Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:02

Etiraz edənə yumruq cavabı


May ayından sellə-suyla vuruşan Kür qırağı rayonların sakinləri indi də yerli hakimiyyət orqanları ilə kompensasiya uğrunda mübarizə aparırlar. Ancaq deyirlər ki, yerli məmurlar kompensasiya əvəzinə onlara yumruq göstərirlər.

AL, SƏNƏ KOMPENSASİYA


Sentyabrın 1-də Saatlı rayonunun su altında qalmış bir neçə kəndinin sakini rayon icra hakimiyyəti qarşısına yığışıb uçulub-dağılan evlərinə görə onlara verilməli olan pulun niyə verilməməsini soruşmaq istəyiblər. Saatlı rayonu Dəllər kənd icmasının rəhbəri Lazım Ümidov deyir ki, icra hakimiyyətinin əməkdaşları onların qarşısına cangüdənlərlə çıxıblar. Onları dinləmədən tökülüblər üstlərinə:

«İcra hakimiyyətinin qarşısına ona görə yığışmışdıq ki, soruşaq görək, qabağı qış gəlir, evlər qalıb suyun altında, təmir olunmur, bu nə oyundur, biz əziyyət çəkirik axı. Başçı yaxınlaşdı bizə, çatar-çatmaz başladı təhqirə. Heç ağzımız açmamışdıq, müavinləri, cangüdənləri töküldülər üstümüzə. Bizi döyüb-təhqir eləyəndən sonra apardılar polis şöbəsinə. Üstümüzə də maddə qoydular ki, iğtişaş aparmısız, icra başçısına təzyiq göstərmisiz».
Bir qrup sabirabadlı avqustun 31-də isə Prezident Aparatının qarşısında etiraz edirdilər


Lazım Ümidov deyir ki, onu və daha üç nəfəri polis şöbəsində bir neçə saat saxlayandan sonra məhkəməyə aparıblar. Camaat da polis şöbəsinin qabağına yığışıb onların buraxılmasını tələb ediblər. Axşam məhkəmə olub, onları buraxıblar.

İCRA BAŞÇISININ MÜAVİNLƏRİ DEYİRLƏR Kİ, BİZ HEÇ KİMİ DÖYMƏMİŞİK

Adamları döyüb təhqir etməkdə adları çəkilən icra başçısının iki müavini Rahib Salahovla Ağa Əsədov isə deyilənləri qəbul etmirlər.

Rahib Salahov:

«Çox söz deyə bilərlər, mən adam-zad döyməmişəm».

Ağa Əsədov:

«Belə şey olmayıb. Mən indiyə kimi heç kimin xətrinə belə dəyməmişəm».

Dünənki hadisədən sonra bu gün-sentyabrın 2-də Nərimankənd, Musalı və Dəllər kəndlərinin 100-dən artıq sakini yenidən rayon mərkəzinə yığışıb etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından biri Afər Mənsurov:

Aksiya iştirakçısı Vahid Mehrəliyev isə deyir ki, qapını qış alsa da, su altında qalmış evi haqqında ona heç kim heç nə demir
«Dünənki hadisəyə etiraz edirik. Haqqını tələb edən adamları rayon rəhbərliyi döyüb polisə apardı. Düzdür, sonra buraxdılar. Biz tələb edirik ki, gəlib üzr istəsinlər. Ancaq heç kim gəlmir».

NÖVBƏTİ VƏD

Aksiya iştirakçısı Vahid Mehrəliyev isə deyir ki, qapını qış alsa da, su altında qalmış evi haqqında ona heç kim heç nə demir:

«Bugünkü günə qədər camaatın 70 faizinə kompensasiya ödənilməyib. 8 nəfər ailə üzvüm var, hələ bir manat kompensasiya almamışam. Evlərlə bağlı da deyilər ki, uçan evlər tikiləcək, təmir olunmalılar təmir olunacaq, ancaq nə təmir var, nə tikinti, yalan vədlərdir».

Bugünkü etiraz aksiyasına Saatlı rayon icra hakimiyyətinin birinci müavini İlham Quliyev gəlib. Adamlara 4 gün müddətinə kompensasiyaların ödənəcəyi vədini verəndən sonra aksiya iştirakçıları dağılışıb.

«Kür» vətəndaş cəmiyyəti isə daşqından zərər çəkən adamlara qarşı zorakılığı pisləyən bəyanat yayıb. Bəyanatda zərərçəkənlərə təzminat verilməsi üçün ayrılan vəsaitin mənimsənilməsi də pislənilir.

Saatlı və Sabirabad rayon prokurorluğundan isə daşqın bölgəsində mənimsəmə faktı ilə bağlı cinayət işinin açılıb-açılmaması haqqında onlarda məlumat olmadığını bildirdilər.
XS
SM
MD
LG