Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:17

Prezidentin qızının şirkətini bağlayırlar?


İslam Kərimov
İslam Kərimov
Prezidentin qızına yaxın olan şirkətin hesablarını dondurmaq olarmı? Özü də harda? Özbəkistanda.

«Zeromaks» şirkətini satışa çıxarsan, azı 570 milyon dollar qiyməti var. «Zeromaks» Özbəkistana xaricdən ən çox investisiya və gəlir gətirən özəl şirkətdir.
Belə bir şirkətin may ayında hesablarını dondurdular.

Özbəkistan kimi ölkədə, yuxarıların razılığı olmasa, bunu heç kim edə bilməz. Özbəkistanda da prezident İslam Kərimovdan yuxarısı yoxdur. O, 20 ildir ki, ölkənin avtoritar lideridir.

Hazırda İslam Kərimova qızı Gülnara Kərimovadan yaxın adam yoxdur. Çoxları əmindir ki, məhz Gülnara atasının yerinə prezident olacaq.

Onda prezidentin qızı ilə bağlılığı olan şirkət ətrafında baş verənlər nədir?

PREZİDENTİN QIZI DAXİLİ ÇƏKİŞMƏNİ UDUZUR?


Hətta Özbəkistanda belə fikir də yaranıb ki, «Zeromaks» daxili çəkişmələrin əlamətidir. Baş nazir Şavkat Mirzayev bu çəkişməni udaraq 72 yaşlı prezidentin varisinə çevrilir.

Özbəkistandakı əksər müşahidəçilərin fikrincə isə, İslam Kərimov «Zeromaks»la bağlı bu addımları iki səbəbdən atır. Birincisi, qızının var-dövləti ilə bağlı söz-söhbətə son qoymaq istəyir ki, Gülnaranın siyasi ambisiyaları reallaşanda bu söhbətlər olmasın. Və ikincisi, çalışır ki, indi prezidentin ətrafında olan qüvvələr o öləndən sonra qızına maneə törətməsinlər.

GÜLNARAYA YENİ İMİC

Vaşinqtonda qərarlaşan və Orta Asiya üzrə ekspert olan Daniel Kimmic AzadlıqRadiosuna deyir ki, Özbəkistanda baş verənlər ailə siyasətinin davamıdır, ailənin siyasi gələcəyini təmin etmək üçün varisə yeni imic formalaşdırılır.

Gülnarə Kərimova
Ekspert deyir ki, 2001-ci ildə İsveçrədə qeydə alınan «Zeromaks» Özbəkistanda qısa bir vaxtda bütün biznes sahələrini öz nəzarətinə aldı.

Bu şirkət, prezidentin qızına külli miqdarda gəlir gətirməklə yanaşı, məlumatlara görə, Gülnara Kərimovaya çoxlu düşmən də qazandırıb.

Çünki «Zeromaks»ın udduğu biznes sahələrinin öz sahibləri vardı. İkincisi, Gülnaranın belə güclənməsi başqalarının prezidentlik arzularını gözündə qoyur.

Kimmic deyir ki, «Zeromaks» məsələsi olmasa, Gülnara Kərimovaya imiclə bağlı, heç bir irad tutmaq olmaz. Gülnara Kərimova Özbəkistanın İspaniyada səfiridir. O həm də tanınmış xeyriyyəçidir.

Kimmic deyir: «6 aydan və ya bir ildən sonra «Zeromaks» yaddan çıxacaq. Gülnara Kərimova Avropada diplomat və xeyriyyəçi olan bir şəxs kimi qavranacaq. Bu imic onun indiki imicindən fərqlidir».

KƏRİMOV YELTSİN YOLUNU SEÇİR?


Qərb ekspertlərinin fikrincə, ikinci versiya da var. İslam Kərimov siyasi səhnədən gedəndən sonra ailənin iqtisadi varidatının saxlanacağına təminat yaratmaq istəyir.

Kimmic hətta Kərimovu Rusiya prezidenti Boris Yeltsinlə müqayisə edir. Deyir ki, Yeltsinin qızı Tatyanadan da çox danışırdılar, ancaq Yeltsin prezidentliyə varis kimi Putini seçdi.

Niyə?

Ekspert yada salır ki, Yeltsin Putini məhz ailəsinin gələcəyini təmin etmək üçün seçdi. Prezidentliyin əvəzində Yeltsin Putindən təminat aldı ki, ounn ailəsinə toxunan olmayacaq.

Boris Yeltsin və qızı Tatyana Dyaçenko, 1997
Kimmic deyir: «Tamamilə mümkündür ki, Gülnara Kərimova siyasi varis olmasın. Ancaq ailənin var-dövlətinin və maraqlarının varisi olmağa təminat alsın».

«QIZINI PREZİDENT EDƏN ONU SƏFİR GÖNDƏRMƏZ»

Corc Meyson Universitetində Orta Asiya üzrə ekspert Erik MəkQlinçi isə Gülnara Kərimovanın atasının siyasi varisi ola biləcəyinə inanmır:

«Əgər siz Gülnaranın tutduğu vəzifələrə baxsanız, görərsiniz ki, bunlar prezident olmaq üçün olan vəzifələr deyil. Əksinə, tarixən kimə ki, diplomatik vəzifə verilir, bu o deməkdir ki, prezident ya kral onu ölkədən qıraqda görmək istəyir. Yadınızdadırsa, Nazarbayev kürəkəni Rahat Əliyevi Avropada diplomatik işə göndərmişdi. Bu o demək idi ki, prezident kürəkənini Qazaxıstanda görmək istəmir».

Bəs prezident ailəsinin hesab olunan «Zeromaks»ı niyə incidirlər?

MəkQlinqiç hesab edir ki, «Zeromaks»da böyük bir payı prezident ailəsi özündə saxlayacaq. Bir pay da ola bilər, Kərimovun hakimiyyətini gücləndirməkdə köməyi lazım olan dövlət qurumlarına getsin».

Özbəkistanda «Zeromaks» ətrafında baş verənlərdə ekspertlər bir fikirdə həmrəydirlər - nə baş verir, versin, bunun Özbəkistanda demokratiyaya və aşkarlığa dəxli yoxdur.
XS
SM
MD
LG