Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:15

Yusif Vəzir sağ olsaydı «Əli və Nino»nun müəllifi olardımı?


Ramiz Abutalıbov
«Betti Bleyerlə mübahisə etmək üçün öncə onun çıxardığı jurnalı oxumaq lazımdır». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına keçmiş diplomat, Azərbaycan mühacirətinin araşdırıcısı Ramiz Abutalıbov söylədi. «Azərbaycanın dünyada ən məşhur romanını kim yazıb?» mövzusunda müzakirəyə qatılan Abutalıbov «Mən jurnalın təqdimatında da təklif etdim ki, əvvəlcə jurnalı oxuyaq, bütün arqumentlərlə, sənədlərlə tanış olaq, sonra yığışıb müzakirə edək».

BETTİ XANIMIN DEDİKLƏRİ DAHA İNANDIRICIDIR

Ramiz Abutalıbov Əsəd bəyin xarici arxivlərlə işləyən üç araşdırıcısını tanıdığını bildirdi: «Bu Tom Reisdir, Nuridə xanımdır və Betti Bleyerdir. Yaxşı olardı ki, biz gələcəkdə bu üç araşdırıcının fikirlərini oxuyaq, öyrənək, sonra müzakirə aparaq».

Betti Bleyerin jurnalda sənədlərlə «danışdığını», sənədlərin surətini göstərdiyini, qeydlər verdiyini deyən R.Abutalıbov «Mənim fikrimcə, Betti xanımın dedikləri daha inandırıcıdır» söylədi.

ƏSƏD BƏYİN ADINI İLK DƏFƏ MƏCİD MUSAZADƏDƏN EŞİTDİM


Ramiz müəllim kitabın ilk tərcüməçisinin AzadlıqRadiosunun əməkdaşı Məcid Musazadə (Məcid Musazadə mühacir olub və radiomuzun yaranışından ömrünün sonunadək orada çalışıb-S.İ.) olduğunu dedi: «Onun adını hamı unudub. Almancadan ingilis dilinə çevirən Jenni Qramını isə romanın xarici dilə ilk tərcüməçisi sayırlar».

90-cı illərdən əsəri 90 faiz Yusif Vəzir Çəmənzəminlinin yazdığına inandığını deyən Ramiz müəllim bu fikrə Məcid Musazadə ilə söhbətdən sonra gəldiyini bildirdi: «Onunla görüşəndə hətta mənə göstərdi ki, bu hissə Yusif Vəzirə oxşayır, bu hissə isə Əsəd bəyindir. Məcid Musazadənin tərcüməsini Milli Arxiv İdarəsinə verdim. Ancaq 100 faiz inanmadığımdan bu barədə heç nə yazmadım».

2003-CÜ İLDƏN DEYİRƏM...

Əsəd bəyin araşdırıcılarından olan Tofiq Hüseynoğlu uzun illər yerli mətbuatda çıxış etdiyini, hətta «Qurban Səid: mübahisələr, həqiqətlər» adlı kitab da yazdığını bildirdi:
Nuridə Atəşi
«Orda mən əsərin müəllifinin Çəmənzəminli olduğunu demişəm. Nəhayət, Betti xanım kimi bir cəsur qadın meydana çıxdı və dünyanın hər yanında araşdırma aparıb bu jurnalı ortaya qoydu. Fikrimcə, Bleyerin göstərdiyi faktlara qarşı alternativ qoymaq mümkün deyil».

2000-ci ilə qədər fərqli fikirdə olduğunu deyən T.Hüseynoğlu həmin il Hilal Münşinin bir məqaləsi ilə və 30-cu illərdə alman mətbuatında və Azərbaycan mühacirət mətbuatında dərc edilmiş materiallarla tanış olandan sonra kitab yazmaq qərarına gəldiyini söylədi:

«Betti xanımla tanışlıqdan sonra onun daha böyük imkanlara malik olduğunu gördüm. Buna görə ona sağ ol deyirəm».

MƏNİM ÜÇ SUALIM VAR!


Proqrama Almaniyadan telefonla qatılan Nuridə Atəşi Betti Bleyerə üç, hamıya bir sual ünvanladı:

1. Əsəd bəyin tədqiqatçısı Azərbaycan, rus və alman dillərini bilməlidir, çünki məhz bu dillər Əsəd bəyin dilləridir. Betti xanım bu dillərin hansını bilir?
2. 6 il boyunca 10 dildə və bir çox ölkələrdə belə bir çətin tədqiqat aparmaq üçün maddi vəsait ayrılmalıdır. Betti xanımı kim maliyyələşdirir?
3. Əsəd bəyi Azərbaycan xalqının gözündən salmağa çalışmaqda, onu Azərbaycanı sevməyən, milli hissdən məhrum, az qala Azərbaycanın düşməni kimi tanıtmaqda məqsədi nədir?
4. Deyilənə görə, bu ilin avqustundan Azərbaycan XİN tərəfindən Əsəd bəyin məzarının Azərbaycana gətirilməsi məsələsi qaldırılıb. İtaliya XİN bunu Pozitano Bələdiyyəsindən tələb edir. Sizcə Əsəd bəyin məzarının bu halda Azərbaycana gətirilməsi doğrudurmu?

101 SƏBƏBƏ MİN BİR TUTARLI CAVAB!


Nuridə xanım daha sonra Betti Bleyerin «Əsəd bəy bu əsəri niyə yaza bilməzdi» sualına verdiyi yeddi arqumentin bəzilərini cavablandırdı. Və əlavə etdi: «Betti Bleyerin 101 səbəbinə 1001 tutarlı
Çingiz Abdullayev
cavabım var!».

ƏSƏD BƏY AZƏRBAYCANI XARİCDƏ TANIDAN YAZARDIR

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev Əsəd bəy ətrafında gedən mübahisələri anlamadığını söylədi. 20 ildən çoxdur ki, bu fəaliyyətlə məşğul olduğunu deyən Çingiz müəllim müxtəlif səpgili iri layihələr həyata keçirdiklərini, 2005-ci ildə Əsəd bəyin 100 iliyini qeyd etdiklərini söylədi:

«Dünyanın hər yerindən qonaqlar gəlmişdi. Əsəd bəy haqqında Niderland rejissori Coste Potterin filmi nümayiş olundu. Konfrans keçirildi. Konfransa 5 yaşı olarkən Əsəd bəyi Pozitanoda görmüş professor Romalo Erkalino İtaliyadan gəlmişdi. Əsəd bəy həmin adamın atasının himayədarlığı ilə İtaliyada-Pozitanoda yaşamışdı. Hazırda Erkalinonun evinin üstündə «Qurban Səid-Əsəd bəy burada yaşamışdır» xatirə lövhəsi vurulub. Bu adam mənə bütün arxivini göndərib».

ƏSƏD BƏYİN DAHA BİR TƏDQİQATÇISI - GERHARD HOP


Çingiz Abdullayev bildirdi ki, həyatını Əsəd bəyin irsinin araşdırılmasına həsr edən mərhum Gerhard Hop heç xatırlanmır: «Berlin Şərqi Tədqiqatlar İnstitutunda çalışırdı. Kifayət qədər arxiv materialları araşdıran Gerhard Hop öz fikrini sonacan söyləməyib. Bəs nədən qısa zaman tədqiqat aparanlar qəti qərar verirlər?».

BİZ NƏ ETMƏLİYİK?

Çingiz Abdullayev «biz «Əli və Nino»nu milliləşdirməliyik» – deyir: «O əsərdən film çəkilməlidir. Bu film bizim diasporumuzun bayrağı olmalıdır. Əsərdən opera yazılmalıdır, tamaşa hazırlanmalıdır (bir-iki il öncə tamaşa hazırlanmışdı-S.İ.). Bütün bunlardan sonra Çəmənzəminlini xatirəsinə həsr olunmuş konfrans təşkil olunardı, müzakirələr olardı. Hazırda Tom Reis onu yəhudiləşdirməyə çalışır. Betti Bleyer başqa tərəfə çəkir. Fakt isə odur ki, kitab yenə Qurban Səidin adıyla çıxır».

Cəmiyyət sədri sonda bir daha «Mənim üçün Əsəd bəy dünyada Azərbaycanı tanıdan yazardır»-dedi.

HƏSƏN QULİYEVDƏN BETTİ BLEYERƏ BİR SUAL

Həsən Quliyev
Həsən Quliyevin fikrincə, xaricdə Əsəd bəy haqqında olan arxiv sənədləri onun kim olduğunu sübut edir: «Ancaq bu romanın Yusif Vəzir Çəmənzəminlinin əsəri olması barədə əldə heç bir fakt yoxdur».

Həsən Quliyev Betti Bleyerə araşdırmalarına görə təşəkkür etdi və soruşdu: «Bu romanı Çəmənzəminliyə verirsiniz. Bəs onun bir-biri ilə mövzu, problematika cəhətdən sıx bağlı olan romanlarını -»Şərqdə neft və qan», «Altunsaç», «Məhəbbət və neft» əsərlərini kim yazıb? Bəs 20-yə yaxın kitab kimindir?».

CİNAYƏTDİR!

Həsən Quliyev Betti Bleyerin əlində bu romanın Çəmənzəminli tərəfindən yazılması barədə heç bir fakt olmadığını bildirdi: «Romanı Çəmənzəminlinin adına yazmaq cinayətdir, plagiatdır. Əsəd bəy öz yaradıcılığı ilə qərar verib ki, bu, mənim əsərlərimdir».

YUSİF VƏZİR SAĞ OLSAYDI...

Həsən Quliyev Yusif Vəziri çox sevdiyini, ona həmişə böyük diqqət ayırdığını dedi: «Amma bu o demək deyil ki, başqa bir klassikin əsərini ona verəsiniz. Heç Çəmənzəminli sağ olsaydı, belə bir şeyə razı olmazdı. Bu, günahdır! Betti Bleyerin qəti qərar verməyə ixtiyarı yoxdur».

- Ramiz müəllim Əsəd bəyin məzarı ilə bağlı yayılan xəbərə necə münasibət bildirdi?
- Həsən Quliyev gələn il Əsəd bəylə bağlı hansı yeniliklərin olacağını dedi?
- Tərəflər dil məsələsində niyə bir-birini söz atəşinə tutdular?
- Ramiz müəllim Həsən müəllimi təqdimatda Betti Bleyerə hansı sualları verməməkdə suçladı?
- Nuridə xanım Əsəd bəyin Azərbaycan dilini bilmə səviyyəsindən nələr dedi?
- Doğrudanmı «Azərbaycan» yazanda səhvlər buraxan Əsəd bəy «türkcə qüsursuz danışırdı»?
- Nuridə xanımı dinləyən Ramiz Abutalıbov niyə «mən mübahisə tərəfdarıyam, qəti qərar yox!» söylədi?
- Çingiz Abdullayev Əsəd bəyə nədə haqq qazandırdı? Niyə «Bunu bacarıb ki!»- dedi? Və bizləri nədə ehtiyatlı olmağa çağırdı?

Ən yaxşısı «Can Bakı»nı dinləməkdir.
XS
SM
MD
LG