Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Azərbaycan Rusiya ilə Ermənistanın hərbi sazişini araşdırır


«Rusiya ilə Ermənistan arasında hər hansı bir saziş, hər hansı bir müqavilə iki dövlətin işidir. Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bütövlükdə, bölgədə adi və strateji silahların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələlər deyil, eyni zamanda, ATƏT-in Avropada təhlükəsizlik konsepsiyasına müvafiq olaraq «cinah sazişi» ilə nizamlanır. Hazırda bu kvotanı bizim hərbi mütəxəssislər, ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri hesablayırlar. Bunlar öyrənildikdən sonra, Azərbaycan hökuməti münasibət bildirəcək», - Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. «RİA-Novosti» agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxovun açıqlamasında Bakının Rusiya tərəfinin Ermənistanda yerləşdirdiyi Rusiya hərbi bazasındakı resursların və silahların Azərbaycana qarşı işlənməyəcəyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağına ümid etdiyini bildirib.

Həsənov deyib ki, 1992-ci ildə ATƏT-in «cinah sazişi»nə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub; eləcə də sənəddə Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən, hərbi texnika, təyyarələr, tankların və digər maşınların miqdarı dəqiqləşdirilib - hər ölkə üçün kvota müəyyənləşib.

«Bu kvotaların kənarında neçə illərdir Dağlıq Qarabağda ATƏT-in nəzarətindən kənar silahlar və silahlı qüvvələr cəmlənib. Bunların heç bir nəzarəti, heç bir hesabatı aparılmır. Ermənistanın özünün silahlı qüvvələrinin kvotasına, eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir - yəni Rusiyanın Ermənistanda yerləşdirdiyi silahlar həmin kvotadan çox ola bilməz».
XS
SM
MD
LG