Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:27

«Rüşvət vermirsənsə, təkrar imtahan ver»


Sumqayıt sakini Arzu Qafarov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, iki aydan artıqdır yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən sürücülük vəsiqəsi alınıb. Sürücülük fəaliyyəti iki ay müddətinə məhdudlaşdırılıb. İki ayın tamamında sənədini geri götürmək üçün yol polisinə üz tutanda əvvəl ondan rüşvət istəyiblər. Sürücü razılaşmadıqda deyiblər ki, onda get təzədən imtahan ver:

«DEDİLƏR SƏNƏDİNİ PULSUZ QAYTARA BİLMƏRİK»

«Məni Sumqayıt şəhər Yol Polis İdarəsinə çağırdılar, dedilər ki, sənin sürücülük vəsiqən iki ay müddətinə məhdudlaşdırılır, iki aydan sonra gəlib sürücülük vəsiqəni götürə bilərsən. 2 aydan sonra mən sənədin dalıyca gedəndə 5-ci otaqda bir xanıma yaxınlaşdım, dedi ki, sürücülük vəsiqəsini mənə pulsuz verə bilməz. Mən bununla bağlı kimə şikayət edə biləcəyimi soruşdum. Məni bir şöbə müdirinin yanına göndərdi. Mübariz Abbasov adlı həmin şöbə müdiri də xanımın dediklərini təkrarladı. Dedim axı sənədimi alanda mənə bildirmişdilər ki, sürücülük fəaliyyətin iki aylığa məhdudlaşdırılır, iki aydan sonra gəlib sürücülük vəsiqəni götürə bilərsən. Mübariz müəllim güldü, dedi nə olsun, hamıya elə deyirik. Mən sürücülük vəsiqəmi tələb etdim, vermədilər. Rəis işə gələndən sonra məni oturtdu, 2 saata yaxın qanundan, ordan-burdan danışdı, dedi get təzədən imtahan ver, sürücülük vəsiqəsi al».

«NAZİRLƏR KABİNETİNİN QƏRARI VAR»
Kamran Aliyev


Dövlət Yol Polisi mətbuat xidmətinin rəisi Kamran Əliyev deyir ki, şəxsin sürücülük fəaliyyəti məhdudlaşdırıldıqdan sonra sürücülük vəsiqəsini əldə etməsindən sonra imtahan verməsi vacibdir.

- Sürücülük vəsiqəsi 2 ay müddətinə məhdudlaşdırılıb, sənədi geri almaq üçün təkrar imtahan olmalıdırmı?

«Bəli, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 saylı qərarı var. Qanunda qəbul olunub ki, daha doğrusu Nazirlər Kabinetinin həmin qərarında göstərilir ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxslər yenidən vəsiqə almaq üçün omların nəzəri və təcrübi bilikləri yoxlanılır. Bizdə də bu nəzəri və təcrübi biliklərin yoxlanılması yalnız test imtahanı ilə həyata keçirilir».

TƏKRAR İMTAHAN PUL TƏLƏSİDİR

Vəkil Anar Qasımov deyir ki, qanuna görə, sürücü təkrar imtahandan sürücülük fəaliyyətinin məhdudlaşdırılması zamanı yox, sürücülük hüququndan məhrum edilməsi zamanı keçir.

«Əgər bu polis orqanının qərarı ilə iki ay müddətinə həyata keçirilibsə, bu, sürücünün sürücülük fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki sürücülük hüququndan məhrum etmə məhkəmənin qərarı əsasında olmalıdır. Əgər məhkəmə qərarı əsasında olmayıbsa, bu şəxsin sadəcə sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılıb. Burada sürücülük hüququnun məhdudlaşdırılması ilə sürücülük hüququndan məhrum etmə arasındakı fərqi müəyyən etmək lazımdır. Sürücülük hüququndan məhrum etmə o deməkdir ki, artıq o, heç bir avtomaşını idarə edə bilməz və bu hüququ əldə etmək üçün onun nəzəri və praktik bilikləri təkrar imtahan olunmalıdır. Ancaq sürücülük hququnun məhdudlaşdırılmasından söhbət gedirsə, bu hüquq müəyyən müddətə məhdudlaşdırılıb, müddət başa çatandan sonra sürücülük vəsiqəsini imtahansız geri ala bilər. Qanunda nəzərdə tutulmayıb ki, belə sürücülər yenidən imtahan verməlidilər. Kamran müəllim deyir ki, Nazirlər Kabinetinin belə bir qərarı var, deyim ki, hətta bu qərar özü də qanuna əsaslanmır, Konstitusiyaya da, yol hərəkəti qaydaları haqqında qanuna da ziddir. Bu, qanunla müəyyən olunmalıdır, Nazirlər Kabinetinin hər hansı qeyri-normativ aktı ilə müəyyən olunmamalıdır».

- Sürücünün çıxış yolu nədir, o, hansı hüquqi addımları atmalıdır?

- Yaxşı olar ki, sürücü şifahi qaydada yox, rəsmi qaydada Sumqayıt şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan şöbəsinə müraciət etsin, sürücülük vəsiqəsini tələb etsin. Ona müəyyən müddətdə ağlabatan bir cavab veriləcək. Rəsmi müraciət olsa, böyük ehtimalla onun sürücülük vəsiqəsi özünə qaytarılacaq. Əks halda sürücü mütləq məhkəməyə müraciət etməlidir.

Vəkil deyir ki, sürücü hətta Nazirlər Kabinetinin həmin qərarını da məhkəmə vasitəsi ilə mübahisələndirə bilər.

XS
SM
MD
LG