Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:30

2010-cu ildə mülkiyyət hüquqları daha çox pozuldu...


Mülkiyyət, əmlak hüququna qanunsuz müdaxilələr kütləvi xarakter alıb
Mülkiyyət, əmlak hüququna qanunsuz müdaxilələr kütləvi xarakter alıb
«Bizim mülkümüzə təcavüz olunub. Oğru heç olmasa gözləyir ki, ev sahibi yatsın, onun malını oğurlasın. Ancaq bunlar bizim malımızı nəinki oğurlayır, günün günorta çağı evimizi başımıza uçurdurlar. Özümüzü də döyürlər, haqqımızı tapdalayırlar. Bizi insan yerinə qoymurlar. Sonra da insan haqlarından danışırlar».

Bakı sakini Rəfiqə Əhmədova uçurulan evinə baxıb yana-yana danışır, arada göz yaşlarını silir. O, 2010-cu ildə evi sökülən, illərlə yaşadığı mənzilindən zorla çıxarılan Bakı sakinlərindən biridir.

«MƏN 1500 MANATDAN ARTIQ HEÇ KİMƏ HEÇ NƏ VERMİRƏM»


Elə hüquq müdafiəçiləri də deyirlər ki, 2010-cu il mülkiyyət hüquqlarının pozulması baxımından daha çox yadda qaldı. Baxmayaraq ki, bu adamlar öz şikayətlərini prezidentə çatdırmaq üçün bir neçə dəfə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası da keçirmişdilər:

Evi sökülənlərdən biri Hikmət İsmayılov isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla da görüşmüşdü. Ancaq bu görüş evi sökülən Füzuli və Şəmsi Bədəlbəyli küçəsi sakinlərində nikbinlikdən çox ümidsizlik yaratdı:

Hikmət İsmayılov:

«Son sözü bu oldu ki, mən 1500 manatdan artıq heç kimə heç nə vermirəm. Gedin məhkəməyə verin. Məhkəmədə də məğlub olacaqsız».

Mülki işlərlə bağlı vəkillik edən, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev deyir ki, bu sahədə vəziyyət çox ağırdır:

İntiqam Əliyev
«Bu gün mülkiyyət, əmlak hüququna qanunsuz müdaxilələr kütləvi xarakter alıb. Hansısa məmur göstəriş verə bilər ki, qatar yolundakı evlər sökülsün. Ya da şəhərin mərkəzində kimsə nəsə tikmək istəyirsə, icra hakimiyyəti sərəncam verir. Baxmayaraq ki, insanların əllərində qanuni sənədləri var, evləri sökülür».

BUNDAN ARTIQ ƏDALƏT?

Ancaq Bakı şəhər İcra Hakimiyyəti evdən çıxarma prosesində qanunsuzluğun olmadığını, sökülən evlərin hər kvadratmetrinə 1500 manat verilməsini ədalətli sayır.

Elə Milli Məclisin İnsan haqları komissiyasının rəhbəri Rəbiyyət Aslanova da deyir ki, burda insan hüquqlarının tapdanmasından söhbət gedə bilməz:

«Dövlət əhəmiyyətli tikintilər üçün həmin yerlər dövlət tərəfindən alınır. Bu insanlara qanunla müəyyən olunmuş qaydada pul verilir. Onlar da oradan köçürülür. Həmin insanlar elə pul tələb edir ki, dövlət bunu vermək iqtidarında deyil. Bunu da onunla əsaslandırılır ki, bu şəhərin mərkəzidir. Şəhərin mərkəzi olduğuna görə də ona bu pul verilir və o pulla da gedib ev ala bilərlər».

İNDİ HANSI DÖVRDÜR – BOLŞEVİZM?


Hüquq müdafiəçiləri isə deyirlər ki, 2010-cu ildə Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı, seçib-seçilmək hüquqları da kobud şəkildə pozulub. Ancaq siyasi hüquqlarla bağlı vəziyyət əvvəlki illərdə də heç ürək açan olmayıb. Onların fikrincə, bu ilin özəlliyi isə ondadır ki, vətəndaşların sosial, iqtisadi, mülkiyyət hüquqlarının pozulması əvvəlki illərlə müqayisədə qat-qat artıb.

Sahib Məmmədov
Hüquq müdafiəçisi Sahib Məmmədov bu il mülki hüquqlar ətrafında baş verənləri bolşevizm dövrü ilə müqayisə edir:

«Adamların əlindən ucdantutma mülkiyyətlərini alırlar. Ya kompensasiya vermirlər, ya da cüzi məbləğ verirlər. Fərq ondadır ki, bolşevik inqilabından sonra varlılardan alıb kasıblara verirdilər, indi kasıblardan alıb varlılara verirlər. Elə Respublika Sarayının arxasında baş verən acı mənzərəyə baxaq. Ümumrespublika üzrə götürsək, məsələn, neft, qaz, su kəmərlərinin çəkilişi ətrafında baş verən köçürülmələrlə müqayisədə bu, kiçik hadisədir. Ancaq gözümüzün qabağında olan ən yaxşı nümunədir. Biz bu ədalətsizliyi görürük. Görürük ki, insanlar öz mülkiyyətlərini bazar qiymətinə sata bilmir. Bu misalda bu, dövlət ehtiyacı sayılmamalı idi».

Sahib Məmmədov bu problemin 2011-ci ilə keçdiyini də təəssüflə bildirir.

Həmin ərazidə Qış Parkı salınacaq. Park keçmiş Respublika Sarayından Azərbaycan Dram Teatrına qədər uzanacaq.

Qarşıdakı 10 il ərzində isə 8 milyon kvadratmetrlik ərazidə köhnə evlərin sökülməsi planlaşdırılır. Bunun da 350 min insanı əhatə edəcəyi bildirilir.

Köhnə evlərin yeniləri ilə əvəzlənməsinə dair proqramın müəlliflərindən biri İlqar İsbətov mətbuata bildirib ki, proqram 2020-ci ilə qədər həyata keçiriləcək.
XS
SM
MD
LG