enerji mənbəyidir. Məsələn, Almaniya kimi ölkələrdə mədəniyyətə iş yerləri yaradan, keyfiyyətli ali təhsil tələb edən sənaye sahəsi kimi yanaşılır.

Bu, kitablar, teatrlar ətrafında dövr edən bir biznesdir. Fikrimcə, dövlət anlamalıdır ki, ölkəni zəngin edən nə qızıl mədənləri, nə də neft quyularıdır. Bu zənginliyi yaradan - mədəniyyətin əsaslandığı dildir.

Onun vasitəsilə biz dünya ilə ünsiyyət qururuq. Bu məsələdə İrlandiya yaxşı nümunədir. Orada yazıçılar üçün xüsusi vergi sistemi var. Yazıçılar ya vergi vermirlər, ya da çox cüzi vergi verirlər.

Dövlət - dili yaşadan və inkişaf etdirən yazıçıları bu yolla dəstəkləyir.

Kaş ki Polşada da mədəniyyətə bu cür yanaşardılar.

Sevindirici haldır ki, belə yanaşmanın ilkin əlamətləri sezilməkdədir. İndi Polşada kampaniya başlanıb ki, ümumi daxili məhsulun 1 faizi mədəniyyət sahəsinə ayrılsın. Bunu etsələr, nəzərəçarpacaq bir irəliləyiş olar.

- Dediniz ki, keyfiyyətli ədəbiyyat neoliberal dünyada uğursuzluğa məhkumdur. Niyə? İnsanlar keyfiyyətli ədəbiyyat oxumağa meylli deyillər?

- Bəli, hesab edirəm ki, neoliberal cəmiyyət sənətdə adiliyi, ortabablığı stimullaşdırır. Halbuki sənətin motoru həmişə qeyri-adilik, extravaqantlıq, yenilik olub.

Bu gün qeyri-adi olan 50 ildən sonra aparıcı qüvvəyə, məktəbə çevrilib.

Amma yorğun, normadan artıq işləyən və dəb dalınca qaçan cəmiyyət qeyri-adi olanı “həzm etmir”. Belə cəmiyyət onun həyat tərzinə qarşı yönələn sənət cərəyanlarını da qəbul etmir.

Ona populyar mədəniyyət sərf edir. Bu mənada pop mədəniyyət əsl sənət üçün təhlükədir.

Düzdü, o da mədəniyyətin mühüm bir hissəsidir, amma o, reallığın qeyri-adi, ekstravaqant dərki üçün bir tramplin rolunu oynamalıdır.
XS
SM
MD
LG