Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:11

Nazirlik rəsmisi: «Kim oxumaq istəmirsə, öz işidir»


Humay Hacıyeva
Humay Hacıyeva
“Məktəbli forması baş örtüyü ilə ziddiyyət təşkil etmir. Bəzi məktəblərdə müəyyən formalar tətbiq edilirdi. Bu vaxta qədər bu məktəblərdəki uşaqlar forma ilə yanaşı ağ rəngli baş örtüyü də taxırdılar. Amma indi bu məsələnin qaldırılmasını başa düşmək olmur”.

Bu fikirləri “İslam və demokratiya” proqramında qonaq olan Hicab üzrə Forumun koordinatoru Humay Hacıyeva səsləndirib. O deyir ki, Bakıdakı 324 məktəbdən təxminən 10 faizində belə problem yaşanır:

“Əgər baş örtüyü təhsilə maneçilik törətmirsə, buna niyə qadağan qoyulur? Praktika da göstərir ki, başlarını bağlayan qızlarımız ən qabaqcıl şagirdlərdir. Maraqlısı odur ki, qanunda hicabın qadağası ilə bağlı bir söz yoxdur. Bu, yalnız şifahi göstəriş əsasında həyata keçirilir. Qadağa yoxdursa, biz ondan necə şikayət edək? Məhkəməyə üz tutsaq, direktor deyər ki, mən belə şey deməmişəm”.

ÖZ AYAĞI İLƏ MƏKTƏBƏ GƏLƏN UŞAĞI GERİ QAYTARIRLAR

Yazılı qadağa olmasa da, H.Hacıyeva artıq iki həftədir bəzi məktəblərdə problem yaşandığını deyir. Onun sözlərinə görə, valideynlər hər gün uşaqların əlindən tutub məktəbə gətirsələr də, direktorlar onların məktəbə girməsinə icazə vermir. Humay Hacıyeva bu uşaqların iki hüququnun pozulduğunu iddia edir:

“Onların həm vicdan azadlığı, həm də ibtidai təhsil almaq hüququ pozulur. Dövlət dağ kəndində yaşayan, xəstə olan uşaqların evinə müəllim göndərir. Amma öz ayağı ilə məktəbə gələn uşaqları geri qaytarır. O qədər məktəbli formasına uyğun olmayan geyimdə məktəbə gələn uşaqları görürük ki...”.

XARİCİ GÖRÜNÜŞ – İNSANIN ŞƏXSİ İŞİDİR

Aytəkin İmranova
İslam, Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova isə deyir ki, insanın xarici görünüşü onun şəxsi işidir və bu məsələdə zor tətbiq etmək düzgün deyil:

“Qadınlarımız hələ sovet dövründə başları örtülü istənilən məclisdə iştirak ediblər. Burda elə böyük bir kütlədən söhbət getmir ki, dövlətin dünyəvilik prinsipləri üçün qorxu yaransın. Bütün dünyada görünür ki, hicab məsələsinə diqqət nə qədər fokuslaşdırılırsa, bu məsələ o qədər də ciddiləşir”.

Aytəkin İmranova bəzi xanımların ifrata vardığını, başla yanaşı, əllərini, üzlərini örtdüyünü deyir və bunu yaxşı hal saymır:

“Allahın halal buyurduqlarını haram qılmaq olmaz. Artıq məhdudiyyətin özü haram sayılır. Bəziləri əlcəklə örtür, üzlərini bağlayır, ancaq gözlərini açıq qoyur. Bəlkə də bu cür geyim kimlərəsə qıcıq verir”.

BİZ HİCABLA MÜBARİZƏ APARMIRIQ

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bu mövzunun çox şişirdildiyini hesab edir. Onun fikrincə, KİV-in yanlış təqdimatına görə, insanlar nazirliyin qərarını düz qiymətləndirmir:

“Təhsil Nazirliyinin məqsədi budur ki, hər bir məktəbli məktəbə formada gəlsin. Bu, tək bizdə belə deyil ki. Avropada, Amerikada İngiltərədə də belədir. Məktəbə məktəbli geyimində gəlmək lazımdır. Bunu hicabla əlaqələndirmək düz deyil. Biz hicabla mübarizə aparmırıq ki. Kim qaydalara riayət edirsə, oxusun. Kim də oxumaq istəmirsə, öz işidir. Yəqin ki, belə uşaqlar məktəbə buraxılmayacaq, təhsilini davam edə bilməyəcək”.

İSTƏYİRİK Kİ, HƏR KƏS MƏKTƏBƏ FORMADA GƏLSİN

Təhsil Nazirliyinin rəsmisi: Heç kimi başa sala bilmirik
B.Hüseynzadə deyir ki, nazirlik insanların dini etiqadına qarşı çıxmır, sadəcə öz qaydalarını diqtə edir. Bu da məktəbli formasının tətbiqi ilə bağlıdır:

“Valideynlərlə görüşə bilmirik, hər kəsi başa sala bilmirik. Biz yalnız şagirdlərin təhsil müəssisələrinə məktəbli formasında gəlmələrini istəyirik. Onların dini etiqadları ilə bağlı heç bir fikrimiz yoxdur”.

İCRA QURUMLARI ÖZƏL HƏYAT MÜDAXİLƏ EDƏ BİLMƏZ

Aytəkin İmranova isə nazirliyin bu mövqeyi ilə razılaşmır. Hüquq müdafiəçisi hesab edir ki, Təhsil Nazirliyinin əsas məqsədi ölkədə mümkün qədər insanın təhsil almasına çalışmaqdır:

“Kim istəmirsə, oxumasın” kimi ifadə işlətmək düzgün deyil. Belə çıxır ki, icra qurumları özəl həyata müdaxilə edirlər. Bu proses başlasa, onun sonu olmayacaq. Bu, ona bənzəyir ki, 20-30-cu illərdə qalstuk taxanları kapitalist adlandırırdılar. İnsanları xarici görünüşünə görə qiymətləndirmək – siyasi rejimlərə xas keyfiyyətdir”.

AMERİKADA MƏKTƏBDƏ HİCAB TAXAN QIZLAR VAR

Humay Hacıyeva isə Amerikada, İngiltərədə məktəbli forması ilə yanaşı hicab taxan qızların məktəbə getdiyini deyir:

“Biz sorğu aparmışıq, bir çox Avropa ölkəsində uşaqların məktəbə hicabla getməsinə maneə yoxdur. Hətta Amerika məktəbindən bizə şəkil də göndəriblər ki, uşaqlar uniformada və baş örtüyündə sinifdə oturublar. Hətta İngiltərədə polis arasında uniforma ilə yanaşı, baş örtüyündə işə gedən xanımlar da var”.

3-4 SAATLIĞINA BAŞI AÇMAQ OLAR


İnanclı jurnalist, özü də başı örtülü gəzən Məlahət Rzayeva bu məsələdə valideynlərin güzəştə getməsini vacib sayır:

“Müsəlmanın imanlı olması onun geyimi ilə ölçülmür. O uşaqlar gəncdirlər. Məktəbdə təhsilinin alandan sonra digər yerlərə hicablı gedə bilər. Amma bir halda ki, hansısa təhsil müəssisəsində hicaba görə uşağın qarşısını kəsirlər, təhsil almaq naminə müvəqqəti olaraq 3-4 saatlıq imtina edə bilər”.

BAŞ BAĞLAMAQ FƏRDİN ÖZ İSTƏYİNƏ BAĞLIDIR

Nahid Məmmədov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov Azərbaycanda təhsil sisteminin dünyəvi xarakter daşıdığını deyir. Bu baxımdan, nazirin rəhbərlik etdiyi sistemlə bağlı qərar vermək səlahiyyəti olduğunu normal qəbul edir:

“Düzdür, qanuna görə məktəbli formasına keçiddə baş geyimi nəzərə alınmır. Amma əgər hicabla bağlı məsələ burda öz əksini tapsaydı, bunu dövlətin dinə müdaxiləsi kimi yozmaq olardı. Təbii ki, başını bağlayıb-bağlamamaq hər bir fərdin öz istəyinə bağlıdır”.

HƏM MƏMURLAR, HƏM DƏ DİNDARLAR MƏSƏLƏNİ ŞİŞİRDİR

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə problemin həm məmurlar, həm də müsəlmanlar tərəfindən süni olaraq şişirdildiyini hesab edir:

“Hicab məsələsində müsəlmanları qınamaq olar. Çünki müsəlmanlar həmişə hicab məsələsini siyasiləşdirirlər. Halbuki, bu, ictimai bir məsələdir. Məmurlara gəlincə, onlar da ehtiyatla danışmalıdırlar. Anlamalıdırlar ki, cəmiyyətdə müxtəlif fikirlər, müxtəlif inanclı insanlar var. Heç kəsə də toxunmaq olmaz. Çünki hamı qanun qarşısında birdir”.
XS
SM
MD
LG