Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:57

Homeri, Şekspiri, Bayronu, Puşkini, Sabiri necə "yıxıb-sürüyüblər"?


Şekspir, Puşkin, Qoqol, Balzak, Mirzə Fətəli, Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov!

Adları böyük ehtiramla çəkilən sənət bahadırları, xalqların iftixarı, milli qüruru, müqəddəs məbədləri!

Bu gün bizə qəribə gəlir ki, həmin bu dahilərə ağır büzənlər, əsərlərini bəyənməyənlər və ən dəhşətlisi, onlara dərs deyənlər, öyüd-nəsihət verənlər, “başlarına ağıl qoyanlar” da olub...

HOMER HAQQINDA
İnsana məxsus olan hansı alçaq və murdar cəhətlər varsa, oğurluq, pozğunluq, bir-birini aldatmaq – hamısını yalançı Homer və Hesnod allahlara şamil etmişlər.
KSENOFON
(bizim eradan əvvəl
VI əsr)

DANTE HAQQINDA
Bu əsərdə (“İlahi komediya”) yaxşı nə varsa xristianlıqdandır, pis nə varsa – əsərdən və müəllifin zövqündəndir.
(F.R.- de Şatobrian, 1802)

VİLYAM ŞEKSPİR HAQQINDA
Şekspirin nə tragik, nə də komik istedadı var. Onun faciələri sünidir, komediyalarında isə o, ancaq instinktə arxalanır. “Maqbet”dən gülünc bir əsər tapmaq çətindir.
(Forbs, XVII əsr tənqidçisi)

Şekspir – plagiatordur, bütün əsərlərini ondan-bundan köçürüb, özü heç nə yazmayıb. O, qafiyəsiz şeir quraşdırmaqdan başqa heç nə bacarmır.
(Qrin, “Bir qəpiklik zəka”
məqaləsi, 1592)

Bu Şekspir kobud və Barbar bir zəkadır.
(Lord Şeftsberi)

Şekspirin əsərləri tamamilə dumanlıdır, anlaşılmazdır.
(Con Drayden, XVII əsr)

Bu şair tarixi həqiqətləri təhrif edir.
(Lennoks)

Yadımdadır, aktyorlar Şekspirdən razılıq edirdilər ki, heç vaxt əl yazmalarında bircə kəlmə qaralayıb pozmur. Mən onlara dedim: kaş ki, o, əsərlərində minlərlə kəlmə pozaydı.
(Ben Conson, ingilis dramaturqu, Şekspirin müasiri)

Şekspirin komizmi çox kobuddur, adamı güldürmür. Ağıldan məhrum təlxəklikdir.
(Semyuel Fut)

Şekspir neyləsin? Gərək bir təhər başını dolandıraydı da?
Bəs çörəyi nədən çıxaraydı?!
(Pop, 1725)

“Yuli Sezar” çox soyuq və adamı həyəcanlandırmağa qadir olmayan bir faciədir.
(Ben Conson)

“Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın!
(Volter)

Bütün köntöylüyünə baxmayaraq hətta Şekspir də kitab-zad oxuyarmış və az-çox məlumatı varmış.
(Laqarp. Ədəbiyyat
kursuna giriş)

Şekspirin “Otello” adlı faciəsində həmin bu zənci Otello arvadını boğub öldürməmişdən qabaq iki dəfə onu öpür. Mərifətli adamlara bu iyrənc görünür. Amma Şekspirin pərəstişkarları israr edir ki, həmin bu Otello çox gözəl insandır, illah da ki, zəncidir.
(Volter. “Fəlsəfə lüğəti”)

Şekspir kimi ikinci dərəcəli müəlliflər və aşağı səviyyəli şairlər...
(Delandon, 1804)

Şekspir heç bir fərli şey yazmayıb, yazdıqları hamısı zibildir.
(F.F.Kokoşkin, Malı teatrın
direktoru, XIX əsr)

Niyə, Şekspir pis deyil, onun başı cürbəcür məzəli şeylərlə doludur.
(Alman tənqidçisi
Bentheym, 1680)

MOLYER HAQQINDA

Molyer gərək jarqondan, ara sözlərindən, kobud dildən əl çəksin, düzgün fransız dilində yazsın.
(Jan de Labruer, 1689)

BOMARŞE HAQQINDA
Bu əsər (“Fiqaronun toyu”- red.) iyrənc əsərdir, heç bir vaxt oynanmayacaq.
(XVI Lüdovik)

VOLTER HAQQINDA
Məni ən çox təəccübə gətirən Volterin kitabları deyil, o məsələdir ki, bu kitabların xeyli oxucusu var və hətta həmin oxucuların arasında bəziləri özünü ağıllı hesab edir.
(Abbat Qiyon, 1759)

Onun əsərlərini çox sərt mühakimə etməyə dəyməz. Onlar ciddi tənqidə tab gətirə bilmir. “Kandid”də nə süjet, nə plan, nə dərin məna, nə də həmin əsrin bəzi ingilis romançılarına xas olan parlaq boyalar var.
(Qrimm, mart, 1759)

LOMONOSOV HAQQINDA
Lomonosov poeziyasının ən əsas nöqsanı odur ki, bu poeziyanın xəlqiliyi çatmır.
(Nadejdin, “Molva”, 1833)

GÖTE HAQQINDA
Göte və Şiller – böyük, amma həddən artıq şişirdilmiş şairlərdir. Onların qızıl çələnglərində və qədər qəlp brilyant, saxta daş-qaş və qurğuşun var.
(Kamil Sent-Sans, “Paris
əks-sədası”, sentyabr, 1914)

Götenin hər sözünü peyğəmbər kəlamı hesab edirdilər, amma o heç bir vaxt elə bir şey demirdi ki, almanlara milli qürurlarından söz açsın, yaxud onları nəcib bir işə, igidliyə sövq etsin. O dünyadakı tarixi hadisələri biganəliklə seyr edirdi. Bircə hərbi təlimlərdən əsəbiləşirdi ki, onu poetik röyalardan ayırır.
(Mensel, 1839)

BAYRON HAQQINDA

Sözün düzü məncə “Bayron dühası” sadəcə olaraq axmaqlıq deməkdir.
(Lun Veyo, 1848)

İNGİLİS ƏDƏBİYYATI HAQQINDA
İngilis ədəbiyyatı heç ötəri nəzərə də layiq deyil.
(A.de Riverol “Fransız dilinin universallığı haqqında”, 1784)

FRANSIZ ƏDƏBİYYATI HAQQINDA
Qəribədir, amma fransızlar yazmaq öyrənəndən bəri, ta 1656-cı ilə qədər, yəni “Lettr provensial” yaranana qədər bir dənə də fərli kitab ortaya çıxarmayıblar.
(Volter, “Fəlsəfi lüğət”)

İSPAN VƏ İTALYAN ƏDƏBİYYATI HAQQINDA
İspan və italyan dillərində yazılmış əsərlər çox təhlükəlidir: onlar gənc qadınların əxlaqını xarab edir və pozur. Onları oxuyanın itkisi qazancından çoxdur.
(Fenelon, “Qızların tərbiyəsi haqqında”, 1687)

Mənə nə üçün Vidadinin “Durnalar”ını Seyid Əzim və Zakirin misralarını oxutdurursunuz? Əgər mən vaxtı ilə fikrimi bunlardan başqasına vermiş olsaydım, indi həqiqi türk dili və ədəbiyyatını bilmiş olardım.
(“Dirilik” jurnalı,
16 noyabr, 1914)

REALİZM HAQQINDA
Klassisistlər gözəlliyi təsvir edirdilər, romantiklər gözəlliklə eybəcərliyi çarpazlaşdırırdılar, realistlər ancaq eybəcərlikləri qələmə alırlar.
(Pol Deşanel, “Deputat”, 1889)

PUŞKİN HAQQINDA
Puşkin əsrindən geri qalıb, moddan düşüb.
(Nadejdin, 1830)
“Yevgeni Onegin” – Puşkinin qəti süqutu deməkdir.
(Bulqarin, 1830)

Puşkinin əsərində nə hiss var, nə ideya, nə xarakter, yalnız, musiqi, sözlərin ahəngi mövcuddur. Hər şey hamar, təmiz- xırdaca daş-qaş, xırdaca almazlar!
(“Severnaya pçela”
qəzeti, 1840)

LERMONTOV HAQQINDA
Romanın əsas qəhrəmanı Peçorin təzə bir obraz deyil – o, rus məişəti və rus cəmiyyəti üçün tipik deyil. Qərb ədəbiyyatından gələn soyuq və eqoist bir şəxsiyyətdir.
(Bulqarin, “Severnaya pçela” 1840, №, 246)

QOQOL HAQQINDA
Qoqolun əsərləri çirklidir və bayağılıq baxımından Pol-de Kokun yazılarından da aşağıdır. Adamları olduqları kimi deyil, olmalı olduqları kimi təsvir etmək lazımdır.
(Şeveryov, “Moskovski
nablyudatel”, 1834)

“Ölü canlar”da da, “Müfəttiş”də də rus naturası natəmiz, nahamvar, cır-cındırlı, sərxoş və vicdansız bir varlıq kimi göstərilir.
(Bulqarin, “Severnaya
pçela”, 1845, № 27)

VİKTOR HÜQO HAQQINDA
Mən get-gedə sayı artan oxuculardan biriyəm, o qisim oxuculardan ki, Hüqonun qeyri-adi şöhrətini qeyri-adi fırıldaq hesab edirlər.
(Lun Veyo, “Kainat”,
2 fevral, 1842)

Çox vaxt cinayəti düşünüb hazırlayan onu icra edənlərdən qat-qat artıq müqəssirdir. Əgər səfillər özləri cəmiyyətə qarşı üsyana qalxsaydı, onların vurduqları ziyan yenə də Viktor Hüqonun “Səfillər”inin zərərindən az olardı.
(A.de Lamot,
“Biabırçı peşələr”, 1877)

Siz fransız dilindən imtina etsəz, fransız dili sizdən inciməz, çünki onsuz da çoxdandır onun başına yaman oyunlar açırsınız. Gələn kitabınızı almanca yazın.
(J.B.de Orevill. Viktor Hüqoya açıq məktub. “Fiqaro” qəzeti, 1872, aprel)

BALZAK HAQQINDA
Şübhəsiz ki, cənab de Balzak heç vaxt yaxşı roman yaza bilməyəcək.
(Peltan, 1833)

Balzak təbibdir, ayıblı xəstəliklər üzrə mütəxəssisdir. Bəli, bəli, həmin o təbiblər kimi Balzak da açıq-saçıq söhbətlər hərisidir, onlar təki özgə yataqlarını pusmaqdan zövq alır, alverçi bazar arvadları kimi, manikürçü qızlar kimi, qeybətcil qarılar kimi artıq-əskik danışmağı xoşlayır.
Bizim ən məhsuldar romançımıza ev hündürlüyündə peyin qalağı lazımdır ki, onun üstündə bir neçə solğun və xəstə çiçək bitirsin. Balzakın üslubu naz-qəmzəlidir, həm də işvəlidir, əsəbiləşdiricidir, boyalıdır, bər-bəzəklidir, məstedici və pozucudur.
(Sent –Bev, fransız tənqidçisi, 1840)

STENDAL HAQQINDA
Nə səbəbə görə bu uğursuz romanlara (“Parma monastırı” və “Qırmızı və qara” nəzərdə tutulur – red.) belə böyük əhəmiyyət verirlər?! Axı, ayrı-ayrı səhifələr istisna olunarsa bu romanlar ancaq ikrah hissi doğurur.
(Sent Bev, 1857)

Jorj Sand
JORJ SAND HAQQINDA

Ah, madam! Haçansa siz abırlı-həyalı bir qız olmusunuz. Yazmağı boşlayın və onda bəlkə hələ abırlı-həyalı qadın ola bildiniz.
(P.J.Prudon. “İnqilabda və
kilsədə ədalət haqqında”, 1858)

Bu dəhşətli Jorj Sand – qarışıq bir məxluqun tipik nümunəsidir – yarımçıq qadın, yarımçıq kişi! Kentavr yarı insan, yarı at olan kimi!
(Jozef Peladan,
“Məhəbbət elmi”, 1911)

M.F.AXUNDOV HAQQINDA
Mirzə Fətəli Axundov kimi laməzhəb şəxsi yad edib onun şəninə kitab yazan özü də gərəkdir mürtəd olsun.
(İsgəndər bəy Rüstəmbəyov)

HƏSƏNBƏY ZƏRDABİ
Dustan, vilayət nadansız olmaz. Dünya belə gəlib, belə də gedəcək. Təfavüt nadanların çox-azlığındadır və bizim xahişimiz onları azaltmaqdır və bu səbəbə belə meydanbazlıq edən nadanlara cavab yazılmasa qəzet çıxarmaq olmaz...

...Qarabağinin həcvini (H.Zərdabiyə kobud həcv yazmış Həsən Qara Hadi nəzərdə tutulur-red.) onların xahişinə görə çap etməyə izn olmadı. Amma ol cənab və onu fitləyən əşxas məyus olmasınlar ki, belə kamallı sözlər pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub onun üstünə zikr olunan həcvi qazdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən nə zəhmət ilə milləti –islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm.
(H.Zərdabi. “Əkinçi” qəzeti, 1877, № 12)

MALLERME HAQQINDA
Fransız şairi Mallermeni fransız dilinə belə tərcümə etmək çətin işdir.
(Jül Renar. Gündəlik, 1898)

FLOBER HAQQINDA
Bütün Floberi mən iki qəpiyə dəyişərdim.
(Leon Dode, 1895)

İMPRESSİONİSTLƏR HAQQINDA
İmpressionizm millətin axırı, Fransanın sonu deməkdir.
(Jan Jerom, “Rəssamların
qəzeti”, 1894)

İmpressionizm nədir? Təsəvvür edin ki, pişik pianonun dilləri üstündə gəzintiyə çıxıb, yaxud meymunun əlinə boya və fırça düşüb – budur impressionizm!
(Alber Volf, “Fiqaro”, 1875)

Lepeletye küçəsinin heç bəxti gətirmir. Opera yaranandan sonra bu məhəllə təzə bir qəzaya düçar olub. Burda üzdəniraq rəssamların sərgisi açılıb; beş ya altı dəli, bir dəstə böyüklük iddiasına düşmüş sərsəri – yığışıb əsərlərini nümayiş etdirirlər. Bu şəkilləri görən adamların gülməkdən qarınları qırılır.
(“Fiqaro”, 1875)

ZOLYA HAQQINDA
Bu abırsız Zolya...
(Jabye, “Həftəlik revyu”, 1909)
Ürəkbulandırıcı dil və biabırçı detallar – bundan başqa Zolyanın kitablarında nə var?
(Antuan Laport, “Zolya
Zolyaya qarşı”, 1896)

MOPASSAN HAQQINDA
Çox erkən yaşda ümumi iflicdən vəfat edən bu zavalı yad olunmağa layiqsə belə, bu hüququ kobud və cüzi istedadıyla deyil, qeyri-adi şöhrətiylə qazanmışdır. Bu şöhrətin səbəbi də odur ki, Mopassan tamamilə camaatın aşağı zövqünə uyğunlaşmışdır.
(Leon Dode, “XIX əsr
əbləhi”, 1922)

ÇEXOV HAQQINDA
Doğrudan da siz gərək uzun müddət pyes yazmaqdan vaz keçəsiniz. Səhnə sizi sıxır, uğursuzluğa düçar edir, sizin istedadınız dramatik istedad deyil.
(Pleşeev, Çexova
məktubdan, 1889)

İvanov surəti – rus ziyalısına böhtandır.
(“Sın oteçestva”, “İvanov” pyesi haqqında, 1839)

LEV TOLSTOY HAQQINDA
“Anna Karenina əyləncəli, amma boş və mənasız bir nağıldır... L.Tolstoy cəmiyyətin əxlaqi səviyyəsini aşağı salan yazıçılardandır.
(P.Tkaçev. Tənqidi felyeton. “Delo”, 1875)
“Anna Karenina”da təbiət təsvirləri iyrəncdir.
(A.M.Skabiçevski. “Birjevıe
vedomosti”, 1875)

Mən indicə L.Tolstoyun yeni pyesini oxuyub qurtardım və dəhşətdən özümə gələ bilmirəm. Yəni doğrudan bizim xalqımız L.Tolstoyun təsvir etdiyi kimidir? Bir şey haqqında da düşünmək lazımdır – rus kənd məişətinin bu sayaq göstərilməsi sərhədlərimizdən kənarda xaricilərə necə təsir bağışlayar? Rusiyaya qarşı nifrət püskürən xarici mətbuat bizdəki hər hadisəni hərisliklə izləyir və xırda, yaxud uydurma faktları şişirdib, rus həyatının məşəqqətli səhnələri kimi qələmə verir. Deyəcəklər, budur, ruslar özləri öz xalqlarının məişətini bu cür təsvir edirlər.
(K.Pobedonostsev.
III Aleksandra məktub.
18 fevral, 1887)

CƏLİL MƏMMƏDQULUZADƏ HAQQINDA
Həzarat! Mən danışmaq istəməzdim. Lakin şəri təklif məni danışmağa vadar edir. Bir nəfər şəxs çıxıb ortalığa. Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxardır. İndiyə kimi hər nə cəfəngiyyat yazıb, onunla işim yoxdur. Özü bilir, öz Allahı... Ancaq axır vaxtlarda islamın kökünə balta vurmağa başlayıb. Yazır ki, müsəlmanlar arvadlarını açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz. Bunun müqabilində bir tədbir lazımdır.
(Bakı qazısı
Mirməhəmmədkərimin
nitqindən, 25 may, 1907)

Mənasız və faydasız sözlər yerinə ümumin mənfəətinə yarayacaq ciddi mütəfərriqələrlə səhifələrinizi doldursanız daha eyi hərəkət etmiş olursunuz zənnindəyiz.
(“Şəlalə” jurnalı
“Molla Nəsrəddin” jurnalı
haqqında, 20 iyun 1913)

Müəllif səhnə və ədəbiyyatdan çox da bixəbər deyilmiş. Çünki adətən, bir ədib öz fikrini, öz ideyasını həmin ideal bir adamın ağzı ilə söylər. Halbuki, “Ölülər”in müəllifi bir keflinin ağzı ilə danışır.
(“Açıq söz” qəzeti,
2 may 1916)

Dəfələrlə qeyd edildiyi kimi “Molla Nəsrəddin”in dili bərbaddır. “Molla Nəsrəddin” məcmuəsi tədricən dilini dəyişdirməli və bugünkü ədəbi dilimizlə uyğunlaşdırılmalıdır.
(“Kommunist” qəzeti,
12 noyabr 1929)

M.Ə.SABİR HAQQINDA
“Şeirinizdə türkcəyə (azərbaycancaya – red.) müxalif bəzi əlfaz və cümlələrlə bərabər qəvaidi-əruzə dəxi müğayir bəzi misralar və kəza mütəəddid imalələr rast gəldiyimizdən təshihə lüzum gördük”.
(“Həyat” qəzeti, 1 iyul 1905. İdarədən qeyd)

Ə.HAQVERDİYEV HAQQINDA
Ancaq təəssüf ki, əksər tatar (Azərbaycan – red.) pyesləri kimi o da (“Dağılan tifaq” – red.) quruluş bütövlüyü cəhətdən qüsurludur. Burada nə ehtirasların məntiqi inkişafı, nə də onların mübarizəsi var.
(Həmin qəzet, 14 fevral 1899)

(ixtisarla)

525-ci qəzet
(“Qobustan” toplusundan, 1972, № 4)
XS
SM
MD
LG