Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:07

Britaniya yazıçıları seksdən üz döndərir


Müasir Azərbaycan yazıçılarının kitablarında seksual təsvirlər indi ən çox qıcıq doğuran məsələlərdəndir.

Britaniya yazıçıları isə bu mərhələni 50-60 il qabaq keçiblər və indi deyəsən onlar getdikcə seksdən üz döndərirlər.

Bu günlərdə - dünyada ən nüfuzlu nəsr müsabiqələrindən olan “Man Booker prize”ın bu ilki uzun siyahısı açıqlanıb.

Müsabiqəyə 138 əsər daxil olub.

Britaniyanın “Observer” qəzetinin son sayında Münsiflər Heyətinin üzvlərindən biri Endryu Mouşnun müsabiqəyə təqdim edilmiş əsərlərlə bağlı qənaəti yer alıb.

O deyib ki, müsabiqəyə qatılmış Britaniya yazıçıları və Millətlər Birliyinə daxil olan 50-dən artıq digər ölkənin yazıçıları üçün seks daha əsas mövzu deyil, seksual təsvirlər minimuma enib.

Endryu Mouşn bunu belə izah edir: Yazıçılar ələ salınmaqdan ehtiyatlanırlar, daha dəqiqi “Bad Sex" Mükafatına layiq görülməkdən.

Britaniyanın “Literary review” jurnalı 15 ildən çoxdur ki, əsərlərində ucuz, bayağı seksual səhnələrə yer verən yazıçıları belə “mükafatlandırır”.

Endryu Moşn deyir ki, sanki yazıçılar seks mövzusuna əvəz tapıblar: narkotiklər mövzusu.

Endryu Mouşn xatırladır ki, seksdən uzaqlaşmaq tendensiyası Britaniya ədəbiyyatı üçün tarixi bir qərardan düz 50 il sonraya təsadüf edib.

1960-cı ildə nəhayət ki, Devid Herbert Lourensin “Ledi Çetterlinin məşuqu” kitabının çapına icazə verilmişdi.

2009-cu ildə "Man Booker" mükafatını qazanmış Hillari Mantel.
1928-ci ildə yazılan həmin kitabın çapına seksual səhnələrə görə uzun müddət qadağa var idi.

Çapına icazə veriləndən sonra “Ledi Çetterlinin məşuqu” bir il ərzində 2 milyon nüsxə satılmışdı və bu göstəriciyə görə “Bibliya”nı üstələmişdi.

50 il keçəndən sonra da belə “birdəfəlik” romanlar oxucular arasında öz əvvəlki populyarlığını saxlasa da, Mouşnun fikrincə, Britaniya yazıçıları rişxənd hədəfi olmamaq üçün özlərini senzura edirlər.

“Observer” yazır ki, Britaniya yazıçılarının seksual təsvirlərdən uzaqlaşması həm də Qərbdəki seksual inqilabla bağlıdır.

Müasir texnologiyalar o qədər inkişaf edib ki, demək olar ki, hər kəs bir düyməni sıxmaqla erotik və pornoqrafik filmlərə, təsvir və videolara çıxış əldə edə bilir.

Qəzet yazır ki, hələ ki, Qərb ölkələrində homoseksuallarla bağlı qadağalar qalır və bu temaya müraciət edən yazıçılar azalmır.

“Man Booker prize” müsabiqəsi 40 ildən çoxdu keçirilir.

Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları əsərlərlə iştirak etmək hüququna malikdir.
XS
SM
MD
LG