Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Azərbaycanın kimlik kartı: «Əli və Nino»


Yazıçı Elçin Hüseynbəyli "Oxu zalı"na göndərdiyi bu yazısı ilə "Əli və Nino" romanının müəllifinin kimliyi ilə bağlı müzakirəyə qoşulur.


Azərbaycanın kimlik kartı:
«Əli və Nino»


Tanrını dərk etməyin yolu müqəddəs kitablardan, milli özünüdərkin yolu isə mədəniyyət və ədəbiyyatdan keçir.

Müqəddəs kitablarla işim yox, indiki məqamda milli özünüdərkə aparan "Əli və Nino" romanından söz açmaq istəyirəm.

Bəri başdan deyim ki, son zamanlar bu roman qədər mənə təsir edən ikinci bir əsər olmayıb.

İdeoloji olduğu qədər də, oxunaqlı və maraqlı bir əsərə rast gəlmək (həm də onu yazmaq) çox çətindir.

"Əli və Nino"nu oxuyanda Asiyanın və Avropanın mahiyyətini daha dərindən anladım. Roman barədə qeydlərimin gec çıxmasına səbəb özümün bir neçə əsər işləməyim oldu.

Çünki onlardan ayrıla bilmirdim. "Əli və Nino" ilə öz yazılarımın arasında qalmışdım. Ona görə də əsər barədə bir sıra qeydlər elədim, tezisvari konturlar cızdım. İndi isə, belə demək mümkünsə, onları ətə-qana gətirməklə məşğulam.

Şübhəsiz, diqqətli və ədalətli oxucu mənim bu qeydlərimi hansısa özündənrazı yazıçının resenziyası kimi yox, sadəcə düşüncələri kimi qəbul edəcək.

"Əli və Nino"nu oxuyanda bir neçə şeyə görə xəcalət çəkdim. Birincisi, gec oxuduğma görə. İkincisi, bu kitabı indiyə kimi öz ətrafıma tanıda bilmədiyimə görə.

Məndən yaşca böyüklərin əvəzinə də xəcalət çəkdim ki, bu əsəri dünyaya tanıtmaq əvəzinə, müəllifin kimliyi barədə daha çox danışıblar.

Söhbət etdiyim istedadlı yazarların çoxu da "Əli və Nino"dan yalnız əsərin hansı müəllifə aid olub-olmaması barədə məlumatlıdırlar.

Bəziləri də mənim heyrətimə səbəb olan fikirlər söylədi. Sən demə, bunu hansısa bir yəhudi yazıb.

Bu yəhudi uydurmasını ortaya atanlar elə yəhudi qafalı ola bilər, yəqin (deyəsən, bir qədər sərt çıxdı).

"Əli və Nino"nu nəinki 20-ci əsr Azərbaycan ədəbiyyatının, həmçinin dünya ədəbiyyatının şah əsərlərindən saymaq olar. Əslində, bu roman hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.

Romanda hər şey ölçülü-biçili verilib və çox şey öz yerindədir. Adam, bəzən bu əsərin 70-75 il il bundan qabaq yazıldığına inanmır.

Çünki romanın dili nə öyrəşdiymiz və bəyəndiyimiz 60-cıların, nə ondan sonrakı nəslin (mən də daxil olmaqla), nə də bəyənmədiymiz 30-cu illər ədəbi nəslinin dilidir.

Əsərin təhkiyəsi ütü və sığaldan uzaqdır, ərəb və fars sözləri əsasən təhsil və dövlətçiliklə bağlı epizodlarda işlədilir.

Əsərin müəllifi barədə gəldiyim qənaət bundan ibarətdir ki, onu yazan azərbaycan türküdür, müsəlmandır.

Çox güman ki, əsərin müəllifi, bir çox ədəbiyyat araşdırmaçısının dediyi kimi, Yusif Vəzir Çəminzəminlidir.

Onun "Qan içində", "Qızlar bulağı" kimi əsərlərinin dil və üslub oxşarlığını deyənlərin haqlı olduğunu təsdiq eləməkdən başqa əlacım qalmır.

Dünyagörüşü və təhsili baxımından da romanın Çəmənzəminlinin qələminə məxsus olması danılmazdır.

Çünki əsərdə Əli xanın bir neçə dəfə Rusiyaya oxumağa getmək cəhdləri qəsdən qabardlıır. Çəminzəminlinin özü də vətəndən kənarda (Kiyevdə) ali təhsil alıb.

Əsərin qəhrəmanı Əli xanı təhlil edərkən bir çox məqamda onun Çəmənzəminlinin özü olması da aydınca görünür və sanki müəllif Əli xanın yanında durub onu müşahidə edir. Özü də Əli xan Şirvanşir Əli xan Cavanşir kimi oxunmalıdır və Çəmənzəminlinin soyadına işarədir.
Bu versiyanı bir də o fakt təsdiq edir ki, müəllif özünü bakılı kimi qələmə versə də bakılı deyil, çox güman ki, qarabağlıdır.

Sadəcə izi azdırmaq üçün (yenə də əlahəzrət dövr) Qarabağla bağlı təsvir və məlumatları səthi verir.

Əsərdə Bakı estetikası yoxdur, təsvir olunan çöllük isə türk çöllüyünün rəmzidir və əsərin qəhrəmanının genetik yaddaşına işarədir.

Görünür, müəllif qəhrəmanı (özünü) bakılı kimi qələmə verməklə izi azdırmaq niyyəti güdür.

Hər halda, romanın yazılma tarixi bunu deməyə əsas verir. Repressiyanın qızğın çağı "şanlı" Rus ordusunun Qafqaza hansı fəlakətlər gətirdiyini etiraf etməyin nəticəsini təsəvvürə gətirmək gərək ki, çətin olmasın.

Məncə, əsər 30-cu illərin əvvəllərində yazılıb, çünki hadisələrə ayıq başla qiymət vermək üçün azı 10-15 il lazım idi.

Əsərdə İçərişəhər geniş təsvir olunmur, Əli xan qədim Bakıda (qalada) doğulsa da, daha çox İçərişəhərin ətrafından danışılır (məsələn, Qubernator bağı). Xəzər burada, demək olar ki, gözə dəymir, yalnız bir neçə epizodik məqamlarda (Əli xan əmisini qarşılayanda və ailəsilə birgə İrana mühacirət edəndə) onun adı çəkilir.
Əsər özü orijinal təsiri bağışlayır.

Çünki ifadə və istilahlar, yer adları dəqiqdir. Cümlə quruluşu özümüzünküdür, təfəkkürlə dil arasında məsafə qısa və çevikdir.

Hər halda, əsərin orijinalının hansı dildə olması məsələsi mübahisə doğura bilər.

Bu mübahisəyə son qoymaq üçünsə, orijinal (əsas nüsxə) Azərbaycana gətirilməlidir.

Gətirilibsə də, bu barədə səhih və ətraflı məlumat yoxdur.

Güman etmək olar ki, əsər 30-cu illərin əvvəllərində xaricə çıxarılıb, yaxud göndərilib və sonradan alman dilinə tərcümə olunub. Tərcümə olunubsa da belə, ikinci müəllif Mirzə Xəzər deyil. Çünki Mirzə Xəzər onu tərcümə etməzdi.

Birincisi ona görə ki, onda həmin təfəkkür yoxdur. "Meydan" sənədli povesti bunu göstərir.

İkincisi, o, Azərbayan türkünü sevmir və ona nifrətlə yanaşır. Romanda isə Azərbaycan türkünə sevgi və ehtiram, onun taleyindən narahatlıq qırmızı xətt kimi keçir. Mirzə Xəzər bu əsəri təqdim etməklə daha çox populyarlaşmaq və Azərbaycan türkünə qarşı öz nifrətini malalamaq niyyəti güdüb.

Yeri gəlmişkən: Bəzi versiyalara görə, «Əli və Nino»nu Məcid Musazadə adlı mühacir soydaşımız tərcümə eləyib (bayaq dediyim kimi, mən özüm bir yazar olaraq romanın azərbaycan türkcəsində yazılmasına üstünlük verirəm),

Yusif Vəzir
Mirzə Xəzərsə onun əlyazmasını sadəcə çırpışdırıb. M.Musazadənin oğlu hələ 1990-cı ildə bu barədə açıqlama verdi.

Mirzə Xəzərsə ağzına su alıb durdu. Əsərə bəzi kənar müdaxiləni ehtimal etmək mümkündür. Bu isə, güman ki, romanı ideya və konseptuallıq baxımından cilalamaq niyyəti güdüb.

Güman ki, onu Yusif Vəzir yazıb, Ceyhun Hacıbəyli isə alman dilinə tərcümə elətdirib və üstündə işləyib, yaxud da müəllif özü tərcümə edib.

Kənar müdaxilənin üstündə dayanan adamları çaşdıran odur ki, burada azərbaycançılıq ideyası, yəni Azərbaycanın gedəcəyi yolun konturları çox qabarıq göstərilib.

Nəzərə almaq lazımdır ki, Çəmənzəminli çox təhsilli adam idi, uzun illər Azərbaycanın başına gələn bəlaları, onun başına açılan oyunları və ona qurulan tələləri görmüşdü, öz xalqının taleyini ürək ağrısı ilə izləmişdi və vətənin xoşbəxtliyi naminə onun hansı yolla getməsinin xeyirli olduğunu özü və milləti üçün müəyyən etmişdi.

Əsərin mahiyyəti haqqında.

Əsər Azərbaycan (Asiya) və Gürcüstanın (Avropa) müttəfiqlik xətti üzərində qurulub. Müəllif bu iki ölkənin timsalında regionda fars, rus və erməni koalisiyasına (hətta təcavüzünə) qarşı türk-gürcü birliyini qoyur.

Əli xan xəyanətkar erməni Naxararyanı öldürür (Ninonu qaçırdığına görə).

Bu isə tarixi düşməndən azad olmaq üçün yeganə, düzgün yol kimi göstərilir (əfsuslar ki, biz bu həqiqəti unutmuşuq).

Müəllif Rusiyanın Qafqazda daim münaqişələr yaratmaq istəyini də peşəkarcasına anladır ("Rusiya narahatdır ki, birdən Qafqaz xalqları bir-birilə dalaşar").
Əli-"barbar" Asiyanın, Nino – sivil Avropanın rəmzidir. Buna adi məhəbbət əfsanəsi kimi baxmaq düz olmazdı.

Sadəcə müəllif əsərin oxunaqlı olması üçün əlahəzrət məhəbbət xəttini fabulanın əsasına qoyub.

Çağdaş dünya ədəbiyyatında indi-indi bu ədəbi priyomlardan geniş istifadə olunmağa başlayıb.

Bu isə o deməkdir ki, bu əsərin dünya ədəbiyyatına təsiri danılmazdır və təsadüfi deyil ki, Avropada bu əsər olduqca populyardır.

Halbuki biz ədəbi nəsrimizin dünya ədəbiyyatından qaynaqladığını tez-tez vurğulamağı xoşlayırıq.

Oxucu Əli ilə Ninonun uşaqlıqdan, hələ parta arxasında başlayan zərif, yaddaqalan məhəbbət hekayətini ürək ağrısı və həyacanla izləyir.

Qarabağın gözəl guşələrini təsəvvürə gətirir, Əl i xanın comərdliyi və xalqının tarixi keçmişilə fəxr edir.

Mənə elə gəlir ki, vicdanlı oxucu həmin dövrlə müqayisədə bizim bir toplum kimi nə qədər cılızlaşdığımızın fərqindədir.

Əlinin (ikinci planda isə Ninonun) birinci uşağı ona görə qızdır ki, o hələ təcavüz obyektidir. Nino oğlan gözləyir.

Müəllif onu demək istəyir ki, qırmızı imperiyanın işğalından sonra uzun bir sovet dövrü gəlir və ondan sonra elə bir oğul doğulacaq ki, o, Azərbaycanı AZƏRBAYCAN edəcək və regionda söz sahibinə çevirəcək.

Əsərin ideya xəttində azərbaycançılıq ideyası dayanır.

Çünki müəllif Əlinin timsalında nə sivil Avropanı (Parisə diplomatik işə getməkdən imtina səhnəsi), nə də Ninonun timsalında "barbar" Asiyanı bəyənir.

Hər ikisi onlara yad olan bu sivlizasiyalara nifrət edir (Nino: "Mən barbar Asiyaya nifrət edirəm, Əli").

Əlinin ölümü Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə bərabər, barbar Asiyanın və sivil Avropaya aldanmış insanların ölümüydü.

Daha bir qənaət. Əsərdə göstərilir ki, bəyzadələr Cümhuriyyət və vətənin azadlığı uğrunda döyüşün qabağında gedib.

Yəni xalqın sərvətinə sahib çıxanlar döyüşün qabağında getməlidir. Bu məsələ bütün zamanlar kimi, indiki dövrdə də aktualdır.

Bayaq da qeyd etdim ki, bu əsəri indiyə kimi daha çox məşhur etmək, ona sahib çıxmaq əvəzinə, onun daha çox kimin yazması ideyası üstündə dayanılıb və bu çox təəssüfedici, qanqaraldıcı haldır.

Hazırda bir versiyanın üzərində dayanmaq Azərbaycan naminə vacibdir.

Birmənalı şəkildə vurğulanmalıdır ki, əsərin müəllifi Azərbaycan türküdür (dəqiqləşdirməyə ehtiyac duyanlar, hələlik Çəmənzəminlinin adını bir qədər ehtiyatla da çəkə bilər.

Mənim, eləcə də həmfikirlərim üçün müəllifin kimliyi aydındır), onun yəhudi tərəfindən yazılması ideyası da birmənalı şəkildə rədd edilməlidir. Yəhudi heç zaman belə səmimi olmazdı.

Şübhəsiz sovet dövründə bu əsər qadağan olunmalıydı. Çünki burada "şanlı sovet ordusu" lağa qoyulur.

Lakin onun müstəqillik dövründə təbliğ olunmaması təəssüf doğurur.

Görünür, bəziləri belə düşünür ki, bu əsərin təbliği musəlmançılığı və azərbaycançılığı lağa qoyan klassiklərimizin üstündən xətt çəkilməsinə səbəb olar. Ancaq bu narahatçılığa elə bir əsas da yoxdur.

Hər kəs öz məntiq və yaradıcılığında haqlıdır.

Bizim tanınan yazıçılarımızın da bu barədə susması ən azı qəribədir…Bəlkə, əsərin şöhrətinə qısqanırlar?

İndi çayxanada oturub özünü postmodernist adlandıran, Azərbaycan xalqına az qala nifrətlə yanaşan adamlara demək istəyirəm ki, gedib "Əli və Nino"nu oxusunlar, onda özlərinin nə qədər nadan olduqlarını görəcəklər.

Bu yazını yazandan sonra əsəri bir də oxudum və fikirləşdim ki, ora heç nə əlavə etmək olmaz.

Yalnız bir şeyi təkrarlamaq olar: «Əli və Nino» müqəddəs kitabdır və hamının stolüstü kitabı olmalıdır.

Burada "təkrar" sözü «biliyin anası»ndan çox, «özünüdərkə kömək vasitəsi" anlamına gəlməlidir.

Yanvar 2005
"Ulduz"
XS
SM
MD
LG