Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Əhəd Abıyev və Hafiz Hacıyev də çıxış etdilər


Əhəd Abıyev
Əhəd Abıyev
Oktyabrın 29-da 5 seçki dairəsi üzrə namizədlərin debatı keçirildi. Budəfəki debatda ən çox namizəd 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən oldu - 13 nəfər.

AXCP sədri Əli Kərimlinin namizədliyi də bu dairədən irəli sürülsə də, o, debatlara qatılmamışdı. Əvəzində digər namizədlər Əli Kərimlinin yoxluğunu az qala hiss etdirmədilər. YAP-çı deputat Əhəd Abıyevlə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev birlikdə AXCP sədrini hədəfə almışdılar.

HAFİZ HACIYEV: «Bəzi radikal müxalifət partiyalarının namizədləri, xüsusilə Əli Kərimli, İsa Qəmbər - bu siyasi kommersantlar, avantürislət böhtan və qərəzli çıxışlarla, yalan vədlərlə insanlara söz verir, mitinqlərə səsləyir, ölkənin sabitliyini pozmaq istəyirlər... Opponentim Əli Kərimlinin burda iştirak etməməsi məndə çox təəssüf hissi yaradır...».

ƏHƏD ABIYEV: «Kərimov Əli Azərbaycan xalqının qarşısına çıxıb müəyyən fitnə-fəsad törətmək istəyir. Kərimov Əli o Kərimov Əlidir ki, Elçibəy hakimiyyəti dövründə işlədi, ona xəyanət etdi... AXCP-də Əli Kərimlinin yanında heç kim qalmayıb və Əli Kərimlinin ailəsi də onun yanında yoxdur. Hal-hazırda Londonda ermənipərəst qüvvələrin girovluğundadırlar...».

«HAFİZ HACIYEV FƏDAKARCASINA ÖZÜNÜ ODA SALIB»

11 saylı Qaradağ Seçki Dairəsindən AĞALAR VƏLİYEV rəhbərlik etdiyi «Aqrartikinti» Səhmdar Cəmiyyətinin inşa etdiyi obyektləri sadaladı. O, prezident İlham Əliyevin onların inşa etdikləri 17 obyektə baş çəkməsini qürurla yada saldı.

Həmin dairədən Müasir Müsavat Partiyasının namizədi FAZİL YUSUBOV isə qısaca tərcümeyi-halının ardınca platformasını çatdırmamışdan əvvəl partiya sədri Hafiz Hacıyevə tərif oxudu:

«Müasir Müsavat Partiyasının ətrafında fəal 90 min üzvü var. O, Müasir Müsavat Partiyası ki, onun rəhbəri Hafiz Hacıyev daim dövləti, dövlətçiliyi müdafiə etmiş, fədakarcasına özünü oda salmışdır».

İ. Əliyevin siyasətini dəstəklədiyini deyən F.Yusubov həm AXCP nümayəndəsi Tahir Xanəliyev, həm də Ağalar Vəliyevin bostanına daş atdı. «Aqrartikinti» Səhmdar Cəmiyyətinin Qobustan qəsəbəsində 3 məktəb inşa etdiyini xatırladaraq, məktəblərin hazırda qəzalı vəziyyətdə, uçmaq təhlükəsi qarşısında olduğunu dedi.

«3-CÜ SİNİF ŞAGİRDİ ÜÇÜN TİKİLƏN PALTAR ASİM MOLLAZADƏNİN ƏYNİNƏ OLAR»

22 saylı Nəsimi İkinci Seçki Dairəsinin namizədləri arasında «Bakı Tikiş Evi» ASC-nin idarə heyətinin sədri FİDAİL RƏHİMOVUN olması da replikalarsız ötüşmədi.

Pənah Hüseyn
«93-cü ildən əvvəl Heydər Əliyev hakimiyyətə gələnə qədər hansı vəziyyət vardı? O cür qalsaydı, Azərbaycan parçalanmışdı» - deyən F.Rəhimovla Müsavatın təmsilçisi PƏNAH HÜSEYN arasında belə dialoq oldu:

- «Fidail müəllim, Siz burda 93-dən danışmaqdansa, məktəblilər üçün tikdirdiyiniz paltardan danışın. İqtisadi İnkişaf Nazirliyi onu brak çıxardıb. 3-cü sinfə tikdiyiniz o paltarlar Asim müəllimin əyninə olar. Buna cavab verin...».

- «Bunu birinci dəfədir Sizdən eşidirəm. Müəssisəmiz sertifikatı olan müəssisədir. 1-dən 4-cü sinfə qədər Azərbaycan balaları bu formanı geyinir və hamısı da tam ondan razıdır. Bilmədiyiniz işdən danışmayın».

DEBATDA NƏVƏSİNİN AD GÜNÜNÜ TƏBRİK ETDİ

Çıxışına sabirabadlılara hesabat verməklə başlayan Pənah Hüseyn son saniyələrini nəvəsi İsmayılı təbrik etməyə sərf etdi.

Namizədlərdən ASİM MOLLAZADƏ isə «müxalifət olaraq pozitiv düşüncəni sərgiləməyə çalışdıqlarını» dedi:

«Təhsil, səhiyyə, şəhərsalmaya dair hökumətə bir sıra təkliflər vermişik, bəziləri həyata keçib».

İLHAM ƏLİYEVDƏN İSTƏYİRƏM...


Bu dairənin namizədlərindən Surə Əhmədova və Rəşid Mənsurov seçkinin nəticələrinin artıq məlum olması ilə bağlı vətəndaşların narahatlığını çatdırdılar.

RƏŞİD MƏNSUROV: «Bəzi təhsil işçiləri, müəllimlər namizədlərdən biri üçün onun görüşlərini təşkil edirlər. Bundan ötrü məktəblilərə, onların valideynlərinə təsir edib görüşlərə gətirirlər. Mən həmin təhsil işçiləri və müəllimlərə üzümü tutub deyirəm, bəsdir qanunsuzluq etdiniz. Mən burdan dövlət başçısı İlham Əliyevə səslənirəm – Siz çıxışlarınızdan birində rəqiblərinizə üz tutaraq kişi kimi sağlam, təmiz rəqabət aparmağı təklif etmişdiniz. İndi isə mən Sizdən kişi kimi sağlam, təmiz rəqabətin təmin olunmasını istəyirəm».
XS
SM
MD
LG