Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:45

Amerikada əhalinin yüzdə biri məhbusdur


"The Economist" jurnalının baş məqaləsi (24 iyul 2010)

2000-ci ildə Amerikada 4 nəfəri ölkəyə plastik qablarda xərçəng quyruğu idxal etmələrinə görə məhkum etmişdilər.

Onları Honduras qanunlarını pozmaqda günahkar bilmişdilər. (O qanunlar ki, Honduras sonradan onları ləğv edib).

Həmin 4 nəfərin hər birinə 8 il həbs cəzası vermişdilər. Onlardan ikisi hələ də həbsxanadadır.

Məsələ burasındadır ki, Amerikada Leysi aktına görə, ölkə vətəndaşları xaricdə ov zamanı başqa dövlətlərin qanunlarını poza bilməzlər.

Həmin şəxslərin isə nə Honduras qanunlarından, nə də bu aktdan xəbəri varmış.

Həmin akt vaxtilə amerikanların xaricdə fil ovlamasına qarşı qəbul edilib. Amma elə formada qəbul edilib ki, onu bütün dünya ölkələrinin ov qanunlarını pozan amerikanlara qarşı tətbiq etmək olar...

İNKİŞAF ETMİŞ ÖLKƏLƏR ARASINDA "LİDER"

Amerika dünyanın bir çox ölkələrindən yaxşı mənada fərqlənir. Amma Amerikanı başqa ölkələrdən pis mənada fərqləndirən cəhətlər də var.

Bu da məhbusların sayıdır. Amerikada yüz nəfərdən biri həbsxanadadır. Gənc qaradərili amerikalıların isə 1/9-i.

Ölkədə 2,3 milyon məhbus var.

Bu göstərici Britaniyadadan 4, Almaniyadan 9, Yaponiyadan isə 12 dəfə çoxdur.

Amerikada cinayət qanunlarının sərtləşdirilməsi tendensiyası 40 il qabaq başlayıb. O vaxtdan bəri siyasətçilər seçicilərin rəğbətini qazanmaq üçün ildən-ilə daha sərt qanunlar təklif edirlər.

Hətta bəzən adambaşına düşən cinayətlərin sayının artması adi səbəblərlə bağlı olsa da - məsələn, təbii artımın az olması ilə.

Siyasətçilər cəmiyyətdəki əhval-ruhiyyəni öz siyasi məqsədləri üçün istismar edirlər.

Çünki Amerikadakı rəy sorğuları göstərir ki, insanların çoxu cinayətkarların daha uzun müddətə dəmir barmaqlıqlar arxasına göndərilməsinə tərəfdardırlar.

Qanunlar sərtləşsə də, axır 40 ildə Amerikada cinayətlərin sayı 4 dəfə artıb.

RƏHMDİL OLA BİLMƏZSƏN!..

Amerikanın bəzi ştatlarında müəyyən cinayətlərə görə həbs cəzasının kəsilməsi məcburidir.

Bunu ona görə ediblər ki, hakimlər rəhmdillik edib müqəssirə şərti cəza verməsinlər.

Bəzi ştatlarda isə “Three strikes” adlanan qanun var. Bu qanun residivistlərə - davamlı şəkildə cinayət törədən, islah olunmayan şəxslərə qarşı yönəlib və 3-cü cinayətdən sonra həmin şəxslərə ömürlük cəza verilir.

Amma bəzi ştatlarda sözügedən qanunları ağır olmayan cinayətlərə də şamil edirlər.

Narkomafiya ilə mübarizə sərtləşdiyi üçün nəinki qadağan edilmiş narkotik maddə satanları, hətta reseptlə satışına icazə verilən narkotik maddələrin qanunsuz satışına görə də 15 ilə qədər cəza verilir.

İmmiqrasiya, ekologiya ilə bağlı qanunları pozanlar, qanunsuz ticarətlə məşğul olanlar da həbsə düşə bilər. O qədər federal qayda həbs cəzası nəzərdə tutur ki, ekpertlər onların sayını da itiriblər.

Bu yaxınlarda Amerikanın Ali Məhkəməsi “ictimaiyyəti keyfiyyətli xidmətdən məhrum etmə” haqda qanunu ləğv edib. Müstəntiqlər həmin qanunu çox sevirdilər, çünki həmin qanundan istənilən şəxsə qarşı istifadə edə bilərdilər.

Amerika həbsxanalarının dolu olması ölkənin büdcəsinə də ziyandır, məsələn, Kaliforniyada 1 məhkumun illik saxlanma xərci 50 min dollardır.

Amerika bu problemin həllində Niderland modelindən istifadə edə bilər. Niderlandda xırda cinayət törədənləri ictimai işlərə məhkum edirlər və həbsxanaya salmırlar. Bu metod ölkədə cinayətkarlığını azalmasına səbəb olub.

Düzdür, Amerikanın bəzi bölgələrində bu yolla getməyə çalışırlar, məsələn Nyu-Yorkda 1997-2007-ci illər arasında məhbusların sayını 15 faiz azaldıblar. Amma Amerika miqyasında problem həll edilməmiş qalır.

Bunun üçün ölkə əhalisinin cinayətkarlıqla mübarizə haqda təsəvvürləri dəyişməlidir. Bəlkə də bu işdə onlara hansısa siyasətçilər kömək etsələr, sonda bunun bəhrəsini görərlər.
XS
SM
MD
LG