Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:48

Deputatlığa namizəd: «Exit-poll» şübhəli şeyə oxşayır»


Üç – Aydınlar, ADP və “Ümid” partiyalarının birləşdiyi “Qarabağ” seçki blokunun 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədi Rasim Qocayev səsvermə günü “exit-poll” (çıxışda sorğu) keçirəcək qurumlardan şübhələnir:

“ŞÜBHƏLİ ŞEYƏ OXŞAYIR”

Rasim Qocayev: “Exit-poll”un keçirilməsi nə isə şübhəli bir şeyə oxşayır. Maliyyə mənbələri dəqiq bilinmir. Məlum deyil ki, onları kim maliyyələşdirir?”.

Rasim Qocayev iddia edir ki, dairədə keçiriləcək “exit-poll”a Şirvan şəhər Təhsil Şöbəsi müdirinin müavini Hafiz Bağırov rəhbərlik edir. Onun sözlərinə görə, hər şey bitərəf namizəd Azay Quliyevin deputat olmasına hesablanıb.

R.Qocayev bildirir ki, təhsil şöbəsinin bu məsələdə qabağa düşməsi səbəbsiz deyil. Deputatlığa iddialı Azay Quliyevlə Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin yaxın əlaqələrinin oğlunu bildirir. Deyir ki, Paşa Nəbiyevin oğlu Azay Quliyevin deputat köməkçisidir:

“Bundan başqa, “exit-poll”da iştirak edənlərdən bəziləri mənə etiraf ediblər ki, onlara tapşırıq verilib ki, nəticələr necə olmalıdır. Möhkəm narahatıq. Axı “exit-poll”u keçirən adam müstəqil adam deyil”.

R.Qocayev deyir ki, bu səbəbdən də onlar “exit-poll”un özünü də müşahidə etməyə məcburdurlar.

AZAY QULİYEV: “BU, MƏNƏ QARŞI QARA PİARDIR”

Azay Quliyev
Həmin dairədən deputatlığa digər namizəd Azay Quliyev isə bu şübhələrin yersiz olduğunu bildirir:

“Birincisi, “exit poll”u nə mən, nə də mənim köməkçim keçirir. İkincisi isə, bu adamın indidən belə hay-küy qaldırması planlı bir addımdır və bunu mənə qarşı qara piar adlandırıram. Digər tərəfdən isə seçkinin nəticələrini “exit-poll” yox, seçicilər müəyyənləşdirir”.

“HEÇ KİMDƏN ASILACAĞIM YOXDUR”

Şirvan şəhər Təhsil Şöbəsinin müdir müavini Hafiz Bağırov da iradları əsassız sayır. O deyir ki, “exit-poll”u təhsil şöbəsinin işçisi kimi yox, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional nümayəndəsi kimi həyata keçirir. Təhsil şöbəsi rəhbərinin ona hansısa göstərişlər verə bilməsi ilə bağlı deyilənlərə gəlincə, H.Bağırov bunu da mənasız söz-söhbət adlandırır:

“Mən öz maraqlarımı heç kimin maraqları ilə birləşdirməmişəm. Mən sərbəst adamam, heç kimdən də asılacağım yoxdur. Təhsil şöbəsində işləməyim o demək deyil ki, müdirim mənə nə desə, onu eləməliyəm. Heç onu ağlıma da gətirmirəm”.

DSK SƏDRİ: “BİZƏ AİD MƏSƏLƏ DEYİL”

46 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Asəf Əhmədov hələ ki ona bu məsələ ilə bağlı şikayət olunmadığını bildirir. Amma deyir ki, DSK “exit-poll”u keçirən təşkilatın işlərinə qarışmır. Bundan başqa, o, təhsil şöbəsi əməkdaşının QHT təmsilçisi kimi “exit-poll”a rəhbərlik etməsində də təəccüblü bir şey görmür:

“Bu, ictimai əsaslarla olan bir şeydir. QHT-dir, indi onlar “exit-poll” keçirirlər, bu, bizə aid olan şey deyil, biz onu təyin etmirik”.

“EXİT-POLL”A PUL AYIRAN QURUMLAR “BOLLUQ” VƏ “EUROLIFT”DİR...”

İradə Yaqubova
7 noyabr parlament seçkilərində “exit-poll” keçirəcək “Els” Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə nə maliyyənin qeyri-şəffaflığı, nə də tapşırıqlarla bağlı iradları qəbul edir. O “exit-poll”un keçirilməsi üçün bir neçə yerli biznes qurumlardan maliyyə yardımı aldıqlarını desə də, həmin təşkilatların adlarını və ayrılan vəsaitin məbləğini açıqlamır. Yalnız onu bildirir ki, ötən həftə Media Mərkəzində keçirilən debatda həmin təşkilatların adını bəyan edib və təkrar açıqlamaya vaxtı yoxdur.

İradə Yaqubovanın oktyabrın 29-da Media Mərkəzində keçirilən debatda açıqladığı qurumlar isə bunlardır: “Özəl biznes şirkətləri hansılardır, mən sizə deyim, “Bolluq”dur, “Eurolift”dir. Yəni, bunlar hərəsi bir az, bir az pul ayırıb”.

“BU MƏSƏLƏDƏ AZƏRBAYCANDA TƏTBİQ OLUNAN METODOLOGİYA YANLIŞDIR”

Bu il “exit-poll” 118 dairədə təşkil ediləcək. Onlardan hər birində sorğular 10 seçki məntəqəsində 1360 nəfərin iştirakı ilə keçiriləcək.

Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, “exit-poll”la bağlı məsələlər hələ ki qanunda tam təsbit olunmayıb.

A.Məmmədli bildirir ki, əsas məsələ həmin “exit-poll” keçirən qurumun tərəfsizliyidir.

Anar Məmmədli hesab edir ki, əsas problem odur ki, “exit-poll”la bağlı Azərbaycanda tətbiq olunan metodologiya özü yanlışdır. Onun sözlərinə görə, bir dairədə 20-25 məntəqədən 10-15-i götürülür, qalan məntəqələr isə kənarda qalır, amma sonra da həmin məntəqələrdən daxil olan rəylər əsasında bildirilir ki, filan namizəd qalib gəlib.

Anar Məmmədli deyir ki, “exit-poll” keçirən təşkilatlara vətəndaşlar etibar etməlidir, bunun üçün isə layihənin maliyyə mənbələrini açıqlamaq lazımdır.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının təmsilçilərinin ictimai birliyə üzvlüyünü qadağan edir.
XS
SM
MD
LG