Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:27

Uzun saqqal problemi


Zaqatalalı dindarlar Mustafa Kazımov, Abakır Qazıyev və Allahyar Yusubov
Zaqatalalı dindarlar Mustafa Kazımov, Abakır Qazıyev və Allahyar Yusubov
“Zaqatalada uzun saqqallı dindarlara qarşı təzyiqlər artıb, polis bizi harada görürsə, tutub şöbəyə aparır, təzyiqlərə məruz qoyur, saqqalımızı qırxırlar”.

Bunu AzadlıqRadiosuna Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Allahyar Yusubov deyir. O bildirir ki, saqqalına görə sonuncu dəfə onu sentyabrın 28-də rayon polis şöbəsinə aparıb işgəncə veriblər:

DEYİRLƏR NİYƏ SAQQAL SAXLAYIRSAN?

“Məni əvvəllər də polisə aparıb döyüb-söyüblər. Sentyabrın 28-də məni yenə rayon polis şöbəsinə apardılar. Dedim getmirəm, mən cinayətkaram, nəyəm ki, şöbəyə aparırsız? Zorla maşına basıb apardılar. Paltarımı cırdılar, döydülər, aşağı tərəflərdən zərbələr, ürək nahiyəmdən yumruqlar vururdular.

Elə oldu ki, özümü saxlaya bilmədim, yıxıldım. Polisin müavini gəlib ayaqqabısını üzümə sürtürdü. Deyirlər, niyə saqqal saxlayırsan? Cavab verirəm ki, bu mənim hüququmdur, rəis deyir ki, burada olmaz. Su istəyirdim, vermirdilər.

Soruşuram ki, bütün bunlar nəyə görədir, deyirlər niyə saqqal saxlayırsan? Rəis deyir Zaqatalada saqqal saxlamaq olmaz. Sonra da məni sürüyə-sürüyə prokurorluğa apardılar. Prokuror deyəndən sonra buraxdılar...”.

Allahyar Yusubov deyir ki, saqqal məsələsinə görə şəxsiyyət vəsiqəsi də ala bilmir.

Allahyar Yusubov
Zaqatalanın başqa bir sakini Abakır Qazıyev isə deyir ki, sonuncu dəfə saqqal qırxma əməliyyatından sonra rayonu tərk etməli olub. Üç ildir ki, evinə, ailəsinin yanına 3 aydan bir, 5 aydan bir gizli gedir:

SAQQALIMI QIRXANDAN SONRA DEDİLƏR Kİ, GÖRÜRSƏN NƏ QƏŞƏNG OĞLAN OLDUN...

“Məni də dəfələrlə polis şöbəsində döyüb təhqir eləyib saqqalımı qırxandan sonra buraxıblar. Saqqalımı qırxandan sonra da deyirlər ki, görürsən nə qəşəng oğlan oldun. Axırıncı dəfə saqqalımı zorla qırxdılar. Qoymaq istəmirdim. Üç nəfər qollarımı arxaya burub qandalladılar, ayaqyoluna aparıb saqqalımı orada qırxdılar. Bizə deyirlər siz dövlətə qarşı çıxırsız. Biz də deyirik sübutlarınız varsa, göstərin”.

Rayonun başqa bir sakini Mustafa Kazımov təzyiqlərə görə Zaqatalaya az-az getdiyini deyir:

“Bizə ad qoyurlar, vəhhabi deyirlər. Biz küçəyə çıxa bilmirik. Demokratiya, müstəqillikdirsə, biz niyə görə qorxa-qorxa gəzməliyik?”.

Zaqataladan olan dindarlar deyirlər ki, başlarına gələnlərlə bağlı ombudsmana, Prezident Administrasiyasına və başqa dövlət qurumlarına şikayət etsələr də, şikayətlərinə cavab verilmir.

POLİS RƏİSİ VƏ MÜAVİNİ YERİNDƏ YOXDUR


Mustafa Kazımov və Abakır Qazıyev
Deyilənlərlə bağlı Zaqatala rayonun polis rəisi Faiq Şabanovla, onun müavini Kamandar Həsənovla əlaqə saxlamaq istədik. Hər dəfə növbətçi hissədən zənglərimizə cavab verəndə dedilər ki, nə polis rəisi, nə də onun müavini yerində yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə deyir ki, polis istənilən bölgədə uzun saqqallı, qısa şalvarlı adamları gördükdə ən azından qanunsuz, radikal dini cərəyanların nümayəndələri olub-olmamasını aydınlaşdırmaq üçün onları profilaktik söhbətə dəvət edə bilər:

PROFİLAKTİK SÖHBƏT


“Bu da polisin vəzifə borclarından biridir ki, bu kimdir, uzun saqqal, qısa şalvarla gəzir. Onların nə işlə məşğul olmaları, şəxsiyyətini müəyyənləşdirmək, həmin o cərəyanlara mənsub olub-olmamasını aydınlaşdırmaq üçün şöbəyə dəvət edə bilərlər. Rəis müavini Kamandar Həsənov həmin şəxslə profilaktik söhbət apardığını etiraf edir. Saqqalının qırxılması, işgəncə verilməsi haqqında dedikləri isə həqiqətdən uzaq iddialardır”.

BELƏ DAVRANIŞ DİNDARLARI RADİKALLAŞDIRA BİLƏR


Din eksperti Elşad Miri isə deyir ki, bu davranış dindarların hüquqlarının, azadlıqlarının pozulmasıdır. Belə davranış onları radikallaşdıra bilər:

Elşad Miri
“Çünki insanın özünün etiqad elədiyi hər hansı bir məsələyə bu cür yanaşıldığı zaman həmin adam qarşısındakına adekvat cavab verməyə çalışır. Bu, eyni zamanda insan haqlarına qarşı təcavüzdür. Çünki bu, qanunlara ziddir. Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var. O qanunda belə bir şey göstərilməyib. Belə bir məsələdə dindarlar bürokratik əngəllər törədən şəxsləri məhkəməyə versələr, müsbət nəticə ala bilərlər”.

Azərbaycanda dini azadlıqların pozulması beynəlxalq təşkilatların da hesabatlarında yer alır.

ABŞ Dövlət Departamentinin Azərbaycanda dini azadlıqlar haqda illik hesabatlarında da göstərilir ki, din azadlığının məhdudlaşması mülkiyyət mübahisələrində, saqqal və baş örtüyü, bəzi yerlərdə azan səsinə qoyulan qadağalarda özünü göstərir. Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.
XS
SM
MD
LG