Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:03

Mərdiməzar H.


AÇIQ ARXİVLƏR

“Kommunist” qəzetinin 6 fevral 1937-ci il sayında H. imzalı şəxs Elmlər Akademiyasının tanınmış alimlərini “ifşa edir”.



Xalq düşmənlərini və onların havadarlarını sonadək ifşa etməli

Mənfur düşmən öz burnunu xalq təsərrüfatımızın ayrı-ayrı sahələrinə soxduğu və öz qara əlaltı işlərini apardığı kimi elmi müəssisələrimizə də soxularaq bu müəssisələrimizin həqiqi yaradıcılıq işlərinə hər cür əngəllər və maneçiliklər törətməyə çalışırlar.

SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının dil- ədəbiyyat institutunu alalım.

Burada Ruhulla Axundov, Əhməd Triniç, Vəli Xuluflu, Buqspan, H. Zeynallı, Çobanzadə və Sapiro kimi kontrrevolusionerlər, onların quyruqları - havadarları olan Qulam Bağırov, ifşa edilmiş və partiyadan qovulmuş ikiüzlü Əli Nazim və başqaları uzun müddət özlərinə yuva salmış və öz xəyanətkar, çirkin işlərini apara bilmişlər.

Dil-ədəbiyyat institutu hələ 1934-cü ildə “Azərbaycan və rus dili lüğəti” və “Əcnəbi sözlər lüğəti” – ni çapa hazırlamışdır.

Lakin bu lüğətlərin böyük əhəmiyyəti olduğuna baxmayaraq, bu günədək hələ nəşr edilməmişdir.

Bu, həm də ona görə edilməmişdir ki, Azərnəşrin başında Azərbaycan əməkçiləri və onun kulturunun düşməni olan kontrrevolusioner Əhməd Triniç dururdu və o “Azərnəşr mühüm işlərlə məşğuldur, lüğət kimi çox əhəmiyyəti olmayan kitabların nəşri ilə məşğul ola bilməz” – deyə bu işi gündən günə yubadırdı.

Dil-ədəbiyyat institutunun Vəli Xuluflu və H. Zeynallı kimi “rəhbərləri” də Əhməd Triniçlə razılaşmaya bilməzdilər, çünki onlara lazım olan da bu idi.

SSRİ yeni əlifba komitəsi tərəfindən göndərilən nümayəndə, Ruhulla Axundovun və Mikayıl Hüseynovun qarşısında, Abşeronda yaşayan tatların dilini tədqiq etmək üçün ekspedisiya təşkil etmək məsələsini irəli sürürkən bu əclaflar həyasızcasına bu məsələni bu gün-sabaha salmışlar.

“15 il ərzində Azərbaycanda elm” məcmuəsində Azərbaycan xalqının yaradıcılığını bütün varlığı ilə işıqlandırmaq əvəzində, “Sabir və Molla Nəsrəddinin dilləri belə olmamışdır” kimi kontrrevolusion konsepsiya irəli sürən Çobanzadə və Qulam Bağırovun yazıları, dil və ədəbiyyat institutunun direktoru professor Zifeldin kəskin və qətiyyətli etirazına baxmayaraq, kontrrevolusioner Sapiro, Zeynallı və onun havadarı Seyidzadənin bilavasitə məcbur etməsi ilə nəşr edilmişdir.

Bu mürtədlər Az.Fan xətti ilə kadroların seçilməsində də, hazırlanmasında da, irəli çəkilməsində də öz ziyançılıqlarını apara bilmişlər.

Bəkir Çobanzadə
İnstitutun elmi işçilərinə konkret, aktual temalar verilməmiş, yaxşı çalışanları müxtəlif bəhanələrlə Az.Fan-dan uzaqlaşdırmış, və əsas həlqələrdə öz quyruqlarını yerləşdirməyə müvəffəq olmuşlar.

Bu ziyançılıqların ört-basdır edilməsində partiya namizədi Qulam Bağırov havadarlıq rolunu oynamışdır.

Kontrrevolusioner Zeynallının Az.Fan nəzdindəki Aspiranturanın rəhbərliyi vəzifəsinə çəkilməsi də təsadüfi deyildi.

Lakin bu institut Xalq Maarif Komissarlığının sabiq rəhbərliyinin bacarıqsızlığı nəticəsində istər işçilərin tərkibi etibarı ilə, istər iş planları etibarı ilə əvvəldə olduğu kimi qalaraq yalnız adı Azərbaycan pedoqoji elmi tədqiqat institutu qoyulmuşdur.

Bu institutda Qulam Ələkbərli, Veysəl Mustafayev kimi müsavatçılar özlərinə yuva sala bilmişlər.

Partiyamız, böyük ölkəmizin hər bir yerində, hər bir sahəsində olduğu kimi, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında və digər elmi müəssisələrində də özlərinə yuva tapmış xalq düşmənlərini ifşa etmişdir.

Lakin onların kökü hələ tamamilə kəsilməmişdir. İndiki vəzifə həmin əclafların quyruqlarını, havadarlarını sonunadək ifşa etməkdən ibarətdir.

Xalq düşmənlərinə və onların törtöküntülərinə SSRİ-nin heç bir küncündə yer verilmədiyi kimi, elmi müəssisə və idarələrimizdə də qəti sürətdə yer verilməməlidir.”

H.


P.S. Məqalədə adı çəkilən Triniç Əhməd Rəcəb 1983-cü ildə Albaniyada anadan olub. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə, 1917-ci ildə isə Bakıya köçüb.

1920-ci il aprel çevrilişinədək "Azərbaycan füqarası" qəzetində çalışıb. Sonralar bu qəzet "Kommunist" adı ilə nəşr edilib və Əhməd Triniç onun redaktoru olub. 1930-cu illərdə o, Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışırdı.

Əhməd Triniç 1936-cı il aprelin 19-da həbs olundu. Lakin onu güllələyə bilmədilər. O, elə məhbəsdə intihar etdi.

Vəli Xuluflu 1894-cü il mayın 26-da Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində doğulub. "Bakı fəhləsi" kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq edib.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkili vaxtı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olub.

1937-ci il oktyabrın 11-də Vəli Məmmədhüseyn oğlu Xulufluya ölüm hökmü çıxarılır. İstintaq işinə əlavə olunmuş aktda bildirilir ki, onu oktyabrın 13-də Əhməd Cavad və Bəkir Çobanzadə ilə bir gündə güllələyiblər.

Hənəfi Zeynallı 1895-ci ildə Bakıda doğulub. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərib və oranın baş redaktoru vəzifəsində çalişıb.

Hənəfi Zeynallı
1923-31-ci illərdə Azərnəşrdə işləyərkən o, "Kommunist", "Maarif və Mədəniyyət", "İnqilab və Mədəniyyət", "Maarif işçisi" jurnallarında əməkdaşlıq edib.1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub.

Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib.

H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.

Professor Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda anadan olub.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləyib.

1937-ci ilin yanvar ayının 28-də Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələrkən həbs edilib.

Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilib.

Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilib.

1938-ci il, oktyabrın 13-də hökm icra olunub.

Həmçinin
37-ci ildə erotikada suçlanan yazıçı
Çəmənzəminlini əvvəl tərifləyib sonra söyən tənqidçi
XS
SM
MD
LG