Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:58

«Polisə düzgün əmr vermək lazımdır»


Azərbaycanda keçirilən son referendum nəticəsində «Sərbəst toplaşmaq haqqında» qanuna da dəyişiklik edildi. Bundan sonra reallıqda nələr dəyişdi? İndi Azərbaycanda hər kəsin sərbəst toplaşmaq hüququnun təmin olunduğunu demək olarmı? Və sərbəst toplaşmaq hüququndan istifadənin adi toplaşmaqdan fərqi nədir? AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə layihəsi – «Hər kəsin haqqı var» proqramında məhz bu məsələ müzakirəyə çıxarılıb.

Venesiya Komissiyası vergül də qoymuşdu...

Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri, beynəlxalq hüquq üzrə ekspert Sahib Məmmədov 2008-ci ildə qanuna edilən dəyişikliklərin Venesiya Komissiyası tərəfindən müsbət rəy aldığını xatırlatdı:

«Qeyd olunmuşdu ki, dəyişikliklər beynəlxalq standartlara cavab verir. Amma vergül də qoymuşdular ki, düzgün tətbiq olunsa. Qanunvericilik normaldır, amma tətbiqində müəyyən problemlər var».

İstirahət hüququnu sərbəst toplaşmağa qarşı qoymaq olmaz
Zahid Oruc

Deputat Zahid Oruc isə hələ layihənin parlamentdə müzakirəsi zamanı şəhər mərkəzinin geniş miqyaslı aksiyalara uyğun olmadığını dediyini bildirir:

«Əhalinin istirahət hüququndan danışmayacağam. Bu, fundamental haqlara qarşı qoyulacaq hüquq deyil. Amma etiraf edək ki, Bakının infrasturkturu elə vəziyyətdədir ki, mərkəzdə bu cür tədbir keçirmək üçün uyğun deyil. Həmin vaxt geniş aksiyalar üçün müəyyən yerləri – məsələn, Respublika Stadionunun ayrılmasını təklif etmişdim».

«Bizi Qobustana aparıb 1-2 saat saxlayırlar»

Müxalifət partiyalarının sərbəst toplaşma və azad seçki tələbilə keçirdiyi aksiyalarda dəfələrlə həbs edilən Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı hesab edir ki, onları asayişi pozma ittihamı ilə 5 gündən 15 günə qədər azadlıqdan məhrum edənlər xeyli qanun pozuntusuna yol verirlər.

«Bizi saxta ittihamlarla məhkəmə önünə çıxarırlar, guya polisə tabe olmamışıq, sonra polis bölməsində siyasi söhbətlər gedir. Son vaxtlar isə aksiya iştirakçıları bir neçə saat girov kimi saxlanılır, onları avtobuslara mindirib şəhərdən uzaqlara Qobustan qayaüstü rəsmlər muzeyinə aparırlar və sonra da buraxırlar ki, çıx get».

Sahib Məmmədov
Fransada polis iştirakçıya kömək edir


Qərb ölkələrində hansısa aksiya keçirmək üçün vətəndaşlara, siyasi qurumlara problem yaradılmır. Fransada nəinki ölkə sakinləri, burada yaşayan əcnəbilər də istənilən məsələ ilə bağlı etirazlarını bildirirlər. Azərbaycanlı vətəndaşların Avropa forumunun yaradıcısı Natiq Bayramov bu ilin martında Avropada təhsil alan azərbaycanlı tələbələrin Brüsseldə keçirdiyi aksiyanın təşkilatçısı olub. Deyir ki, Avropa ölkələrində çox vaxt toplantı elə nəzərdə tutulan yerdə və vaxtda baş tutur.

«Çox nadir hallarda polislə bəzi müzakirələr olur. Digər tərəfdən, burada polis aksiyanın keçirilməsinə yardımçı olur. Polis tədbir iştirakçılarının mühafizəsini təşkil edir. Hətta polis aksiya üçün lazım olan alətlər, plakatların hazırlanmasında bizə məmnuniyyətlə kömək edirdi».

«Əminəm ki, bu məsələdə kompromis tapılacaq»


Parlament üzvü Zahid Oruc Azərbaycanda sərbəst toplaşmaq hüququnun tam gerçəkləşməsinin tərəfdarıdır. Amma onu da deyir ki, əvvəllər bu hüquq sərbəst toplaşmaq kimi yox, toqquşmaq kimi təzahür edirdi:

«Bu məsələ ətrafında hakimiyyət və digər qüvvələr arasında konsensusa ehtiyac var. Hakimiyyətin daha çox addım atması gərəkdir ki, sərbəst toplaşmaq hüququ gerçəkləşdirilsin. Əminəm ki, bu məsələdə kompromis tapılacaq və elə bir məkan seçiləcək ki, orda hər əs öz hüququnu təmin edə bilsin. Şəhərin mərkəzi olmasa belə, bu fundamental haqqın gerçəkləməsi üçün forma tapılmalıdır».

«Polisə düzgün əmr vermək lazımdır»

Deputat hesab edir ki, bəzi qüvvələr aksiyaya gələn insanların az olduğunu bildiyi üçün həmin yerə toplaşan insanları da öz tərəfdarları kimi qələmə verib onları auditoriya kimi seçmək istəyirlər. Sahib Məmmədovun fikrincə, aksiya iştirakçılarını uzaq yerə aparıb saxlamaq yolverilməzdir. Həmçinin, onlara qarşı tətbiq edilən cəzalar – həbslər də əmələ adekvat deyil:

«Çünki bu insanlar dinc xarakterli aksiyada iştirak ediblər. Toplantı sanksiyalaşdırılmamış olsa belə, onlar asayişi pozan, iğtişaşa bənzər hərəkətlərə yol vermirlər, əllərində kağız və ya parçada yazılan şüarlardan başqa heç nə olmur. İstənilən halda polis əmri yerinə yetirir. Ona görə verilən əmrin düzgün olması lazımdır».

S.Məmmədovun sözlərinə görə, aksiyanı Podar çölündə, Qobustanda da keçirmək olar. Amma kütləvi tədbirin mahiyyəti ondadır ki, onu kənardakılar da eşitsin.

Qonaqların hər ikisi bu fikirlə razılaşdılar ki, hakimiyyət hər hansı yolla olursa-olsun, bu məsələni həll etməlidir. Xüsusilə də seçki ərəfəsində aksiya keçirmək istəyənlərə optimal yerlər təklif olunmalıdır.
XS
SM
MD
LG