Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:08

Bayraq səs-küyü


Dünyanın ən hündür bayrağının taleyi bu həftə bloqların əsas müzakirə mövzusu olub. Passat da bayrağın cırılmasından yazaraq, bunu ilahi ədalətlə bağlamağa çalışır:

«Qədim Romada qullar öz ağalarından acıqlarını əmək alətlərini sındırmaqla çıxardılar. Bizdə isə vəziyyət elə gətirib ki, insanlarımız ağalarının istehsal vasitələrini sındırmağa belə cəsarəti çatmadığından, yaxud bu imkandan da məhrum olduqlarından küləyin cırdığı bayrağa sevinməklə acıqlarını çıxırlar. Doğrudan da ölkədə dəhşətli bir vəziyyət yaranıb. İnsanlar artıq ümidlərini küləyə, selə, tufana və digər təbiət hadisələrinə bağlayıb. Baxmayaraq ki, bunlardan daha çox özləri əziyyət çəkir. Buna «çarəsizlik sindromu» da demək olar.
Mənim bayrağın cırılması ətrafında yaranan ajiotajda daha çox diqqətimi çəkən, bu hadisəyə «sevinənlər»ə qarşı səlib yürüşünün başlanması oldu. Heç bilmirdim ölkəmizdə bu qədər hərbi biletinə «9b» yazdırıb, yaxud müxtəlif üsullarla əsgərlikdən yayınaraq, bayraq sevgisinə bürünərək, bloq və forumlarda rusca mırtdaşan «patriot» (vətənpərvər) oğullarımız varıymış...».

Dünyanın ən hündür bayrağı cırıldı

«Gecə güclü küləyin təsirindən şappıldayan bayrağın səsinə bir neçə dəfə oyanıb baxdım bayrağa. Yaxşı görünürdü Bakı küləyində dalğalanan bayraq. Hələ bayraq rəsmi olaraq ucaldılmazdan əvvəl dəfələrlə məşq prosesinə baxmışdım və fikirləşirdim ki, görəsən bu böyüklükdə bayrağı Bakının küləyində saxlayacaq dirəyin mühəndislik işi hansı səviyyədədir».


Deffektiv sentyabrın ilk günündə Bakıda təntənəli açılışı olan Bayraq Meydanından və dalğalanan 3 rəngli bayraqdan yazır. Bayrağın asılandan bir gün sonra endirilmə səbəbini bloqçu öz gözləri ilə görüb:

«Bayrağın özünün davamlılığı da kifayət qədər ciddi məsələdir. Çünki Bayraq Cırılma Hallarını bundan əvvəl Azneft meydanında quraşdırılmış daha kiçik bayraq nümunəsində və Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət müəssisələrinin üzərində olan digər hallarda da görmüşdük, amma madam ki, bu «Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək. Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı...» onda yəqin ki, buna heç nə olmaz deyirdim.

Amma səhər işə tərəf addımlayarkən yarıya endirilmiş bayrağı artıq deşilmiş və ətəyinin cırılmış olduğunu gördüm. Bəlkə də bu normal hal olardı(dır) əgər bayraq 3 ilə, bir xeyli insanın yaşayış və iş yeri bahasına, bu qədər səs-küylü açılış və reklam, bir topa da pul bahasına başa gəlməsəydi...».

Dünən qalxan bayraq, bu gün endi....

Natiq Cəfərli
də bayraqdan yazıb:

«Bizim kimi, Rusiya kimi, ərəb ölkələri, Şimali Koreya kimi avtoritar rejimlərdə dövlət başçıları bu tipli oyuncaqları çox sevirlər və bununla qürur duyurlar, bunu vətənpərvərlik nümunəsi kimi anlayır və cəmiyyətə təqdim edirlər. Halbuki, əsil vətənpərvərlik dirəyin uzunluğu, bayrağın böyüklüyü ilə deyil də, vətənə, xalqa xidmətlə ölçülür.

Xülasə, bayrağı bu gün gecə endiriblər, nədəni də budur ki, külək əsir. Cənab məmurlar, məlumunuz olsun ki, Bakı küləklər şəhəridir, ilin 365 gününün 300 günü şəhərdə küləklər olur. Sizlər bunu nəzərə aldınızmı? Yoxsa bayrağımızı, prezident və onun qonaqlarının sıx-sıx keçdiyi yollarda açdığınız alveri olmayıb da, ancaq adı olan bahalı butiklər, brend mağazaları kimi, gözdən pərdə asaraq psevdo-inkişaf simvolunamı çevirmək istəyirsiniz???».

Amon Liz
ə görə, Bakı küləyi bayrağı acığından cırıb...:

«20 milyonun onun yaratdığı enerjiyə deyil, cındır əski parçasına sərf olunmasından acıqlıdır. Yəqin fikirləşir ki, bu qədər milyonları rəngli parçalara sərf etməkdənsə onun verdiyi enerjini anlaya bilən avadanlıq yaratmaq daha düzgün olardı. Hirslənib acıqdanmı, paxıllıqdanmı yekəqarın vəzifə sahiblərinin qeyrət göstəricisi olan ən «uzun» bayrağı cırdı. Bakılılar nefti parçaya sürtüb gəzirlər aradabir planlarını pozan küləyə ata-baba söyüşü yağdırırlar».

O bayraq nə prezidentindir, nə YAP-ın…

Mamedali bayrağın endirilmə səbəbi ətrafında dolaşan söz-söhbətə, bu hadisəyə sevinənlərə öz münasibətini bildirib:

«Azərbaycanda neçə yer var ki, turisti, ya da qonağı aparasan? Dubayda dəniz kənarında heç kəs şəkil çəkdirmir, fotolarda hamı Burc Əl-ərəbin fonuna qısılır. Qoy bizə gələn əcnəbi də «facebook» səhifəsinə dünyanın ən hündür bayrağının qarşısında çəkdirdiyi şəkli assın da. Pis nə var ki?...

Özünüz fikirləşin, o bayrağı tikdirəndə susdular, onun tikintisindən sement oğurlayanda susdular, bayraqı açanda da susdular, atəşfəşanlıq olanda da susa-susa balkondan izlədilər. Amma bayraq cırılanda onlara məzəli gəldi.

O bayraq nə prezidentindir, nə YAPın, nə də hansısa məmurun. O Azərbaycanın bayrağıdır. Başqa cür desək, prezidentin, xalqın, məmurun olduğu qədər, o mənim də, sənin də bayrağındır. Cırılanda hansısa məmurun tikdiyi bayraq yox, Azərbaycanın bayrağı cırılır. Yoxsa sizin başqa bayrağınız var?»

Rauf Ray sentyabrın 1-i Bakıda dünyanın ən hündür bayrağının yerləşdiyi Bayraq Meydanın açılış mərasimindən yazıb. Meydanın ümumi sahəsi 60 hektar, bayraq sancağının hündürlüyü isə 162 metrdir :

«Artıq Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağı dünyanın ən hündür bayrağı kimi «Ginnesin rekordlar kitabına» daxil olub».

***

Doktor Ravik
yazır ki, bayrağın cırılmasına görə əsas məsələ - Azərbaycan Beynəlxalq Universitetin bağlanması diqqətdən yayınıb:

«ABU-nun bağlanması müasir Azərbaycan tarixinin nadir şərəfli səhifələrindən biridir. Başağrısı olmasın, Azərbaycanda taksi sürücüsü, güləş məşqçisi, konduktor, ofisiant, ayaqqabı satan adətən öz tərcümeyi halına belə bir girişlə başlayır: «Qaqaş, mən də oxumuşam, ABU-nu qurtarmışam. Diplomu da atmışam qalıb evdə. İndi oxuyana (!) qiymət vermirlər».

***

Anar Məmmədliyə görə, söz azadlığı bir ehtiyacdır və insanlara onların azadlığa olan ehtiyaclarını dərk etməyə kömək edilməlidir:

«Bu ilin mayında Hamburqda Söz azadlığı ilə bağlı jurnalistlərin mükafatlandırma mərasimi keçrilirdi. Tədbirə qatılan rusiyalı yazıçı Viktor Yerofeyev qələmə aldığı bir pritçanı bizə nəql etdi. Yerofeyin pritçasında söhbət 5 yaşlı uşaqdan gedir. Bu uşaq 5 yaşına çatmış, amma valideynlərinin səylərinə baxmayaraq, hələ də danışmır, özünü sözlə ifadə edə bilmir. Amma günlərin birində 5 yaşlı uşaq yemək süfrəsini hazırlayan anasına müraciətlə, «ana yemək duzsuzdur, mənə duz ver» deyir. Ana çaşqın haldadır! Sakitcə duzu verir və soruşur:

- Oğlum demək sən danışa bilirsənmiş, amma danışmırdın... Niyə?

- Çünki danışmağa ehtiyacım olmayıb, - deyə uşaq cavab verir...

Yerofey bunu danışdıqdan sonra eləvə etdi ki, duza olan ehtiyac uşağı danışdırdı. Söz azadlığı da ehtiyacdır, kimsi bu ehyiyacı hiss edir, kimisi hiss etmir!...».

Bakı aeroportunda Naxçıvan terminalı uçurulur

Zöhrab İsmayıl
yazır ki, Binə Hava Limanının Naxçıvan terminalı tezliklə uçurularaq yerində yeni terminal tikiləcək. Baxmayaraq ki. Terminal bu yaxınlarda yüksək səviyyədə təmir olunmuşdu...:

«İndi onun yerində tikiləcək terminal xarici reyslər üçün nəzərdə tutulur. İndiki beynəlxalq terminaldan isə daxili reyslərə və MDB ölkələrinə uçuşlar həyata keçiriləcək.

Naxçıvan terminalı artıq köçürülməyə başlayıb. Müvəqqəti olaraq bu terminal Cənub terminalında küncdəki kafenin yerində yerləşəcək. Bura artıq bunun üçün hazırlanıb.

Naxçıvan terminalı bu yaxınlarda yüksək səviyyədə təmir olunmuşdu. İndi o yerlə yeksan olunacaq. Yeni terminal AZAL-a bir neçə yüz milyon manata başa gələcək. Bunun üçün dövlət büdcəsindən də vəsaitin ayrılacağı istisna deyil».
XS
SM
MD
LG