Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:56

«Prezident cavab vermirsə, nəticə çıxarmalıyıq»


Əkrəm Əylisli
Əkrəm Əylisli
«BU AĞIR ZƏRBƏ OLARDI Kİ…»

«Yüz Azərbaycan ziyalısı ölkə rəhbərliyinə müraciət edirsə və bu tamamilə cavabsız qalırsa, bu bir az ağır məsələdir, adamı sarsıdan məsələdir…Mənə ağır o gələrdi ki, ağır zərbə olardı ki, yüz ziyalı, biri də mən müraciət edim reaksiya verilməsin…».

Prezidentin ziyalıların müraciətinə cavab verməməsindən sarsılan yazıçı Əkrəm Əylislidir.

Xatırlayırsızsa, bir qədər əvvəl, Milli Mətbuat Günü ərəfəsində kinorejissor, ssenarist Rüstəm İbrahimbəyov ölkənin sayseçmə ziyalılarının adından dövlət başçısına müraciət etdi. Müraciətdə xahiş olunurdu ki, prezident həbsdəki jurnalist Eynulla Fətullayev və iki bloqçu Adnan Hacızadəylə Emin Millinin azadlığa buraxılmasına kömək etsin.

Rüstəm İbrahimbəyov özü isə AzadlıqRadiosuna deyib ki, bu müddətdə onlara hər hansı şəkildə cavab verilməyib. Buna görə də, ziyalılar adından memorandum hazırlanır və həmin sənəddə ölkədə baş verən bir sıra məsələlərlə yanaşı müraciətə cavab verilməməsinə də aydınlıq gətiriləcək.

Rüstəm İbrahimbəyov
Yeri gəlmişkən, müraciət göndəriləndən bəri prezident vaxt tapıb Mətbuat Şurasının yeni binasının açılışına qatıldı, jurnalistlərə əməkdar ad və ev tikilməsiylə bağlı fərman verdi, bəzi qəzet və informasiya agentliklərinə iyirmi min manat pul da ayırdı…Amma ziyalıların ricasına cavab gəlmədi ki, gəlmədi.

«HÖKM DEYİL Kİ…»

Əkrəm Əylisli:

«Hökm deyil prezident desin ki, təcili jurnalisti azad edin, getsin yaşasın. Ziyalıları çağıra bilər ki, bu münasibət mənə aydın deyil, o başqa şeyə görə həbs edilib. Misal üçün də, yəni tam reaksiyasız qalması bir az ağır söhbətdir. Bu günlərdə jurnalistlərlə bağlı tədbirlər oldu. Bu tədbirlərin ən güclüsü, təsirlisi, hətta ən faydalısı - bizim müraciətimizə cavab olardı. Eynulla Fətullayevin azad olunmağı Həsən bəy Zərdabinin ruhuna hörmətin əlaməti olardı».

ZİYALILARIN MÜRACİƏTİNƏ CAVAB VERİLƏCƏKMİ?


Sualımıza cavab almaq üçün prezidentin mətbuat katibi Azər Qasımova bir neçə dəfə zəng etsək də, dəstəyi qaldıran olmadı.

Bəxtiyar Sadıqov
Ziyalıların müraciətinə cavab verilməməsinə siz necə baxırsız? Bu sualı isə «Azərbaycan» qəzetinin redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqova ünvanladıq. Cavabı qısa oldu. Dedi ki, o prezidentin yerinə danışa bilməz:

«Əkrəm Əylisli nə zaman deputat kimi prezidentə müraciət edib cavab almayıb? İndi belə bədgüman danışır?...Heç nə deyə bilmərəm mən…».

«NƏTİCƏ ÇIXARMALIYIQ!»

Yazıçı Əkrəm Əylisli isə deyəsən bir o qədər də bədgüman deyil: «İnanmıram cavabsız qalsın. Qalacaqsa biz nəticə çıxarmalıyıq…».
XS
SM
MD
LG