Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Postəkrəmçi Sevinc Pərvanə


Həmid Herisçinin bu məqaləsi ilə gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsini yekunlaşdırırıq.


Həyat bir kinodur...

Bu bəsit fikri təsdiqləmək xəyalına düşübsənsə, çox da uzaqlara getmə, götür əlinə gənc yazar Sevinc Pərvanənin ilk romanı “Şəhər”i, onu başla vərəqləməyə.

Bəli, təəssüf olsun ki, canlı həyat, bədii əsərlərə, kinofilmlərə, əslində, çox az təsir edir.

Lakin, kinonun, bədii əsərlərin həyata təsiri, razılaşın ki, daha çoxdur.

Bir sözlə, İncildəki “Əvvəl söz olub” müddəası indi dəyişib, əvəzinə, “əvvəl kino olub” şəklini alıb.
Məsəlçün, məşhur fransız inqilabçısı Qi Debor bundan çox ustalıqla istifadə edərək 1968-ci il Fransız inqilabını hazırlayıb.

Götürüb yeni kinozallar şəbəkəsi yaradıb Fransada, başlayıb bu kiçik, darısqal zallarda üsyançı yeni filmləri göstərməyə.

Tələbələri yığıb ora, başlayıb film nümayişlərindən sonra estetik, sosial problemlər ətrafında müzakirələrə.
"Bəli, bu fərqli zərləri, Azərbaycan nəsrinə at, orda Sevinclə Əkrəm daim “şeşqoşa” düşəcək.

Əkrəmin açdığı zoofiliya mövzusu lesbiyanlıqla davam edəcək, onun “Ətirşah Masan” əsərindəki deputatlıqla fahişəliyin eyni bulaqdan su içməsi mövzusu da, ilk baxışdanca gözümüzə çarpacaq".

Yavaş-yavaş bu kinoteatrların cəmiyyətdəki mövqeyi artıb, orda formalaşmış yeni tamaşaçı, yeni insana çevrilərək axırda başlayıb öz inqilabına...

Sevinc Pərvanənin romanı da oxşar bir mənzərəylə başlayır: “Videonun yeni-yeni çıxdığı vaxtlardı.

Özündən əvvəl söhbəti gəzirdi qəsəbədə.

Kasseti qoyursan, ürəyin istəyən qədər baxırsan kinoya. İstəyirsən qabağa çək, istəyirsən dala. İstəyirsən ortadan bax filmə.

Daha AzTV-nin heykəl başlı aparıcısının “indi də bədii filmə baxın” kimi cümləsini 24 saat səbirsizliklə gözləməyə hacət yoxdu...

Hələlik heç kimin evində video yox idi. Amma prokatda video da vardı, videokassetlər də.

Bir də görürdün, “xodgedən” oğlanlardan biri car çəkir ki, bu gün axşam Van Damın filan filmini gətirəcək.

Bütün gonşular-qadınlı-kişili, qocalı-uşaqlı yığılırdı həmin qaqaşın həyətinə.

Televizoru qoyurdular həyətin hər tərəfindən görünən münasib bir yerə. Kinoteatr effekti yaradırdılar”.

Hamımıza tanış olan bu mənzərə nəticəsində köhnə sovet kinosu (əslində, köhnə sovet həyatı, insanı) qəsəbədə ölür, yeni insan, yeni tamaşaçı doğulub gəlir həyata - “Bu, o vaxtlar idi ki, əyalətlərdə kinoklublar dağıdılır, avadanlıqları satılıb-sovulur, pərən-pərən edilirdi”.

Videoklublar az sonra başlayırlar porno göstərməyə.

Fahişələr üz tuturlar bu klublara. Orda yeni dövrün yeni insanı əmələ gəlir...

Əsərin gəhrəmanı bu vaxtlar az-maz folklorla təmasda olsa da, nənəsinin dini əfsanələrini eşitsə də, əmisiuşaqlarıyla gizlənqaç oynasa da... bu, az təsir edir ona.

Bir başqa dünya, “O” təsir edir bu qız uşağına. “O” bilirsizmi kimdir? - zəmanəmizin yeni “azad qadını”...

Pornoklublardan gəlmiş qadın... Yeni, bəlkə çox köhnə seksual kənd həyatı: “Seymur südsüz döşdən süd çıxarmaq istəyən ac körpə kimi Almazın döşlərini əmir, əmir, əmirdi. Mən ayaq üstə ölmüşdüm.

Cənnət meyvəsini ilk dəfə kənardan görmüşdüm. Yasaq meyvəni...Hiss tanış idi. Amma hardan?”

....Hissin hardan tanış gəldiyini Sevinc Pərvanəyə saxlayaq, amma süjetin “hardan tanış gəlməsini” mən deyim...

Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” şeiriyyatından gəlib sonra “Ətirşah Masan” roman-reportajda davam edən həmin mövzu bu dəfə keçir Sevinc Pərvanənin ixtiyarına.

Kənddəki “lesbi” məcaraları, qəhrəmanın ilk təcrübəsidir, sonra da ki, “yoncaliqdakı ehtiraslar”-“Almazla Seymur bu qadağanı pozmuşdular. Amma meyvəni nə dişləmir, nə də udmurdular.

Qorxularından eləcə əlləşdirir, yalayırdılar, ağızlarına isə heç nə getmir, gerçək dadı dada bilmirdilər”...

Romanın bu yerində Sevinv Pərvanə öz romanının freydizmə söykəndiyini gizlətmir.

O da, Əkrəm Əylisli kimi, Azərbaycan həyatının bütün əyər-əskikliyinin səbəblərini qapalı seksual həyatda, ehtirasların boğulmasında görür.

Demək, romanın fəlsəfəsi aydındır-freydizm. Müəllifə görə seksual azadlıq olmadan, cəmiyyətin inkişafı da mümkün deyil.

***

“Rayonun mərkəzində sovetlərdənqalma park, kitabxana, mədəniyyət evi vardı. Amma gözdağı kimi durmaqda idi eləcə”.

Bəli, kənddə mədəniyyət, yüksək həyatdan dəm vuran bütün bu işarələr var.

Lakin, insanlar gerizəkalı, bədbəxtdirlər.

Müəllifi izlədikcə görürük ki, bunun səbəbini seksual həyatda inqilabın olmamağında axtarır o. Sovetlərin sosial inqilabı azmış sən demə.

Qəsəbə sakinləri yaxşılığı, müsbət gücü özlərində tapmadıqları səbəbdən şəhərdəkiləri, şəhəri daha müsbət bilirlər.

Kənd qızları belə düşünür: “Orda oğlanlar daha müasir idilər.

Onlara televizorda gördükləri müğənnilər kimi geyinməyə icazə verəcək, dənizkənarı bulvara aparacaq hər axşam, şeytan çarxına mindirəcəkdilər...

Bu xəyallardan vaz keçmək imkansızdı əyalət qızları üçün.

Təsadüfən bir şəhər balası nənəsinə, xalasına baş çəkmək adıyla kəndə gələr, üç günə üç kənd qızının başını bişirərdi.

Sonra da onları gözüyaşlı qoyardı.

Bunu sonra neyçünsə hamı bilərdi. Və yerli oğlanlar bunu o qızlara heç vaxt bağışlamazdılar.

Axırda da ağ atlı oğlan həsrətində olan bədbəxt qız ya kara, ya keçələ gedərdi”...

Gülşah kimi qarılar isə, kənd uşaqlarından da çox, qızların namusunu qorumağa meyillidirlər-o, nəvəsinin gətirdiyi qızı özü korlayıb sonra aləmə car çəkib ki bəs...Nəticədə kəndə qan düşüb, ailələr dağılıb...

Bəli, belə yerdə yaşamaq, sevişmək ən böyük günah sayılır...

Seymurla Almazı şəhvət anında haqlayan əsərin baş qəhrəmanı tumanını batırır, təpiklənir, bir sözlə tam antiestetik bir duruma düşür. Və bir başqa həyat başlayır onunçün.

Sonra Sonayla Sənubər lesbiyanlıq üstə quyuya atılır...Səbəbkar Aygün Kazımova və köhnə sovet televizoru sayılır.

Televizoru atırlar quru, susuz arxa...Baki, Türkiyyə telekanallarının bayağı proqramları, ordakı dedi-qodular, bəli, camaatın əbədi söhbət mövzusudur burda...

İki qəhrəmanın bir-birinə qarışdığı, Almazın O-na, O-nun Almaza keçdiyi bu əsərdə atanın Hökumət adı daşımağı lap yerinə düşür.

Analığıyla davaya çıxan “O+Almaz” cütlüyü, bir də gözünü açıb görür ki, kənd yoxdu-qəfildən nə isə baş verib, lap möcüzə kimi... və son nəticədə şəhər sakininə çevrilib bu əsərin hər iki qəhrəmanı.

***

Romanın ilk sətiri, elə adı da bizə deyir ki, bu qız uşağı axırda şəhərə gələcək.

Fikir verin, Bakiya deyil, şəhərə. Sanki Bakı da yox olub, özünü itirib bu gəlmələrin əhatəsində, nəticədə Bakida bakılılıq qalmayıb, o dönüb bir simasız şəhərə...

“O+Almaz” kimilərin “şəhərinə çevrilib”...

Romanın bu xüsusiyyəti –Bakının gözümüz önündəcə ölüb simasız bir şəhərə çevrilməyi, deyərdim ki, məni xeyli dərəcədə düşündürdü...

Romanı oxuduqca Əkrəmin “Ətirşah Masan”dakı nəsr qafiyələrini eşidirdim daim. Sevinc Pərvanə bu səbəbdən Əkrəmin epiqonu sayılmalıdır.

Süjet, hər iki romanda da sanki eynidir, hər iki əsərin freydizmə meylini də bunun üzərinə gəlsək, məsələ lap aydınlaşacaq.

Əkrəmin Sülüsü burda bir başqa həyatı canlandırsa da, mətləb eynidir-kəndin şəhərə axışı. Kənd fahişələri, kənd deputatları... Zoofiliya, lesbiyanlıq...

Bəli, bu fərqli zərləri, Azərbaycan nəsrinə at, orda Sevinclə Əkrəm daim “şeşqoşa” düşəcək.

Əkrəmin açdığı zoofiliya mövzusu lesbiyanlıqla davam edəcək, onun “Ətirşah Masan” əsərindəki deputatlıqla fahişəliyin eyni bulaqdan su içməsi mövzusu da, ilk baxışdanca gözümüzə çarpacaq.

Bəli, ədəbiyyatımızda ənənəçilik və epiqonçuluq davam edir...

Əkrəmin dırmandığı ağacları, indi onun davamçıları budaq-budaq gəzir sanki.

Əsərdəki bütün uğur və uğursuzluqların səbəbi də, Sevincdə deyil, onun müəllimi Əkrəmdədir.

***

Əkrəmin Sülüsüylə eyni yollarda addımlayan Sevimc Pərvanənin qəhrəmanı, qısası, gəlir Bakıya yox, şəhərə. Bayaq yuxarıda qeyd etdiyim kimi, Bakı əfsanəsi onlara yaddır, bu səbəbdən düşdükləri ünvan da adlı deyil, anonimdir.

Sevinc Pərvanə
Bu adsız şəhərdə İncəsənət İnstitunda dərsə gələn qəhrəman yenə də o Almazın kölgəsidir,

Sülünün uzaq qaraltisidir, qətiyyən özü deyil. Sevinc Pərvanə, Əkrəmin bu qəhrəmanını nə qədər çalışsa belə, özünkü etməyi bacarmır.

Həmidə Ömərovanın dərsində o da Bertoluççinin filminə baxmır, dünyaya açılmaq istəmir, Almazdan aralanmır-elə hey onu izləyir, özü olmağa can atmır.

Əkrəmin “Urreyyyy müəllimi”ni xatırladan bir başqa müəllimin İncəsənət İnstitundakı dərs testinə fikir verin bir:

“- Sən tualetə gedəndə aftafa götürürsənmi, qızım?-soruşdu. Nailə gözlənilməz sualdan kəkələdi:

- Hə, götürürəm-itaətkarcasına cavab verdi.

-Bəs onda bu dırnaqların sənə mane olmur? İt caynağıdı, nədi, bu?-qışqırdı qəfil. –Gələn dərs görməyim onları”...

Yəni, təkcə qəhrəman deyil, onun antipodları da yenə də Əkrəmdən gəlir. Sevinc bu surətləri yaradarkən belə yenə Əkrəmin təsir dairəsindən çıxa bilməyib, bəlkə heç bunun fərqində belə olmadan.

Bütün müəllimlərin dərsi darıxdırıcıdır-Həmidə Ömərova, Ziya müəllimin də. Lakin, Sevinc Pərvanə, qiyabi şəkildə Əkrəmin dərslərində olub sanki. Həm də darıxmayıb o dərslərdə...

Qəhrəmanın nənəsi də eynən Sülünün nənəsi Masan kimi düşünür. Milli Məclisə deputat seçilən Sülüyə verilən nənə öyüdlərini xatırladır romanın bu parçası:

- Qızım, düz get, düz gəl. Başını qaldırıb heç kimin üzünə baxma. Qızlarla otur-dur. Bir köpəkoğlu yaxınlaşsa, söy, dişinin dibindən çıxanı de, qov. O İncəsənətdə nə müəllimlər tarazdı, nə də tələbələr”

“Ətirşah Masan”dakı kimi bu əsərdə də madərşahlıq önə çəkilir:

“Feodal-patriarxal bir cəmiyyətdə yaşamağımıza, ataxaqanlığın minillərdi hakimiyyətini sürdürməsinə baxmayaraq, nənəm əslində insanların düşüncəsində anaxaqanlığın yaşadığına inanırdı”.

***

Məişət girdabı, boz həyat səhnələri əsərin sonuna doğru lap güclənir...

Oxucu başlayır darıxmağa...

Postmodernizm postəkrəmçiliklə əvəzlənir.

Yəni, Əkrəmin dekonstruksiyası baş tutmur, əsər dönür Əkrəm Əylisli epiqonçuluğuna.

Məncə, bütün bunlar bir daha göstərir ki, Azərbaycanda postmodernizm artıq öz ömrünü başa vurub.

Mən bunu “Ən yeni ədəbiyyat” seriyasında çıxmış tək bu kitaba aid etməzdim.

“Ən yeni ədəbiyyat”, məncə, bu gün Umberto Eko, Paolo Koelyo, Den Braun istiqamətində irəliləməli, konspirologiya nəzəriyyəsinə əsaslanaraq öz mövzu dairəsini genişləndirməlidir. Hər halda, mən özümçün bu yolu seçmişəm.

Bu günkü ədəbiyyatın postmodern girdabından çıxış yolu, “sirlər xəzinəsi, dedektiv süjetlər, epizm, kəşflər, futuristika, tarixçilik” kimi dayanacaqlardan keçəcək. İndi “təhlükəli kitablar” zamanıdır.

Bu cür mövzular isə artıq postmodern xaosunda deyil, konspiroloji romanlarda öz həllini tapacaq.

Məncə, konspiroloji sirlər Əkrəmin “Ətirşah Masan” romanında da mövcuddur, lakin onu dekonstruksiyasını həyata keçirmək istəyən Sevinc Pərvanə, bu konspiroloji sirlərə qətiyyən yaxınlaşmayıb. Əkrəm sirlərinin tilsimini qırammayıb. Nəticədə...

Nəticədə məişət süjetlərini, daha doğrusunu desək, məişət xaosunu oxucuya hədiyyə edib...
Beləysə, tanış olun-Azərbaycan məişət xaosunu qələmə almış Sevinc Pərvanə.

Hə, bax bu janr daxilində o öz ilk uğurunu qazanıb.

Sevincin gözəl nəsr qələmi var. Onun əsl qələmə çevrilməyi yaxın gələcyin işidir.

Bunun üçünsə o, mövzularını məişətçİlikdən (məişətdən deyil) uzaqlaşdırmaldır.

Nə qədər paradoksal səslənsə də, nəsr, proza prozaik olmamalıdır. Mətn prozaik ola bilər, mövzu isə yox.

İnanıram ki, Sevincin növbəti əsərlərində bütün bunları görə biləcəyik. Çünki o bu potensiala sahibdir.

Həmçinin oxu
Elnarə Tofiqqızı. "Şəhər" romanı - iki rəfiqənin avtobus dayanacağında söhbəti...
Tehran Əlişanoğlu. Sevinc Pərvanənin romanı alınmayıb...
Kənan Hacı. Sevinc Pərvanənin qələmi nəsrə hazır deyil
Cavanşir Yusifli. Sevinc Pərvanənin romanı niyə sönükdür?
Sevinc Pərvanə "Şəhər" (Romandan bir parça)
XS
SM
MD
LG