Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

«Prezidentlərin danışığında bəzi məqamların açıqlanması hələ məqsədəuyğun sayılmır»


Deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Elman Məmmədov
Deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Elman Məmmədov
«Prezidentlərin danışığında elə məqamlar var ki, onların açıqlanması hələ ki, məqsədəuyğun sayılmır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsi Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, o da Dağlıq Qarabağ ətrafında gedən söz-söhbətlər barədə cəmiyyətin informasiya aldığı mənbələrdən xəbər tutur. Elman Məmmədov deyir ki, yəqin məlumatların tam açıqlanmaması barədə razılaşma mövcuddur.

«Yəqin ki, ATƏT səviyyəsində razılaşma olub ki, danışıqların detalları müəyyən vaxta qədər açıqlanmasın. Və nələr açıqlanacaqsa onlar qarşılıqlı şəkildə həmsədrlərlə və tərəflər arasında razılaşdırılsın. Buna görə əksəriyyət vaxt danışıqlar olanda bütün cəmiyyət bilir ki, o detallar açıqlanmır. Amma müəyyən məqam gələndə artıq açıqlamalar gedir. Məsələn, yeniləşmiş Madrid prinsipləri ilə bağlı açıqlamalar verildi».

Elman Məmmədov deyir ki, bu məsələdə o, tək millət vəkili kimi deyil, həm də məcburi köçkün kimi daha çox narahat olur. Amma görünür ki, prezidentlərin danışığında elə məqamlar var ki, onların açıqlanması hələ ki, məqsədəuyğun sayılmır.

Deputatın qənaətincə, bu da yəqin o prinsipə uyğundur. «Amma ehtiyac olsa», bu məsələ ilə bağlı prezidentə müraciət edərəm», deputat deyir. Və əmindir ki, müraciət etsə, prezident onun müraciətini cavablandırar. Ancaq ortada qəti qərar hələ olmadığından deputat buna lüzum görmür.

«Danışıqlar gedir və danışıqlarda hələ ki, qəti qərarlar yoxdur. Hər hansı məsələnin həlli tam qətiləşməyib. Bir tərəf deyir mən bu bəndi deyirəm, o biri tərəf onu qəbul eləmir. Yəni bu dürüstləşməmiş məlumatları cəmiyyətə yayıb, cəmiyyətdə də bir çaşqınlıq yaratmağa ehtiyac yoxdur».

Dağlıq Qarabağda Madrid prinsiplərində nəzərdə tutulmuş qaydada hər iki icma arasında keçiriləcək referenduma gəldikdə isə deputat bildirir ki, bu sorğunu Azərbaycan tərəfi keçirəcək və narahatlığa heç bir əsas yoxdur. Çünki Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı erməni icmasının sayından çoxdur.

Deputat Xarici İşlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağda keçiriləcək ictimai rəy haqqında açıqlamasına, bu ərazidə anti-terror əməliyyatlarının aparılması barədə suala, həmsədrlərin fəaliyyətinə necə münasibət bildirdi? Bunları bilmək və eşitmək istəyirsinizsə dinləyin.


/ Hazırladı Kamran Mahmudov /
XS
SM
MD
LG