Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:40

«Əsası kabinetlərdə qoyulan prosesin sonluğu belə də olmalıydı»


Eynulla Fətullayevin daha bir məhkəməsi yekunlaşmaq üzrədir
Eynulla Fətullayevin daha bir məhkəməsi yekunlaşmaq üzrədir
Qaradağ rayon Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin narkotik maddə saxlama ittihamı üzrə məhkəmə prosesi davam edir. İyunun 30-da keçirilən iclasda hakim İsmayıl Xəlilov çıxış üçün sözü dövlət ittihamçısı Elçin Nağıyevə verdi. Prokuror çıxışa başlamazdan əvvəl jurnalistin vəkili Elçin Sadıqov məhkəməyə müraciət edərək Eynulla Fətullayevin statusunun müəyyənləşdirilməsini xahiş etdi:

EYNULLA FƏTULLAYEV CƏZA ÇƏKƏN ŞƏXSDİR, YOXSA HƏBSDƏ OLAN ŞƏXS?

- Möhtərəm hakim, xahiş edirik ki, məhkəmə Eynulla Fətullayevin hazırkı statusuna aydınlıq gətirsin. Bundan sonra dövlət ittihamçısı çıxış etsin. Aydınlaşdırılsın ki, Eynulla Fətullayev cəza çəkən şəxsdir, yoxsa həbsdə olan şəxs? Mən sizə bir hökm təqdim edirəm. Orada hakim təqsirləndirilənin cəzasının əvvəlini onun başqa iş üzrə məhkum edildiyi tarixdən hesablayıb.

Eynulla Fətullayev:

- Həmin hökmü çıxaran vaxtilə mənim hakimim olub. Abdinbəyov. Sizə təqdim etdiyimiz hökm bir nümunədir, hörmətli sədr.

Hakim:

- Bununla bağlı nəyi bilmək istəyirsiniz?

Eynulla Fətullayev:

- Dövlət hər vəchlə məni həbsdə saxlamaq istəyir. Mənim jurnalist fəaliyyətimin davam etdirilməsindən çəkinir. Ona görə də bizdə əsaslı şübhələr var ki, cəzaların hesablanması və hökmlərin birləşdirilməsi məsələsində ola bilər ki, həbs müddəti məhz hökmün verildiyi gündən hesablanacaq. Belə bir əsaslı şübhələr var. Belə bir halın qarşısının alınması üçün Azərbaycan qanunvericiliyindən çıxış edərək mənim bugünkü statusumu müəyyən etmək fikrinə düşdük. Bildiyiniz kimi, mənim haqqımda həbs-qətimkan tədbiri seçilməyib. Mən hazırda cəza çəkən şəxsəm. Deməli, mənim həbsimin əvvəli - sizin hazırlıq iclasının qərarında da bu var – 3 iyul 2007-ci ildən hesablanır. Bizə də əsaslı şübhələr var ki, dövlət yenidən saxtakarlıq edib həbs müddətimi verəcəyiniz hökmün çıxarılacağı gündən hesablayacaq. Bunun qarşısını almaq üçün biz bu məsələnin məhz dövlət ittihamçısının çıxışından əvvəl aydınlaşdırılmasını istəyirik. Bu, mənim üçün çox önəmlidir. Bilirsiniz ki, Avropa Məhkəməsi mənim həbsdən dərhal azad edilməyimlə bağlı qərar verib. Mən isə həbsxanada 3 il 3 aydır ki, cəza çəkirəm. Nəzərə alsaq ki, siz dövlət ittihamçısının mövqeyini təmin edib məni bu ittihamla bağlı təqsirli hesab edəcəksiniz, mən artıq o müddəti də həbsxanada da yatmışam. Ali Məhkəmənin plenumu bu hökmü ləğv edəndə mən artıq 3 il 6 ay həbsdə olacağam. 22 oktyabra kimi yəqin ki, bu hökm ləğv ediləcək. Hər halda Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun sözlərindən mən belə nəticə çıxarmışam. Ona görə də bu məsələnin aydınlaşdırılması çox vacibdir. Hörmətli sədr, əgər mənim cəzamın əvvəli hazırkı iş üzrə çıxarılacaq hökm tarixindən hesablanacaqsa, onda mənim günahsız olaraq 3 il 3 ay həbsdə saxlanıldığım müddət hara getdi? Belə çıxır ki, mən əlavə müddətdə həbsdə olmalıyam. Nəzərə alsaq ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur, icra hakimiyyətindən asılıdır, dövlət mənə qarşı düşmənçilik siyasətini həyata keçirir, bu məsələ aydınlaşdırılmalıdır.

Hakim İsmayil Xəlilov
Hakim:


- Bu, bir hüquqi məsələdir.

Eynulla Fətullayev:

- Verin ittiham hökmünü, mən 3 il 3 ay həbsxanada yatmışam. Mən dövlətin borcunu əvvəlcədən ödəmişəm. Ona görə də bu, məhkəmədə mənim üçün ən prinsipial məsələdir. Mən azadlığa çıxmaq istəyirəm. Qanunlar mənim azad edilməyimə tam şərait yaradır. Xahiş edirəm bu məsələ aydınlaşdırılsın.

Hakim:

- Fətullayev, sizə əvvəlcədən bildirmişik ki, siz cəzaçəkən şəxssiniz.

Elçin Sadıqov:

- Bu, bizi qane edir, hörmətli sədr.

Eynulla Fətullayev:

- Deməli, mənim cəzam 3 iyul 2007-ci ildən hesablanacaq hörmətli sədr.

Hakim:

- Bəli, sizin cəzanızın əvvəli qanuna uyğun olaraq 3 iyul 2007-ci ildən hesablanacaq. Əlavəniz yoxdursa sözü dövlət ittihamçısına verək.

Eynulla Fətullayev:

- Yoxdur.

3 İL CƏZA

Sonra prokuror çıxışa başladı. O, Eynulla Fətullayevə qarşı irəli sürülmüş ittihamın məhkəmədə şahid ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirildiyini bildirdi. Prokuror dedi ki, kimyəvi ekspertizanın rəyi ilə Eynulla Fətullayevin narkotik maddə qəbul etməsi təsdiqini tapıb. O, baş redaktorun cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş etdi. Üstəlik, məhkəmədən ekspertizanın keçirilməsi xərci olan 70 manatın Eynulla Fətullayevdən tutularaq dövlət büdcəsinə keçirilməsini də istədi.

Prokuror Elçin Nagıyev
Baş redaktor prokurorun çıxışını gülüşlə qarşıladı. Çıxış başa çatandan sonra hakim maraqlandı ki, müdafiə tərəfi çıxışa hazırdır, ya yox? Vəkil Elçin Sadıqov çıxış edib-etməyəcəklərini dəqiqləşdirmək üçün 5 dəqiqə fasilə elan olunmasını xahiş etdi. Hakim fasilə elan edəndən sonra Eynulla Fətullayev üzünü prokurora tutdu və dedi ki, belə çıxır ki, siz Avropa Məhkəməsinin qərarlarını saymırsınız.

EYNULLA FƏTULLAYEVİN HƏBSİ SİFARİŞLİDİR

5 dəqiqəlik fasilədən sonra vəkil İsaxan Aşurov çıxışa başladı. Vəkil dedi ki, prokurorun belə cəza tələb etməsi onlar üçün gözlənilməz idi. Çünki Eynulla Fətullayevin həbsi sifarişlidir:

İsaxan Aşurov:

- Pərdələnmiş formada təqdim olunmasına baxmayaraq mahiyyət üzrə Eynulla Fətullayevin ifadə etmə azadlığına qanunsuz müdaxilə məqsədi daşıyan növbəti bir prosesin yekunlaşmasını artıq əminliklə söyləyə bilərik. Çünki hörmətli dövlət ittihamçısının nitqindən sonra məhkəmənin ittiham hökmü çıxaracağı mübahisə doğurmayan fakt kimi qəbul edilməlidir. Məhz əsası 2009-cu ilin dekabr ayında məhkəmə zalında deyil, başqa kabinetlərdə qoyulan və konturları hazırlıq iclasında dəqiq müəyyən edilən prosesin belə sonluğu da təəcüblü görünməməlidir. İş üzrə tərtib edilən ittiham aktında Fətullayevin şəxsiyyətini səciyyələndirən məlumatlara rast gəlinmir. Elə təəsurat yaranır ki, o, sanki həyatda adamları təhqir etməkdən, ona-buna böhtan atmaqdan, terrorla məşğul olmaqdan və narkotiklər qəbul etməkdən başqa bir iş görməyib.

VƏKİLLƏR BƏRAƏT HÖKMÜ İSTƏYİRLƏR

Vəkil məhkəmədən Avropa Məhkəməsinin qərarına hörmətlə yanaşmağı və Eynulla Fətullayev barədə bəraət hokmü çıxarılmasını xahiş etdi.

İsaxan Aşurov:

- Sadalananlara görə, mən məhkəmədən Eynulla Fətullayevin barəsində bəraət hökmü çıxarılmaqla onun həbsdən dərhal azad edilməsini, onun Konvensiyanın 3, 6(1), 8(1) maddələri əsasında malik olduğu hüquqların pozulmasının tanınmasını, Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi cənab Aftandil Ağayevin, rəis müavini cənab Aydın Abbasovun, həmin müəssisənin əməliyyat şöbəsinin rəisi cənab Kərim Şirinovun, əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili cənab Bəhruz Quliyevin qanunsuz hərəkətləri barədə səlahiyyətli orqanlara məlumat verilməsinə dair qərar qəbul etməsini xahiş edirəm.

Fasilədən sonra Eynulla Fətullayevin digər vəkili Elçin Sadıqov da müdafiə nitqi ilə çıxış etdi. O da məhkəmədən Fətullayev barəsində bəraət hokmü çıxarılmasını xahiş etdi.

Məhkəmə prosesi iyulun 2-də davam edəcək. Həmin gün Eynulla Fətullayev məhkəmədə son sözlə çıxış edəcək.

Eynulla Fətullayev 2007-ci ildə vergidən yayınma, terroru qızışdırma və diffamasiya məsələsinə görə 8 il yarımlıq cəza alıb. Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılmasını və ona 25.000 avro verilməsini tələb edib.
XS
SM
MD
LG