Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:54

İlham Əliyev: «Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur»


İlham Əliyev
İlham Əliyev
İyulun 22-də prezident İlham Əliyev Milli Mətbuat Günü ilə əlaqədar Mətbuat Şurasının yeni binasının açılışında deyib. Prezidentin çıxışından bəzi hissələri diqqətinizə çatdırırıq.

«Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.

Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür, dövlət konsepsiyası qəbul edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir.

Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, ancaq son qərarı özümüz qəbul edirik
AVROPA DƏYƏRLƏRİ VACİBDİR, AMMA BİZİM ÜÇÜN PRİORİTET MİLLİ DƏYƏRLƏRDİR


Bir sözlə, medianın bugünkü vəziyyətini müsbət qiymətləndirirəm.

Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır.

Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir. Mən hesab edirəm ki, biz bu məqsədə yaxınlaşırıq.

LAZIM OLANDA BEYNƏLXALQ QURUMLARA MƏSLƏHƏTLƏŞİRİK, ANCAQ...


Biz öz problemlərimizi bilirik, onları həll etməyə çalışırıq. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, lazım gələndə onların məsləhətlərinə də ciddi yanaşırıq. Ancaq son qərarı özümüz qəbul edirik, yəni Azərbaycan xalqı qəbul edir. Bu, bizim hüququmuzdur. Bizim müstəqil tariximiz bir neçə dəfə göstərmişdir ki, Azərbaycan xalqının iradəsi əsasında qəbul edilmiş qərarlar müsbət nəticələr verir.

REKET JURNALİSTLƏRİNƏ QARŞI BİRLƏŞİN!

2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır
Mən hesab edirəm ki, media ilə bağlı qaldırdığınız məsələlər çox böyük əhəmiyyət kəsb edir. Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır.

ADƏT-ƏNƏNƏYƏ ZİDD NÖQSANLAR ARADAN QALDIRILACAQ


Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır.

DİFFAMASİYA QANUNUNUN ƏLEYHİNƏ DEYİLİK

Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər.

AZƏRBAYCANA QARŞI ƏDALƏTSİZ MÜBARİZƏ PREZİDENTİ HİDDƏTLƏNDİRİR

Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir.

Deyə bilərəm ki, 2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır.

AZƏRBAYCANIN REPUTASİYASINA ZƏRBƏ VURMAQ İSTƏYƏN KİMDİR?

Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun.

ERMƏNİSTAN HAQQINDA NİYƏ DANIŞMIRLAR?


Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülmüşdür, yüzlərlə insan həbs olunmuşdur, prezidentliyə namizəd ev dustağı olmuşdur, millət vəkilləri, media nümayəndələri həbs edilmişlər. Ancaq sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıb, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıb.

AZƏRBAYCAN ELƏ BİL ANTİ-DEMOKRATİK ÖLKƏDİR...

Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir.

DEMOKRATİYANIN BEŞİYİNDƏKİLƏRƏ:

Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, mən hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın.

TƏHQİRƏ, BOHTANA SON QOYULACAQ


Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaq. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaq. Mən hesab edirəm ki, bunun vaxtı çatıb.

İQTİDAR TƏHQİRLƏRƏ DƏ DÖZÜMLÜDÜR

Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik.

Mətbuat Şurasının yeni binası
Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir.

Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik.

Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır.

MEDİADA SİYASİLƏŞMƏ AZALMALIDIR

Mən istərdim ki, jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyimi bildirim. Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın.

AZƏRBAYCAN SİYASİ YOX, VƏTƏNPƏRVƏR CƏMİYYƏTDİR

Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaqdır.

XARİCİ SİFARİŞ ƏSASINDAKI MƏQALƏLƏRƏ SON QOYULMALIDIR

Mən bunu da bilirəm, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə, yolverilməzdir.

İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə, ümumiyyətlə, son qoyulmalıdır.

Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin.

Xarici dairələrin kifayət qədər media resursları var ki, onların vasitəsilə istədiklərini bildirsinlər, xüsusilə yenə də deyirəm, internet dövründə bunu etmək o qədər də çətin deyildir.

Jurnalistlərin məsuliyyəti ilə bağlı dediyim sözlərə əlavə olaraq jurnalistlərin hüquqları haqqında da bir neçə kəlmə demək istəyirəm.

JURNALİSTLƏRƏ ZORAKILIQ YOXDUR

Jurnalistlərin hüquqları tam şəkildə qorunmalıdır, müdafiə olunmalıdır. Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir. Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin mənası öz təsirini göstərəcəkdir.

Bununla bərabər, Azərbaycanda bütün kateqoriyadan olan insanların hüquqları qorunmalıdır. Azərbaycanda bütün vətəndaşlar - Prezidentdən başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu vətəndaşlar olmalıdır. Yəni, qanun qarşısında heç kimin imtiyazı ola bilməz. Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir.

JURNALİST HƏMRƏYLİYİNİ BƏYƏNİRƏM, AMMA...


Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik.

Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə, müharibə şəraitində olan ölkələrdə bu, daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır.

Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir.

SEPARATÇILARDAN MÜSAHİBƏ GÖTÜRMƏK OLMAZ?

Bütövlükdə bu məsələ ilə bağlı Azərbaycan mətbuatında vahid mövqe var, amma istisnalar da olur. Bu, əlbəttə ki, çox üzücü bir haldır. Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında bu məsələ ilə bağlı başqa fikir ola bilməz.

Separatistlərə bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır.

JURNALİST HƏMRƏYLİYİ YOX, VƏTƏNDAŞ HƏMRƏYLİYİ

Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir.

Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır».
XS
SM
MD
LG