Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:14

37-ci ildə Əhməd Cavadın “murdar sifətini açan” qadın kim idi?


Əhməd Cavad
Əhməd Cavad

-

"OxuZalı"nda ən çox müzakirə edilən

Əhməd Cavada hücumlar

1937-ci ildə Azərbaycan Sovet Yazıçıları İttifaqının üçüncü plenumu başa çatıb. Plenum haqqında “Kommunist” qəzetinin 1937-ci il 28 Mart tarixli sayında məqalə yer alır.


Azərbaycan Sovet Yazıçıları İttifaqı plenumunun yekunları

Azərbaycan Sovet Yazıçıları ittifaqının III plenumu bir neçə gün davam edərək öz işlərini bitirdi.

Plenumdakı məsələlərin nə qədər kəskin və əhəmiyyətli olduğunu 50 nəfərə qədər yazıçının danışmaq üçün yazılması aydın göstərmişdir. Bunlardan 35 nəfəri öz sözünü söyləmişdir.

O cümlədən Süleyman Rüstəm, M. K. Ələkbərli, M.S. Ordubadi, Mkırtıçyan, M.Müşfiq, Sabit Rəhman, Əsəd Axundov, A. H.Rəsulzadə, M.Arif, Ə.Hidayət və sair yoldaşlar çıxışda bulunaraq ayrı-ayrı yazıçıların və ittifaq rəhbərliyinin nöqsanlarını kəskin tənqid atəşinə tutmuşlar.

Plenumda Azərbaycan K(b) PMQ kultur – maarif şöbəsinin müdiri Hökumə Sultanova yoldaş çıxışda bulunaraq, yazıçılar ittifaqının qüsurlarını və onun növbəti siyasi və yaradıcılıq vəzifələrini göstərmişdir.

Plenum üzvlərinin nəzərini ən artıq cəlb edən məsələlərdən biri ayrı-ayrı yazıçıların Əhməd Cavad, Yusif Vəzir, Seyid Hüseyn, A.B.Musaxanlı, Hüseyn Cavid, H.Sanılı, Səlman Mümtaz – yenidən qurulması, öz ədəbi yaradıcılıqlarını sovet məmləkəti, sovet xalqı, əməkçi kütlələri interesinə uyğun etməsi məsələsi idi.

Bu yazıçılardan keçmişdə müsavat partiyasını mədh edən, sovet dövründə də son ilədək sovet hakimiyyətinin gizli düşmənlərinə xidmət edən alçaq Əhməd Cavad ən artıq diqqəti cəlb etmiş və onun əvvəldən bu günədək yaradıcılığı hərtərəfli tənqid edilmişdir.

Əhməd Cavad artıq sovet platformasına keçdiyini isbat etmək üçün “Sədəf” adlı son romanını nişan vermişdir.

Hökumə Sultanova yoldaş bir para çürük liberallar tərəfindən təqdir edilən bu faşizm, müsavatizm və nasionalizmlə dolu kontrrevolusion əsərdən sitatlar gətirərək, Əhməd Cavadın murdar sifətini bütün çılpaqlığı ilə açmışdır.

Plenum, 17 il ərzində sovet üsuluna qarşı öz düşmənçilik duyğularını və açıqdan-açığa reaksion əqidələrini dəyişmədiyi üçün Əhməd Cavadı yazıçılar sırasından kənar etmişdir.

Tağı Şahbazi (Simurq)

Yenidən qurulması məsələsi daima Sovet Yazıçıları İttifaqını və sovet ictimaiyyətini düşündürən sabiq müsavatçı Yusif Vəzir, Seyid Hüseyn və habelə son vaxtadək Azərbaycan sovet həyatından bir şey yazmayıb da, daima obstrakt məsələlər və mövzularla əlləşən Hüseyn Cavid, sovet ədəbiyyatına qolçomaq idealogiyası gətirən H.Sanılı, keçmişi siyasi cəhətdən ləkəli olan, hazırda isə passivlik göstərən A.B.Musaxanlı, keçmişdə tacir olaraq sovet dövründə də bu tacirlik psixologiyasını sovet ədəbiyyatında yeridən Səlman Mümtaz və bütün ruhu, bütün varlığı ilə sovet məmləkətinə, sosializm quruluşuna sadiq olduğunu hələ də qəti sürətdə isbat etməmiş yazıçılara plenum son və qəti xəbərdarlıq edib onları hələlik yazıçılar sırasında saxlamağı qərara almışdır.

Plenum gənc şair M.Müşfiqin düşmən təsirləri altında düşdüyünü qeyd edərək, onu bu zərərli təsirlərdən tamamilə və bütünlüklə xilas etmək, onun siyasi səviyyəsində möhkəm dönüş əmələ gətirmək lüzumunu yazıçılar ittifaqı rəhbərliyinin və şairin özünün qarşısında qəti qoymuşdur.

Plenum ikiüzlü, alçaq, murdar Tağı Şahbazi (Simurq) və B.A.Talıblını yazıçılar sırasından kənar etmişdir.

Bütün bu məsələlərlə əlaqədar olaraq Azərbaycan Sovet Yazıçıları İttifaqı idarə heyətinin fəaliyyətindəki nöqsanlar da meydana çıxmışdır.

Bu nöqsanlardan ən ciddi və əhəmiyyətlisi təşkilat-siyasi işlərinin zəifliyidir. İttifaq öz üzvləri arasında kifayət qədər iş aparmamışdır.

Ara-sıra çağırılan ümumi iclaslar yalnız ayrı-ayrı siyasi hadisələrlə əlaqədar edilmiş, lakin müntəzəm siyasi iş, məsələn: leninizm, partiya tarixi, Stalin Konstitusiyasının dərindən öyrənilməsi, cari məsələlər, habelə zəmanəmizin əsas və elmi məsələlərini əhatə edən iş aparılmamışdır.

Buna görədir ki, bir çox yazıçılarımız siyasi cəhətdən tam savadsız hesab edilə bilər. Bir çox yazıçıların yaradıcılığında əmələ gələn kobud ideoloji səhvlər də bundan doğur.

Yazıçılar arasında internasional tərbiyə işi də lazımi yüksəkliyə qaldırılmamışdır.”


P.S. Plenumda adı çəkilən şair və yazarların əksəriyyəti repressiya dövründə güllələnib. O cümlədən məqələdə adı çəkilən Əhməd Cavad, Seyid Hüseyn, Salman Mümtaz, B.A. Talıblı...

“Hökumə İsmayıl qızı Sultanova (1909-1981) - dövlət xadimi” - Ismayıllı Rayon İcra Hakimiyyətinin saytındakı əslən by rayondan olan "görkəmli şəxsiyyətlərin siyahısı"ndan...

Hökumə Sultanova 19 yaşında Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi seçilmişdi.

26 yaşında Azərbaycan KP MK-nin şöbə müdiri vəzifəsində çalışmışdı.

İşləməklə yanaşı 1936-cı ildə o vaxtkı Marksizm-Leninizm İnstitutunu bitirmiş və uzun müddət indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və Azərbaycan Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifələrində çalışmışdı.

Hökümə Sultanova 1941-1947-ci illərdə "Azərnəşr"in direktoru, 1947-1951-ci illərdə Nazirlər Kabinetinin İncəsənət İşçiləri üzrə İdarəsinin rəisi (o vaxtlar bu idarə Mədəniyyət Nazirliyini əvəz edirdi), 1952-1954-cü illərdə Azərbaycan SSR-in Baş Litoqrafiyasının rəisi, 1954-1960-cı illərdə isə Nazirlər Soveti sədrinin müavini (bu vəzifədə ilk Azərbaycan qadını) vəzifələrində çalışıb.

1960-cı ildən H.Sultanova respublika Qadınlar Şurasının sədri kimi fəaliyyət göstərib...

XS
SM
MD
LG