Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Gözlənilən iki qərar


Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı daha iki şikayət üzrə qərar qəbul edəcəyi gözlənilir.

Bunlar sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və akademik Eldar Salayevin hüquqlarının pozulmasıyla bağlı Strasburqa göndərilmiş şikayətlərlə bağlıdır.

Bu barədə məlumat Avropa Məhkəməsinin internet səhifəsində yerləşdirilib. Hər iki şikayət adları çəkilən şəxslərin 2005-ci ilin oktyabrında həbsi və ilkin istintaq zamanı yol verilən qanun pozuntularıyla əlaqəlidir.

Məlumata görə, onların şikayəti ilə bağlı Avropa Məhkəməsinin qərarı noyabrın 9-da açıqlanacaq.

ELDAR SALAYEV: QƏRARDAN SONRA BƏYANAT VERƏCƏM

77 yaşlı akademik Eldar Salayev məhkəmə qərarı açıqlanmayana qədər bu barədə hər hansı fikir demək istəmir. AzadlıqRadiosuna müsahibəsində akademik yalnız onu bildirib ki, qərar açıqlanandan sonra Azərbaycan, rus və ingilis dillərində bəyanat yayacaq:

“Hər halda mən bəyanat verəcəm. Ona görə heç nə deyə bilmərəm”.

Eldar Salayevin vəkili Muxtar Mustafayev isə deyir ki, Avropa Məhkəməsinə müraciətdə Eldar Salayev azadlıq hüququnun məhdudlaşdırılması, ona qarşı olan hərəkətin ədalətsiz olması, məhkəmə qərarı olmadan 48 saatdan artıq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında əsassız saxlanmasından şikayətlənib. Onlar isə həmin müraciətə Eldar Salayevə Azərbaycan dövlətinin maddi təzminat verməsi tələbini də əlavə ediblər: “Eldar müəllimin mövqeyi maddi tələb deyil”.

Eldar Salayevlə bağlı iş 2007-ci ildən Avropa Məhkəməsinin icraatındadır.

Fərhad Əliyev
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə Avropa Məhkəməsinə müraciətində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü (işgəncə, insan şərəf və ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması), 5-ci (azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu göstərib.

Sabiq nazir ibtidai istintaq zamanı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanma şəraitindən, həmçinin ehtiyacı olduğu halda, ona tibbi yardım göstərilməməsindən şikayətlənib.

VƏKİL: “BİZ DƏ NOYABRIN 9-NU GÖZLƏYİRİK”

Fərhad Əliyev ərizəsində həbsinin qanunsuz şəkildə həyata keçirildiyini də qeyd edib. Sabiq nazir yazıb ki, həbs olunandan sonra ona qarşı irəli sürülən dövlət çevrilişinə cəhd ittihamı uzun müddət əsaslandırılmayıb. Həm də həbsilə bağlı verilən qərarlar ədalətli olmayıb. Bundan əlavə, Baş Prokurorluq və daha iki nazirliyin onun həbsilə bağlı verdiyi birgə bəyanatda təqsirsizlik prezumpsiyası pozulub. Sabiq nazirin vəkillərindən Elton Quliyev məhkəmə qərarı açıqlanmamış məsələyə münasibət bildirmək istəmir:

“Noyabrın 9-da qərar elan ediləndə eşidəcəksiz”.

Fərhad Əliyev kimi, Eldar Salayev də 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunub. 2007-ci ildə isə Fərhad Əliyev 10 il müddətinə, qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs edilən Eldar Salayev bir həftə həbsdə saxlandıqdan sonra, onun haqqında qəbul edilən həbs-qətimkan tədbiri ləğv edilib. Bundan sonra o, Baş Prokururluğun razılığı ilə müalicə üçün ABŞ və Türkiyədə olub.

İKİ NƏFƏRLƏ BAĞLI QƏRARIN SİYASİ VƏZİYYƏTƏ TƏSİR EDƏCƏYİ İNANDIRICI DEYİL


Azər Rəşidoğlu
Siyasi şərhçilər Avropa Məhkəməsində hər iki şəxsin xeyrinə qərar qəbul olunacağı fikrindədirlər. “Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, Eldar Salayevlə bağlı qərar hələ açıqlanmasa da, sənəd Azərbaycan dövlətinin əleyhinə olacaq. Fərhad Əliyevlə bağlı məsələyə gəlincə, A.Rəşidoğlu düşünür ki, qərarda onun dərhal azadlığa buraxılması məsələsi olmasa da, ən azından işə xitam verilib, yeni məhkəmə prosesinin başlanmasının istənilməsi istisina edilməməlidir.

Beş il əvvəl parlament seçkiləri ərəfəsində həbs edilən sabiq nazirin indiki parlament seçkiləri dönəmində azadlığa buraxılmasının siyasi vəziyyətə necə təsir edəcəyinə gəlincə isə, Azər Rəşidoğlu deyir ki, indi hakimiyyət daha güclü olduğundan o, nəyinsə dəyişəcəyinə inanmır.

Bununla belə, siyasi təhlilçilər düşünürlər ki, Eynulla Fətullayev olaylarından sonra hökumət keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin də azadlıga buraxılmasina dirəniş göstərsə, bu, bütövlükdə ölkənin imicinə çox mənfi təsir edə bilər.
XS
SM
MD
LG