Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

Putinin paxırı necə açıldı


Vladimir Putin Çita-Xabarovsk marşrutuna başlamaq üçün Lada Kalinanın mühərrikini işə salır. 27 avqust 2010
Vladimir Putin Çita-Xabarovsk marşrutuna başlamaq üçün Lada Kalinanın mühərrikini işə salır. 27 avqust 2010
Bütün yayı Rusiyanın şərqində keçirən baş nazir Vladimir Putin haqqında az qala gündəlik TV reportajlar verilirdi. Rusiyanın rəsmi kanallarında onu gah balıq ovlayan ayıların iki addımlığında, gah da nəhəng balınaların yanında görə bilərdin.

MİLLƏT, LADA-KALİNA ALIN, PEŞİMAN OLMAZSIZ

Putinin sonuncu “macərası” da onun işgüzar və, necə deyərlər “canlara dəyən oğlan” imicinə töhfə kimi nəzərdə tutulmuşdu – baş nazir bülbülü sarı rəngli “Lada-Kalina” avtomobilndə Sibir yolları ilə 2000 kilometri bir-necə günə qət edirdi.

Avtoyürüş bir güllə ilə iki dovşan vurmağı nəzərdə tuturdu – həm qarşıda gələn prezident seçkiləri ərəfəsində Putinin populyarlığını artırmaq, həm də Rusiya avtomobil sənayesini xilas etmək.

Lada Kalinanın sükanı arxasında müsahibələr verən Putin böyük siyasətdən, iqtisadi nailiyyətlərdən ağız dolusu danışır, sözarası isə özü ilə bərabər sürdüyü avtomobili də tərifləməyi unutmurdu. Putin Kalinanı “etibarlı” və “rahat” maşın adlandırır, bütün ruslara, “xüsusilə, Yaponiya istehsallı maşınları sürənlərə” bu maşını almağı tövsiyyə edirdi,.

- Peşiman olmazsız, - deyə baş nazir səmimi tərzdə Lada Kalinaya zamin dururdu.

MƏRDİMAZARI AXTARMAQLA DEYİL Kİ...

Hər şey elə beləcə, Rusiyanın rəsmi təbliğat maşınının ümid etdiyi - yağ kimi başa çatacaqdı və ola bilər ki, minlərlə Rusiya sakini Lada Kalina almaq üçün avtosalonlara axışacaqdı, bir qrup gənc Sibir sakini olmasaydı.

Bu gənclər yolun kənarında durub Putinin avtomobil kortejini videoya çəkiblər. Videodakı görünənlər isə belədir: onlarla xarici markalı maşının arasında sarı Lada Kalina gedir, kortejin ortasında daha bir Kalina, bir neçə dəqiqdənə sonra isə üçüncü Lada Kalina özünü kortejə çatdırmağa çalışır, amma öz gedişi ilə deyil, yük maşınının yedəyində.

Bilmək olmur, maşın xarab olub, yoxsa ehtiyyat kimi baş nazirin reklam kampaniyasına əlavədir. Amma gəncləri gülmək tutur. Bu yollardan keçmək üçün bir Lada bəs eləməz, azından 3-ü lazımdır, deyə onlar zarafat edirlər.

İnternetdə yerləşdiriləndən bu videoyaya bir neçə gün ərzində 300 min adam baxıb.

Moskva ilə arası dəyən Belorus isə onu hətta dövlət televizayında nümayiş etdirib.

(Belorsun ONT kanalının süjetinin YouTube portalında yerləşdirilən görüntülərinə aşağıda baxa bilərsiz)



"PUTİN YEKƏ KİŞİDİR, MAŞINI ÖZÜ DƏ TƏMİR EDƏ BİLƏR"

Videonu çəkənlərdən biri, Semyon Şifrin AzadlıqRadiosuna müsahibəsində deyir ki, Putinin siyasətinə qarşı olmasa da, onun Lada “reklamını” gülünc hesab edir. O deyir:

- Biz heç gözləmirdik ki, bu qədər tərif yağdırılan Lada Kalinadan birdən-birə 3 dənəsini görəcəyik. Əgər onların məqsədi həqiqətən də bu maşını reklam eləmək idisə, onda niyə səfərə özləri ilə 3-nü birdən götürüblər? Putin yekə kişidi, maşın xarab olsaydı, özü də təmir edə bilərdi və bu səhnənin özü də ona xal gətirə bilərdi.

Semyon Şifrin və onun dostlatının çəkdiyi video rəsmi TV kanalların göstərdiyi mənzərə ilə kəskin təzad təşkil edir. TV kadrlarda ancaq bir Kalinanı görmək olardı. Baş naziri müşahidə edən yüzlərlə xarici markalı avtomobillərin izi-tozu belə bu görünülərdə yox idi.

Rusiya hökuməti çətin vəziyyətə düşən Lada maşınlarının istehsalçısı AvtoVAZ şirkətini xilas etmək üçün xeyli büdcə vəsaiti sərf edib. Buna baxmayaraq, Ladanın keyfiyytəsiz maşın olması haqda zarafatların və həqiqi əhvalatların sayı durmadan artır. Xüsusilə Rusiya dövlətinin nəzarət əli çatmadığı yeganə media olan internetdə.

Putinin korteji haqda video da onlardan biri.

RƏSMİ MOSKVA 25 İLDİR AVTOVAZI XİLAS EDİR

Bu zarafatlara son qoymaq heç də asan deyil. Lada haqda istehzalar ilk dəfə hələ 25 il əvvəl, hələ sovetlərin vaxtında yaranmışdı. O zaman yenicə hakimiyyətə gələn Mixail Qorbaçov gözlənilmədən elan etmişdi ki, AvtoVAZ tezliklə dünya avtomobil sənayesinin liderinə çevriləcək.

“Görünür arxa oturacaqda da pedallar qoyacaqlar” (velosiped pedalları nəzərdə tutulur) – deyə acı dillər dərhal istehzaya başlamışdırlar.

Sizcə, dövlət başçılarının dünyası ilə reallıqlar niyə fərqlənir? Olmaya, ətrafdakı məmurlar onları azdırır, yoxsa, rəhbərlərin özləri əhalini aldatmaq, öz arzularını həqiqət kimi qələmə vermək istəyirlər?
XS
SM
MD
LG