Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:47

Protokol imzalanarsa...


Eldar Sabiroğlu
Eldar Sabiroğlu
«Rusiya Ermənistan hərbi əməkdaşlığına dair imzalanacaq sənədlə bağlı şərh vermək tezdir». Bunu AzadlıqRadiosunun İşdən Sonra proqramında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, yeni sənəd imzalandıqdan sonra rəsmi münasibət ortaya qoyulacaq.

«Konkret şərh vermək tezdir. Hələlik fakt mövcud deyil. Nə zaman ki, yeni vəziyyət yaranacaq, o zaman ölkəmizin rəsmi strukturları münasibətlərini açıqlayacaqlar. Buna tələsmək lazım deyil».

TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ QÜVVƏ YERLƏŞDİRƏCƏK?

Eldar Sabiroğlu Türkiyənin və ya hər hansı bir ölkənin Azərbaycanda hərbi kontingentinin yerləşdirilməsinin gündəmdə olmadığını deyib.

«Suveren Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini, heç bir ölkədən asılı olmayacağını qorumaq naminə hər hansı ölkənin öz ərazisində hərbi strukturunu kontingentini yerləşdirməyi düşünmür. Gələcəkdə tələb ortaya çıxarsa, bu olar. Bizim hərbi doktrinada da bu var. Ancaq hazırda bu nəzərdə tutulmayıb».

SƏNƏD İMZALANARSA...
Cəsur Sümərinli


Hərbçi ekspert Cəsur Sümərinli nazirlik rəsmisinin bu məqamda açıqlamalarına təəssüf etdiyini bildirib. O deyib ki, bu sənəd imzalanarsa, Azərbaycanın təhlükəsizliyi şübhə altına düşə bilər.

«Təəssüf edirəm ki, belə bir kritik məqamda bu məsələyə belə münasibət bildirirlər. Hər hansı bir sənəd imzalandıqdan sonra gec olacaq onun barədə dəyişiklik əldə etmək. Mən hesab edirəm ki, Rusiyanın prezident administrasiyasının rəsmi veb saytında yerləşdirilmiş bu layihə Cənubi Qafqaz regionunun, xüsusilə Azərbaycanın təhlükəsizliyinə çox ciddi bir təhdiddir».

TOYDAN SONRA NAĞARA EFFEKTİ


Digər hərbçi ekspert Üzeyir Cəfərli isə sənəd imzalandıqdan sonra ortaya qoyulacaq rəsmi münasibəti toydan sonra nağara adlandırıb və bunu effektiv olmayacağını deyib.

Üzeyir Cəfərov
«Toydan sonra nağara kimə lazımdır. Bu müqavilə olacaqsa narazılığımızı bildirək, etirazımızı bildirək. Nə dəyişiləcək. Bir müddət danışılacaq sonra yaddan çıxacaq».

HEÇ BİR ETİRAZ ONU DAYANDIRA BİLMƏZ

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyib ki, sənədin imzalanması haqda qərar verilibsə, heç bir etiraz onu dayandıra bilməz.

«Əgər iki ölkə razılaşıbsa və ayın 19-u buna imza atacaqsa, hər hansı bizim etirazımız inanmıram onun qarşısını kəsə».

Hərbi ekspert Üzeyir Cəfərli Rusiya və Türkiyə hərbi gücü barədə danışarkən onların müqayisəgəlməz olduğunu bildirib. O deyib ki, Türkiyə NATO-da aparıcı yerlərdən birini tutur. Hərbi ekspert bildirib ki, bu sənədin imzalanması ilə regionda yeni proseslər də başlaya bilər.

«Regionda proseslər başlaya bilər. Bu, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın imzalanmasına təkan verə bilər».
XS
SM
MD
LG