Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:33

Gömrük postunda “rastamoşka” haqq-hesabı....


Yasamal və Binəqədi gömrük postu
Yasamal və Binəqədi gömrük postu
Şamaxı sakini: - Ay kişi mənim pulum yoxdur, sürüb maşını çıxıb gedirəm...Maşın mənimdir götürüb gedirəm!

Gömrük postunun mayoru:-İcazə yoxdur getməyə, üç gün ona görə vaxt verilir ki, qeydiyyata düşəsən...

Səhər tezdən Bakı Baş Gömrük İdarəsinin Sulutəpədəki Yasamal və Binəqədi gömrük postuna çatanda Rusiyadan avtomobil gətirən bir nəfərlə postdakı mayor rütbəli rəsmi şəxs mübahisə edirdi. Avtomobilini gömrük qeydiyyatından keçirmək istəyən vətəndaş əsəbi halda pulunun olmadığını bildirirdi.

Mübahisə bitəndən sonra Rusiyadan “Jiquli” markalı avtomobil gətirən şəxslə söhbətdən aydın oldu ki, ondan dövlət rüsumundan artıq pul istənilib. O istənilən məbləği verə bilməyəcəyini deyəndən sonra, belə bir mübahisə yaranıb. Şamaxıdan gəldiyini bildirən həmin şəxs avtomobilə minib geri, rayona qayıtmaq istəsə də, postun əməkdaşları buna imkan vermədilər.

DANIŞMAGA RƏSMİ RAZILIQ OLMALIDIR...


Baş verənlərə idarə əməkdaşlarının münasibətini öyrənmək istəsək də, onlar Dövlət Gömrük Komitəsinin yazılı razılığı olmadan bu barədə heç nə deyə bilməyəcəklərini söylədilər.

Gömrük postundan çıxan əksər adamlar isə gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çoxluğundan, həm də rüsumdan əlavə pul alınmasından narazılıq edirdilər.

BİZDƏN 600-700 MANAT ARTIQ PUL ALIBLAR


Gömrük postundan çıxan əksər adamlar narazılıq edirdilər
Almaniyadan “Mercedes” markalı avtomobil gətirən Vahid Səlimov deyir ki, 3 min manata aldığı 1998-ci il istehsalı olan avtomobilə görə, 4 min manata qədər pul ödəyiblər:

- “Rastamoşka” çox bahadır, heç bir ölkədə belə deyil. Bax elə bil 3 min manata gətirdiyimiz maşının “rastamoşka”sına 4 min manat ödəmişik.

- Bilirsizmi rüsümlar nə qədərdir?

- Hə bilirik, bilə-bilə də artıq ödəyirik.

- Niyə bilib artıq ödəyirsiz?

- Ona görəki məcburuq, deyirlər gedin hara şikayət edirsiz edin. Bir az da mübahisə edən kimi deyirlər çıxın bayıra.

Vahid Səmədov bildirir ki, onlardan 600-700 manat artıq pul alınsa da, bu rəsmi sənədləşmədə öz əksini tapmır.

SƏNƏDLƏRİN SURƏTİ 15-10 MANATA ÇIXARILIR

Avotomobil gətirənlərin digər bir narazılığı da gömrük postundan 10-15 metr aralı göy rəngli kiçik köşkdə baş verənlərlə bağlıdır. Adamların dediyinə görə, hər yerdə sənədin surətinin çıxarlması 20 qəpikdən baha olmadığı halda, həmin köşkdə onlardan buna görə 15-20 manat alınır.

15-20 manata sənədlərin surətinin çıxarıldığı köşk
Üstəlik, səndən məhz orada sənədlərin üzünü çıxarmaq tələb edilir.

Gürcüstandan Azərbaycana tez-tez avtomobil gətirən Səbuhi Ağaliyev isə deyir ki, Gürcüstanda rəsmi ödənişdən əlavə kimsədən pul alınmır.

Azərbaycanda isə görünür, baş verən hallara görə kimsə məsuliyyəti də öz üzərinə götürmür. Elə bil hər şey sehrli çubuqla idarə edilir.

Bu gömrük postunun girişindəki lövhədə postun Bakı Baş Gömrük İdarəsinə aid olduğu yazılsa da, həmin İdarədən Sulutəpədəki Yasamal və Binəqədi gömrük postunda baş verənlərə, ordakı narazılıqlara cavabdeh olmadıqlarını deyirlər. İdarədən bildirirlər ki, avtomobillərin gömrük qeydiyyatına alınması birbaşa Dövlət Gömrük Komitəsinə aid bir məsələdir. Dövlət Gömrük Komitəsinin növbətçi hissəsindən isə bildirdilər ki, bu məsələ ilə bağlı komitənin mətbuat xidmətinə müraciət etməliyik.

Amma reportaj efirə gedənə qədər komitənin mətbuat xidmətindən zənglərimizə cavab verən olmadı.

Bu məsələ ilə bağlı narazılıqlar bundan əvvəl də dövrü mətbuatda tez-tez səslənib. Ancaq Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev və bu qurumun bəzi rəsmiləri bu şikayətlərin əsassız olduğunu bildiriblər.

Halbuki, həmin postda baş verənlərlə bağlı aydınlaşdırılası çox məqam var. Məsələn, Şakir Qurbanov Gürcüstandan 3 min dollara alıb gətirdiyi 1998-ci il istehsalı olan “Opel” markalı avtomobilə görə 2300 manat rüsum tələb edilməsindən narazıdır:

300 MANAT ARTIQ PUL İSTƏNİLİR?

- Mən hesablamışam, gətirdiyim avtomobilin rüsumu hardasa 2 min manata yaxındır.

- Təxminən 300 manat artıq pul istənilir?

- Hə hardasa o qədər.

- Ödəyəcəksizmi o qədər?

- Pulum var, amma o qədər ödəməyəcəyəm. Hələ ki qalacaq dayanacaqda, indi adam axtarıram görək nə olur.

921 MANAT ƏVƏZİNƏ 2300 MANAT

Anar Qasımov
Azərbaycana gətirilən avtomobillərlə bağlı gömrük rüsumları Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli qərarı ilə tənzimlənir. Hüquqşünas Anar Qasımov elə bu sənədə istinad edərək bildirir ki, Gürcüstandan avtomobil gətirən Şakir Qurbanov 2300 manat deyil, cəmi 921 manat dövlət rüsumu ödəməlidir:

-1600 kub santimetri 15 qəpiyə vurmaqla onun aksiz vergisini müəyyənləşdirmək olur, bu 240 manat edir, idxal rüsumu da hər kub santimetrə vurulmaqla hesablanır, bu da təxminən 83 manat edir, əlavə dəyər vergisi isə avtomobilin alınma qiyməti, üstəgəl idxal rüsumü və aksiz vergisinin cəminin 18 faizini təşkil edir. Bu 3323 manat edir, onun da 18 faizi 598 manatdır.

Hüquqşünas hesab edir ki, 921 manat dövlət rüsumu ilə 2300 manat arasındakı fərq avtomobil sahibindən tələb edilən qeyri-leqal vəsaitdir:

“Vətandaş 2300 manatı deyil, 921 manat rüsumu ödəməlidir”.

Anar Qasımova görə, belə vəziyyətlərdə vətəndaş hüquq-mühafizə orqanlarına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməklə yaranmış vəziyyətin aradan qaldırılmasına nail ola bilər.

Amma o hesab edir ki, vətəndaşlar bir çox hallarda prosesin uzanacağı halda daha çox vəsait xərcləyəcəklərindən ehtiyat edərək istənilən məbləğdən bir az aşağı məbləğ ödəməklə daha çox problemi tez həll etməyə üstünlük verirlər. Anar Qasımova görə, vətəndaşlar məhkəməyə müraciət edib məsələni ictimailəşdirsələr, bu sahədə korrupsiyanı az da olsa aradan qaldırmaq mümkündür.
XS
SM
MD
LG