Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:06

Müsavat prezidentin gəliri və əmlakı haqda hesabat istəyir


Adı-soyadı prezident İlham Əliyevin oğlu ilə eyni olan 11 yaşlı Azərbaycan vətəndaşının adına Dubayda 44 milyonluq mülk alınıb

Müsavat Partiyası prezident İlham Əliyevin gəlirləri haqda məlumat üçün rəsmi qurumlara müraciət edib. Həm Prezident Administrasiyasının rəhbəri, eləcə də prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, həm də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova.

Əslində partiya belə bir müraciəti hələ bir neçə ya əvvəl göndərib, cavab almadığından məktubları yenidən göndərir.

Məqsəd də bir neçə ay əvvəl «The Washington Post» qəzetində yazılanlara birdəfəlik aydınlıq gətirmək, xəbərin ya təkzibinə, ya da təsdiqinə nail olmaqdır.

Qəzet Dubay Torpaq Departamentinə istinadla yazırdı ki, doğum günü və adı-soyadı prezident İlham Əliyevin oğlu ilə eyni olan 11 yaşlı Azərbaycan vətəndaşının adına bu ölkədə 44 milyonluq mülk alınıb. Qəzetin sorğusuna cavab olaraq Prezident Administrasiyasının sözçüsü Azər Qasımov «bu məsələni şərh etmirik» cavabını vermişdi.

«BU İŞİN ÖHDƏSİNDƏN ANCAQ RAMİZ MEHDİYEVİN KOMİSSİYASI GƏLƏ BİLƏR»


Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı isə deyir ki, onlar qəti cavab almaq
Arif Hacılı
niyyətindədirlər:

«Bu, Azərbaycan üçün vacib məsələlərdən biridir. Ramiz Mehdiyev korrupsiya ilə mübarizə komissiyasının rəhbəridir. Azərbaycanın 11 yaşlı vətəndaşının adına Dubayda 44 milyon dəyərində mülk varsa, bu gəlirlərin hardan əldə olunması, bu gəlirlərə görə vergi verilib-verilməməsi və bunun mənbəyini araşdırmaq komissiyanın işidir. Çünki bu, çox böyük məbləğdir. Belə məbləğdə əmlakın araşdırılmasının öhdəsindən ancaq Ramiz Mehdiyevin komissiyası gələ bilər».

Arif Hacılının sözlərinə görə, bu dəfə də cavab verilməsə, məhkəməyə üz tutacaqlar.

«The Washington Post»dakı məqalədən sonra Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov demişdi ki, bütün Azərbaycan vətəndaşları kimi, dövlət başçısının ailə üzvlərinin və yaxınlarının da hər hansı mülkə sahib olmasında qeyri-adi heç nə yoxdur.

Bunu da əlavə etmişdi ki, prezidentin qızlarından biri kifayət qədər maddi imkanı olan ailənin gəlinidir.

MSK DA DANIŞSIN


Amma bu cavab deyəsən, müsavatçıları təmin etməyib. Odur ki, partiyanın seçki qərargahının rəhbəri Gülağa Aslanlı MSK-ya təkrar məktub göndərib. Deyir ki, MSK-dan 2003 və 2008-ci illərdə prezidentliyə namizədliyini vermiş İlham Əliyevin gəlir bəyannaməsini açıqlanmasını istəyiblər. Bu da ikinci məktubdur.

«Xeyli gözlədik. Dedik, bəlkə MSK-nın başları açılışa qarışıb. Açılış da oldu, cavab gəlmədi. Bu, dünya mətbuatında çap olunmuş məlumatdır.
Gülağa Aslanlı
Biz də istəyirik ki, buna aydınlıq gətirilsin. Cavab verilsin ki, hansı vəsait hesabına alınıb. 2003-cü ildə onun gəlirləri haqda məlumat veriləndə onun vəsaiti və ya mülkü haqda informasiya yox idi. Sadəcə Bakıda bir mülkü olduğu deyilirdi. Biz də istəyirik ki, aydınlıq gətirilsin, səhvdirsə təkzib etsinlər».

Gülağa Aslanlıya görə, prezidentin bütün əmlakı və qazancı haqda MSK səhih məlumat verə bilməz. Çünki bu məlumatlar iki il əvvələ aiddir və köhnəlmiş ola bilər. O, bu haqda məlumatların Əmlak Məsələləri Dövlət Komitəsində və ya başqa qurumlarda ola biləcəyini güman edir. Amma inanmır ki, həmin qurumlar belə məlumatları açıqlasınlar. MSK isə qanuna əsasən prezidentliyə namizədin gəlirləri haqda məlumatı açıqlamağa borcludur. Onlar da bunu istəyirlər.

MSK: «MƏKTUB ÇATMAYIB»


MSK-nın sözçüsü Azər Sarıyevin cavabı isə konkret oldu. Onun sözlərinə görə, qurum Müsavatın nə birinci, nə də ikinci məktubunu alıb. Amma alarlarsa, cavab verəcəklər:

«MSK şəffaf qurumdur, mütləq cavab verəcək».

HEYDƏR ƏLİYEV BİROTAQLI EVİ HAQDA MƏLUMAT VERİRDİ


Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da bu fikirdədir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq istər deputatlığa, istərsə də prezidentliyə namizədlərin gəlirləri haqda məlumatlar MSK-ya təqdim olunmalı və bu da rəsmi mətbuatda dərc edilməlidir. Amma Azərbaycanda buna əməl olunmur. O xatırlayır ki, 1998-ci ildə prezidentliyə namizədlərdən biri Heydər Əliyev özü haqda bəzi məlumatları açıqlamışdı:

Hafiz Həsənov
«Heydər Əliyevin əmlakı ilə bağlı yazılmışdı ki, bir otaqlı evi var, «Jiquli» markalı maşını var. Amma ondan sonra belə informasiyalar verilmir. Qapalı məlumat deyil. Mətbuatda dərc olunmalıdır. Sorğu verilərsə, açıqlanmalıdır. Məlumat verilmirsə, məhkəməyə müraciət olunmalıdır. MSK-nın rəsmi İnternet saytında bu məlumatlar da yerləşdirilmədi. Əslində ictimaiyyət üçün məlumatlardır. Ancaq eləmirlər».

Hafiz Həsənova görə, bu məlumatların dərc olunmaması geniş anlamda qanun pozuntusudur. Ancaq o da var ki, bununla bağlı ciddi sanksiyalar nəzərdə tutulmur.

GƏLİR BƏYANNAMƏSİ HAQDA QANUN İŞLƏMİR


Hüquqşünas deyir ki, başqa ölkələrdə bu cür məlumatlar əlyetərdə olur. Prezidentin özünün, ailə üzvlərinin, yaxın qohumlarının mülkiyyəti və gəlirləri ilə bağlı bütün məlumatlar vaxtaşırı dərc olunur. Məqsəd də həm şəffaflığı təmin etmək, həm də korrupsiyanın qarşısını almaqdır.

Azərbaycanda da bir qədər əvvəl vəzifəli şəxslərin gəlir bəyannaməsi ilə bağlı qanun qəbul olunub. Amma hüquqşünasa görə, qanunun icrası müşkülə düşüb:

«Nazirlər Kabineti bu qanunla bağlı bəzi sənədlər hazırlamalıdır. Ona görə də qanun hələ də işləmir».
XS
SM
MD
LG