Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:44

«Kənddə 90 faizin azuqəsi yoxdur»


Evsiz insanların dərdinin üstünə bir dərd də gəlib
Evsiz insanların dərdinin üstünə bir dərd də gəlib
YAĞIŞ YAĞDI, EVLƏR UÇDU

Payız gələli, evləri-həyətləri su altında qalmış Sabirabad kəndlilərinin dərdinin üstünə dərd gəlib. Yağışlar başlayıb, havalar soyusa da, evsiz qalanların daldalanacaq yeri yoxdur. Onlar hələ də tikilməkdə olan evlərə köçəcəkləri günü gözləyirlər.

Amma belələrinin vəziyyəti şükürlüdür deyəsən. Sabirabad rayonunun Mürsəlli kənd sakini Fərəc Kərimov deyir ki, yağışlar başlayandan qəzalı evlərin bir neçəsi ya uçub, ya da uçmaq üzrədir. Bu evlərə əncam çəkən isə yoxdur. Ev sahibləri icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə mürcaiət etsələr də kömək edən tapılmır.

Sabirabad rayonunun Azadakənd kəndində yağış evlərə yeni-yeni ziyan vurur. Kənd sakini Hacağa Qafarov deyir ki, su altında qalan bəzi evlər quruduqca ordakı çatlar da dərinləşməyə, böyüməyə başlayıb:

«Köhnə evlər vardı ki, onlarda bərpa-bərkitmə işi aparılmalıydı. Onlarda kiçik çatlar vardı, amma quruduqca çatlar böyüyür. Hardasa on-on beş belə ev var, onları yenidən tikmək lazımdır, bərpa-bərkitmədən keçib. Bir neçə, hardasa beş-altı ev uçub...Qəbiristanlıqda 40-50 qəbirimiz çöküb...».

Azadakəndin icra nümayəndəsi Amil Məlikov isə AzadlıqRadiosuna deyir ki, narahatlığa əsas yoxdur. Oktyabrın sonunadək evi uçanlar yeni evlərinə köçəcəklər. Artıq 100-dək evin damı vurulub. O ki qaldı, qəzalı və ya yağışdan sonra uçmağa başlayan evlərə...:

«Düzdür, komissiya gəlib-gedəndən sonra uçan evlər var. Komissiya yenidən gəlməlidir. Onların rəyini gözləyirik. Vallah çöldə qalan yoxdur. Hamının qohumu-əqrəbası, uşaq bağçamız, məktəbimiz var... ».

«80 YAŞLI ANAM QAPILARDA QALIB»

Daşqından sonra yararsız hala düşən evinə əncam çəkilməsini istəyənlərdən biri də Mürsəlli kəndindən olan Əlimağa Zeynalovdur. Onun qənaətincə, təmir-tikinti zamanı ayrı-seçkiliyə yol verilir. Komissiya evinin yararsız olmasına dair rəy versə də, təmir edilmir.

Əlimağa Zeynalov deyir ki, ötən əsrin 60-cı illərində qamışdan tikilmiş evin bir tərəfi artıq çöküb. Odur ki, köhnə bir damda yaşayırlar. Ora da üfunətdir:

«Evimin içində iki metr yarım su olub. Salamat qalan bir televizordur, bir də qab-qaşıq. İndiyə kimi bizə min manat yardım olunub. İcra hakimiyyəti deyir ki, bununla da qurtardı. O pul veriləndə uşağım əməliyyat olunub, 500 manatını ora verdim. 500 manat da kartofa, çaya, qəndə vermişəm. Bir manat yoxdur ki, evimi təmir edim. 80 yaşlı anam qapılarda qalır... Kömək yeri yoxdur».

Əlimağa Zeynalovun sözlərinə görə, artıq neçə aydır yollarda qalıb, vəziyyətlə bağlı icra hakimiyyətinə gedir, deyirlər ki, bizlik deyil, Bakıya get. Bakıya gedir, deyirlər, bu işlə icra hakimiyyəti məşğludur. İyirmi gündür Fövqəladə Hallar Nazirliyinin yerdəki əməkdaşını tapa bilmir ki, evinə yeni baxış keçirilməsi üçün ərizəsini versin...

Elə biz də gün ərzində nə rayonun icra başçısını, nə də onun müavini, Fövqəladə Hallar Komissyiasının sədri ilə əlaqə yarada bildik. Başçının köməkçisi şöbə müdirləri ilə danışmağı məsləhət görsə də, onlar bu barədə danışmaq üçün yetkili və bilgili olmadıqlarını söylədilər.

19 NƏFƏR HÖKUMƏT KOMİSSİYASINI MƏHKƏMƏYƏ VERİR

Oqtay Güləliyev
Fəlakətin nəticələrini aradan qaldırmaqla məşğul olan hökumət komissiyasının işindən narazı qalan 19 nəfər Sabirabad və Saatlı sakini məhkəmyə müraciətə hazırlaşır. Bu məlumatı AzadlıqRadiosuna “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyev verib. Onun sözlərinə görə, kənd sakinləri komissiyanın işinin yarıtmaz olması qənaətindədirlər. Oqtay Güləliyevin qənaətincə, fəlakət bölgəsində vəziyyət hələ də ağırdır:

«Bu gün qış gəlir, havalar soyuyur. Fəlakətin aradan qaldırılması yönündə görülən işlər yetərli deyil. Əksər evlər təmir olunmayıb, təsərrüfata dəyən ziyan, infrastruktur bərpa olunmayıb. Təzminatlar tam verilməyib...».

KÜRDƏ SU ARTIR, AZUQƏ DƏ YOXDUR

Mürsəlli kənd sakini Fərəc Kərimov deyir ki, qış qapını kəsdirib, camaat evinə yığışa bilmədiyi bir yana, yaza çıxmağa azuqə də yoxdur:

«90 faizin azuqəsi yoxdur. Qəti yoxdur. Taxılı yoxdur, unu yoxdur, çörəyi, yeməyi yoxdur. Daşqın zamanı üç dəfə yardım olunub bizə. Kimisə qonşudan çörək alır dolanır...».

Həyəcan doğuran isə odur ki, yağışlar intensivləşib deyə Kürün səviyyəsi yenidən qalxa bilər. Mütəxəssislərə görə, su artarsa, yeni fəlakət qaçılmazdır.
XS
SM
MD
LG