Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:14

"Mən romanımın ilk qeydlərini aparanda Qaraqanın 7-8 yaşı vardı"


Ənənəmizə görə, "Oxu zalı"nda əsəri müzakirə edilən müəlliflərə sonda tənqidlərə münasibət bildirmək şəraiti yaradırıq. Yazıçı Pərviz Cəbrayıl "Yad dildə" romanının "Oxu zalı"ndakı müzakirəsi haqda danışır.


- “Yad dildə” çap olunandan xeyli müzakirə edildi, haqqında tənqidlər, təriflər eşitdik. Tənqidləri oxuyanda belə təəssürat yaranır ki, əsər lap “yad dildədi”, anlaşılmır...


- Əsər cəmiyyətə, bu gün baş verənlərə, bəzən hətta özlərinə yad olan kəslərə yad görünə bilər. Onların içində bir çarpışma gedir.

Bir tərəfdən sübut etmək istəyirlər ki, təmsil etdikləri zümrənin tərəfdarıdırlar. O biri tərəfdən cəmiyyətə haqqın tərəfində olduqlarını göstərməyə çalışırlar.

İçərilərində bitməyən bir mübarizə gedir. Bu tip insanların içində özlərinə bir yadlıq yaranır. Onlar belə romanları oxuya bilmir.

Əlində əsər çox “doğma dildə”di.

Nərmin Kamal əsərlə bağlı yazısında “Yad dildə”ni siyasiləşdirənlərə, bolşevikləşdirənlərə sanki cavab verdi. Buna görə əsərə bütöv baxa bilmədi.

Kənan Hacı ümumi fikirlərini yazdı.

Rövşən bəy Orxan Pamukun əsərləri ilə paralellər apardı.

Ancaq yenə də deyirəm, əsərə bütöv bir baxış, hərtərəfli yanaşma olmadı.
Əsərdə özlərini görənlər romanın ağır getdiyini deyirlər.

Ancaq məsələ romanın “ağır getməsində” yox, əsərdə özlərini görənlərə “ağır gəlməsində”dir. Bəlkə də çox böyük səslənir, ancaq deməliyəm, mən əsərdə onu tənqid edənlərin anatomiyasını yazmağa çalışmışam.

- Tənqidlərin bolluğuna görə də, düşünürsən ki, alınıb?

- O qədər də rahat deyə bilmirəm, ancaq deyəsən, elədir.

Əsərdə Satqın obrazı baş verənləri öz-özünə danışır, sanki analiz edir. Ancaq mən bir yerdə belə Satqını mənfi çalara boyamamışam.

Nəyi var onu yazmışam, özü də ürəyim ağrıya-ağrıya yazmışam, bəzən ona haqq da qazandırmışam. Əsərdə Satqın deyir ki, biz də bu hərəkatın şəhidlərindən biriyik.

- Səni müdafiə edənlər deyir ki, tənqidçilər əsəri yox, Pərvizi müzakirə edir. Bu fikirlə razısan?

- Hamı fikrində özünü ifadə edir, öz ekzistensiyasından çıxış edir. Füzuli demişkən,

Kim nə miqdar olsa,
Əhlin eylər ol miqdar söz.

Tənqid yazanlardan çoxunun düşüncələri cəmiyyətdə tutduqları ictimai mövqeyə bağlıdır.

Onlar məni hətta bolşevik yazar kimi qələmə verirlər. Ancaq özləri bolşevik yazarlardan yaza-yaza ədəbi tənqidçi statusu alıblar.

Bolşeviklərdən yazıb onları göyə qaldıranlar eyni məsələdə məni qınayır. Bu yanaşma məntiqsizdir. Görünür, kimsə vəzifə almaq istəyir, düşünür ki, Pərvizə də bir qələm çalım, əsəri bir tərəfə qoyub keçir şəxsiyyətə.

- Sənin şəxsiyyətinlə səni tənqid edənlərin vəzifə alması arasında nə bağlılıq var?

- Onlar üçün mən müxalifətin aparıcı media orqanlarndan biri “Azadlıq” qəzetində işləyən Pərvizəm.

Göz qabağında olan yazılarım var. Onların dəstəklədiyi hakimiyyəti tənqid edirəm, demək, “37-ci il” məntiqi ilə ideoloji düşmənəm- məni tənqid etmək gərəkdir, hətta vacibdir.

Yəni ədəbiyyat qalır kənarda, müəllif hədəfə alınır.

- “37- ci il” məsələsini ilk səsləndirən deyəsən Əsəd Cahangirin “Yad dildə” haqqında yazısından sonra Kənan Hacı olmuşdu...

- Kənan yazmışdı ki, “Əsəd, tüklərim ürpəşdi, bu yazıdan 37-ci ilin havası gəlir”.

Kənan da yazır. Özü də Əsəd Cahangirlə münasibəti yaxşıdır. Ancaq görünür Əsədin yazısındakı “tənqid dozası”na dözə bilməyib. Sonra bunu Zümrüd Yağmur da dedi.

- Əsərə anlaşılmaz, qarmaqarışıq, hekayələr toplusu da dedilər. Həm də səni birtərəflilikdə, cəmiyyətdə baş verən müsbət prosesləri görməməkdə suçladılar...

- Hə, özü də bu mənə ədəbiyyatla bağlı müzakirədən çox tənqidçilərin “Azərbaycan” qəzeti ilə mənim işlədiyim “Azadlıq” qəzeti arasında polemika kimi göründü.

“Azərbaycan” deyir, siz niyə cəmiyyətdə işıqlı tərəf görmürsüz, “Azadlıq” cavab verir - gərək işıqlı tərəf ola ki, biz onu görək.

Ancaq romanda mən işıq gələn tərəfi qapatmağa çalışmadım, qəhrəmanlardan heç birinin tərəfini saxlamadım. Romanı oxuyanlar bunu bilir.

- Oxumayanların da öz həqiqəti var...

- Tənqidi yazının ilk cümləsindən bəlli olur ki, müəllif yazını oxuyub, ya oxumayıb. Əsəd Cahangir mənə “tanınmamış yazar” deyir, sonra haqqımda “525-ci qəzetdə” 2 səhifə yazı yazır.

Mən tanınmamışamsa, o zaman haqqımda 40 min işarəlik yazıya nə ehtiyac?

Çağdaş tənqiddə yazarı necə deyərlər, mötərizədən kənara çıxarırlar. Sanki o yoxdu. Ortada bir mətn var, bir də onun haqqında fikir yürüdən tənqidçi.

“Yad dildə” ilə bağlı tənqidlərdə isə mötərizədən kənar olan mətndir. Bütün hallarda söhbət müəllifdən gedir.

Bu doğrudan da anormaldır. Yazılarında Tehran Əlişanoğli da, Əsəd Cahangir də, Cavanşir Yusifli də elə davranırlar ki, sanki nəsrin reseptini nasirdən, şeirin reseptini şairdən yaxşı bilirlər.

Mənə maraqlıdır, əgər bunlar bu məsələləri belə yaxşı bilirlərsə, özləri niyə yazmırlar? Düzdü, Əsəd 1-2 cəhd edib poema yazdı. Ancaq osmanlılar demiş – o kadar.

- Tənqidlərin içərisində sənə ən qeyri-obyektiv görünəni nə oldu?

- Əsəd yazmışdı ki, mən Qaraqanın “A” romanınından təsirlənib “Yad dildə”ni yazmışam.

Məsələ burasındadır ki, mən "Yad dildə"nin qeydlərini aparanda Qaraqan 7-8 yaşlı uşaq idi.

Bu necə ola bilər, mənə qaranlıqdı. Bir də yazmışdı ki, “Yad dildə” stolustu yox, stulüstü romandır. Kitab heç vaxt stulüstü ola bilməz.

Roman isə heç stolüstü də ola bilməz. Şeir kitabı stolüstü ola bilər. Bəzən yorğunluğu yaxşı bir şeir oxumaqla çıxarmaq olur.

Kitabın yeri rəfdi. Bəyənməsən, uzağı onu bukinistə sata bilərsən, heç bəyənməsən makalatura kimi kiməsə verə bilərsən.

- Bu tənqidlər, təriflər səndə hansı təəssüratı yaradıb? Cəmiyyət əsərinlə onlara ötürmək istədiyin o informasiyanı, yazdığının cövhərini anlaya bildimi?

- Səmimi deyirəm, bunu deyəndə sıxılıram. Ancaq fakt odur ki, çevrəmdəki insanlar, həmkarlarım, Avropada yaşayan soydaşlarım “Yad dildə”ni bəyənib.

Bu əsərin bütün cövhəri adındadır. Əsərdə demək istədiyim odur ki, ətrafda hamı bir-birilə yad dildə danışır, heç kim bir-birini anlamır.

Əsərdə Çe obrazının kimliyi üzdə gizli saxlanılır. Ancaq onun kimliyi ilə bağlı 5-6 yerdə dəqiq açar qoymuşam. Diqqətli oxucu bunu tuta bilir.

Mənə ən maraqlı gələn bu gizli simaların oxucularda yaratdığı assosiasiyadır. Bir nəfər mənə dedi ki, əsərdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin çox gözəl obrazını yaratmısan.

- Hansı obrazı Qənimət Zahidə bənzədiblər?

- Qarabudağı. Qənimət bəy həbsxanadan çıxan gün tanımadığım bir nəfər mənə gözaydınlığı vermişdi ki, “təbrik edirəm, ASİ-lərin Xani azadlığa çıxdı”.

Sovet tənqidinin dili ilə desək, bunlar ümumiləşmiş obrazlardır. Sovet ədəbiyyatının yaradıcılarından biri Qorki yazır ki, rus yazar pinəçi obrazını elə yaratmalıdır, Yunanıstanda bir pinəçi düşünsün ki, bu yazar məni yazıb ki... görəsən məni hardan tanıyır?

- Sənin dilinlə desək, məqsədli tənqidləri, dostyana tərifləri kənara qoysaq, necə düşünürsən, “Yad dildə”ni tərəfsiz tənqid edən oldumu?

- Düzü, hər hansı tənqidçinin əsəri bütün keyfiyyətlərinə görə tənqid edə biləcəyinə inanmıram.

Məsələn, Elnarə Tofiqqızı əsasən əsərdəki mifik kodlardan yazdı, hurufi-sufi məsələlərinə toxundu, 1-2 başqa yönə də işıq saldı.

Nərmin Kamal əsərlə bağlı yazısında “Yad dildə”ni siyasiləşdirənlərə, bolşevikləşdirənlərə sanki cavab verdi.

Buna görə əsərə bütöv baxa bilmədi. Kənan Hacı ümumi fikirlərini yazdı. Rövşən bəy Orxan Pamukun əsərləri ilə paralellər apardı. Ancaq yenə də deyirəm, əsərə bütöv bir baxış, hərtərəfli yanaşma olmadı.

Həmçinin oxu
PƏRVİZ "Yad dildə" (Romandan parça)
XS
SM
MD
LG