Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:41

«5 sutka bəndin üstündə yatmışıq»


«Bu, Məcnunun evidir, damı-daşı hamısı uçub-dağılıb. Evi də orada xaraba vəziyyətdədir. Qarşı tərəfdəki Qılmanın evidir, sonra Vahidin evidir, orada Günəş adında başsız bir qadın var, onun da evi uçub, tamam məhv olub. Bütün avadanlığı da içində. Orada Xeybər var, Xudaverdi kişinin oğlu, onun da evi suyun içində batıb. Sahibsizlikdən adamın başına nə desən gəlir, yiyəsizlikdir. Avadanlığı çıxartmağa bir maşın yox, camaatı yerləşdirmək yox».

Sabirabad rayonunun Xankeçən kəndinin sakini Şahbaz Əliyev daşqından bir ay sonra köhnə qayığına oturub kənddəki su basmış evləri göstərir. Onun yaşadığı kənd də daxil olmaqla mayı ayında Azərbaycanın Kür qırağında yerləşən onlarla kəndi Kür çayının daşması nəticəsində suyun altında qalıb. İndi həmin ərazilərdə su çəkilsə də, su basmış kəndlərin əhalisinin çoxu başqa kəndlərdə və rayonlarda qohumlarının evlərində yaşayır. Daşqından zərər çəkənləri hökumət ilk günlər qonşu Şirvan rayonunda saldığı şəhərcikdə yerləşdirilmişdi. Burda yaşayanlar isə çadırlarda yox, öz evlərində yaşamaq istədiklərini deyirdilər. Ağa Əhmədov kimi:

YƏQİN Kİ, HÖKUMƏT BİZƏ EV TİKƏR...

«Şəhərçikdə vəziyyət belədir ki, çadırdır, istidir. Mən özüm də nəvələrimlə orada qalıram. Yenə hökumət sağ olsun ki, yadım edir. Yəqin ki, hökumət bizə ev tikər. Çünki prezident özü də söz verib ki, sizi evlə, torpaqla təmin edəcəyik».

Mayın 7-də ölkə ərazisində baş vermiş daşqınlarla bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev təbii fəlakətdən ziyan çəkən əhaliyə vəd vermişdi ki, onlara kompensasiya ödəniləcək, hərtərəfli kömək göstəriləcək, sosial problemləri həll olunacaq. Bundan sonra fövqəladə hallar və daxili işlər nazirliklərinin qüvvələri su basmış rayonlara köməyə göndərildi.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov vəd vermişdi ki, bu məsələlər kökündən həll ediləcək


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yaranmış vəziyyətlə bağlı bildirmişdi ki, əsas problem yağıntıların, qrunt sularının, çaylara daxil olan digər mənbələrin həcminin artmasındadır. Nazir vəd vermişdi ki, bu məsələlər kökündən həll ediləcək.

Baş nazirin müavini Abid Şərifov da xilasetmə işlərində hökumətin operativlik göstərdiyini deyirdi:

«Operativ olaraq Daxili İşlər Nazirliyinin qoşunları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları burdaydı. Saat yarım ərzində 600 nəfər Saatlıda idi, texnikası, hər bir şey ilə. Biz maksimum çalışırıq, hərçənd bəziləri – ağzı güllər, əlləri qəşəng qələm tutanlar ağızlarına gələni yazırlar».

ÖZLƏRİNİ REKLAM EDİRLƏR

Sabirabadın Mürsəlli və Şıxlar kəndinin sakinləri isə deyirlər ki, onlara yardım olunmayıb, kənd sakinləri necə bacarıblarsa, özləri xilas olublar:

«20 qayıq gətirmişdilər, bir gün sonra burda 3 qayıq vardı. Gəlib özlərini yalandan reklam eləməklə məşğuldurlar»
– 20 qayıq gətirmişdilər, bir gün sonra burda 3 qayıq vardı. Gəlib özlərini yalandan reklam eləməklə məşğuldurlar. Qara millətin qeydinə qalan yoxdur.

- Bu adamlardan soruşun ki, kimə hansı şərait yaradılıb. Kim harada yaşayır, km üçün nə eləyiblər ki...

- Gəlib deyirdilər ki, çıxmaq lazımdır, nəylə çıxmaq lazımdır, onu deyən yox idi.

- Biz 30 nəfər adam 5 sutka bəndin üstündə yatmışıq. Nə çay var, nə qənd var, nə yatacaq var. Suyun içində üzürük, niyə kömək eləmirlər.

- Hələ yerli hakimiyyətdən danışıram, Bakıdan gələnlərdən yox. Hansı məmuru danışdırırlarsa, deyir hər bir şərait qurulub.

- Mən üzə bilmirəm, boğulmalıydım, gəlib çıxartmırdılar.

Rəsmi xəbərlərdə isə Fövqəladə Hallar Nazirliyinin aviasiya xidmətinin daşqın bölgəsində adamların xilas olunması, yerləşdirilməsi, təhlükənin qarşısının alınması haqqında hər gün xəbərlər yayılırdı.

İyulun 13-də isə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında prezident daşqın bölgəsindəki vəziyyətə toxunanda bildirdi ki, qış gələnə qədər təbii fəlakətdən ziyan çəkənlərin evləri bərpa olunacaq, ya da təzə evlər tikiləcək.

Sakinlər isə deyir ki, üstündən 3 ay keçsə də vədlər yerinə yetirilmir, üstəlik kompensasiyalar da düz-əməlli verilmir:

«Camaata ziyan tam ödənməlidir. Bizə ayrılan kompensasiya çox cüzidir».

Avqustun 12-də isə bir qrup sabirabadlı yaranmış vəziyyətə etiraz olaraq Sabirabad –Şirvan yolunu bağlamağa cəhd edib.

HEÇ KƏS BİLMİR Kİ, O PUL NƏ ÜÇÜNDÜR

Ulacalı kənd sakini Vaqif Alışov deyir ki, sakinlər dövlətin ayırdığı kompensasiyaların bölünməsi qaydasına və ünvanına düzgün çatdırılmamasına etiraz edirlər:
«Kür» vətəndaş cəmiyyətinin üzvü Mehman Əliyev


«124 adam 400 manatdan 100 manata qədər pul alıb. Heç kim də dəqiq bilmir ki, bu kompensasiyadır, təmir üçündür, ya nədir».

«Kür» vətəndaş cəmiyyətinin üzvü Mehman Əliyev deyir ki, təbii fəlakətdən 3 aydan çox vaxt keçsə də, hələ vətəndaşlara yardım edilməyib.

«Vəziyyət pisdir. 3 ay vaxt keçsə də, ən çox zərərçəkmiş insanlara bu vaxta qədər bir qəpik də olsa pul verilməyib.. Həftədə beş manat adambaşına pul veilməlidir. Yerli icra orqanları və bələdiyyələr bunu elə paylayırlar ki, iki həftəyə 5 manat düşür. Aya 20 manat yerinə 10 manatlıq ərzaq paylanır».

Rəsmi məlumata görə, bu ilin yazından başlayaraq ölkənin 40 rayonunun ərazisində subasma halları olub, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb.

XS
SM
MD
LG