Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:01

Namizədin sənədləri qəbul olunmur?


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyini irəli sürən müstəqil namizəd Bəxtiyar Hacıyev süründürməçiliklə qarşılaşıb. Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, bütün lazımi sənədləri toplayaraq seçki komissiyasına təqdim edib. Ancaq sonra problemlə üzləşib:

«Tələb olunan sənədlər arasında namizədin son 1 il ərzində gəlirlərinin mənbəyi və miqdarı haqqında məlumatı təsdiq edən sənəd olmalıdır. Mən də son 1 il ərzində Amerikada çalışmışam. Əvvəlcə Təhsil İnkişaf Mərkəzində, sonra isə Dünya Bankında işləmişəm. Hər iki qurumla müqavilələrimiz olub və o müqavilələrdə göstərilir ki, mən hansı tarixdən hansı tarixə qədər işləmişəm və hansı məvacib verilib. Hər ki sənəd elektron imza ilə imzalanıb».

Bəxtiyar Hacıyevin təqdim etdiyi elektron imzalı həmin sənədləri yerli notariuslar təsdiq etməyib. Notariusların təsdiq eləmədiyi sənədi də dairə seçki komissiyası qəbul eləmir.

Bəxtiyar Hacıyev deyir ki, o, dairə seçki komissiyasından sonra Mərkəzi Seçki Komissiyasına müraciət edib. Ancaq onu MSK-dan yenə DSK-ya, DSK-dan isə Ədliyyə Nazirliyinə göndəriblər:

«Ədliyyə Nazirliyində dedilər ki, qanunla tanış olmaq üçün bizə vaxt lazımdır. Bizi çevrəyə salıblar və bu çevrənin içində qalmışıq. Hazırlıqlara və təşviqata isə 30-35 gün vaxt qalıb».

Bəxtiyar Hacıyev deyir ki, o, hüquqşünaslarla məsləhətləşib. Ona sənədlərinin hüquqi baxımdan qanuni olduğunu bildiriblər:

«2004-cü il mayın 26-da ölkə prezidenti «Elektron imza və elektron sənədlər haqqında» fərman imzalayıb. Sənəd parlament tərəfindən qəbul olunub. Fərmanın işləməməsi mənim günahım deyil. Ona görə də bu gün DSK-ya sənədlərimi təqdim edəcəyəm. Artıq məsuliyyət DSK və MSK üzərində qalsın».

Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Haşımova isə AzadlıqRadiosuna bildirib ki, o Bəxtiyar Hacıyevlə bu məsələni araşdırıb:

«Bəxtiyar Hacıyevə bizim Seçki Məcəlləmizin tələbini, gəlirlərin miqdarı, mənbəyi barədə hansı təşkilatda çalışıbsa, onların təsdiqedici sənədini izah etmişəm. Biz sənədləri müvafiq dairəyə göndərdik ki, qanunla müəyyən olunmuş qaydada bu araşdırılsın. Başqa neyləməliyik ki?»

Bəxtiyar Hacıyev 2007-2009-cu illədə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində ictimai siyasət üzrə magistratura proqramında təhsil alıb. 2010-cu ilin may ayına qədər ABŞ-da işləyib. İyul ayında Azərbaycana qayıdıb.
XS
SM
MD
LG