Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:00

«Möminlər siyasiləşir, bunun qabağında dura bilməyəcəklər»


Mövsüm Səmədov
İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 2-də partiyanın Baş Məclisindəki çıxışına görə həbs edilib. Partiya Baş Məclisinin üzvü Natiq Kərimov belə deyir. Özü də tək o yox. Söhbətləşdiyim əksər ekspert və müxalifətçilər bu fkirdədirlər.

Mövsüm Səmədov həmin çıxışında dövlət başçısının ünvanına kəskin fikirlər söyləmişdi. Bu çıxış az sonra YouTube-da yerləşdirilmiş, mobil telefonlarla yayılmağa başlamışdı.

Partiya sədri bu çıxışdan təxminən bir həftə sonra yanvarın 8-də həbs olunub.

Mövsüm Səmədov Baş Məclisdə dövlət başçısı İlham Əliyevi xəlifə Yezidlə müqayisə edib. İndiki hakimiyyətisə «islam və hicab əleyhdarı», «bütpərəst» kimi qələmə verib.

Çıxışdan bir sitat:

«Washington-Post», «New-York times» kimi qəzetlərdə İlham Əliyevin, ətrafındakı məmurların Azərbaycan xalqını qarət etdiyi, milyardlarla pulu xarici banklara çəkdiyi, yüz milyonluq adalar, imarət aldığı deyilir, bununla da xalqa dağ çəkilir. Azərbaycan xalqı zəngin neft və qaz yataqlarına malik olsa da, ölkədə bir cavana iş yeri tapılmır».

Mövsüm Səmədov bu çıxışında xalqa çağırışlar da edib.

ÇAĞIRIŞ CAVABSIZ QALMAYIB

Partiya sədrinin həbsindən dərhal sonra Qafqaz Müsəlmanları İdarəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Mövsüm Səmədovun çağırışları xalqa və dövlətçiliyə qarşı yönəlmiş təxribatdır, məqsəd milli birliyi sarsıtmaq, qarşıdurma yaratmaqdır.

Bəyanatda o da vurğulanır ki, dindarlar Heydər və İlham Əliyevlərin xalq və dövlət qarşısında xidmətlərini inkar edən çağırışları qəbul etmir, buna öz qəti etirazını bildirir.

İdarə hesab edir ki, hicab məsələsinin gündəmə gətirilməsi bir bəhanədir və məqsədli şəkildə İslam adından sui-istifadə edilir.

«MƏQSƏD ALLAHU ƏKBƏRƏ SÖYKƏNƏN DÖVLƏT QURMAQDIR»

Fəzail Ağamalı
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bu fikirdədir ki, Mövsüm Səmədov çıxışında hakimiyyəti tənqid etməyib, konstitusion quruluşu dəyişməyə çağırış edib:

«Bütün niyyəti odur ki, Azərbaycanda islam dövləti yaradılsın. Görünən budur. İrandan qidalanan, mayalanan müxtəlif yollarla təlimatlanan bu cür insanlar dini önə çəkərək Azərbaycanın dövlətçiliynə zərbə vurmağa çalışırlar. Məqsəd də «Allahu əkbər»ə söykənən islam dövləti yaratmaqdır. Azərbaycanda islam inqilabına nail ola bilməyəcəklər».

EHSAN ZAHİDOV: «AÇIQLAMADA HƏR ŞEY İZAH OLUNUB»

Daxili İşlər Nazirliyindənsə bildirirlər ki, partiya sədrinin həbsi onun çıxışı ilə bağlı deyil. Qurumun mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, bu haqda onlar yanvarın 8-də açıqlama yayıblar və orda hər şey izah olunub.

Həmin açıqlamaya görə, nazirlik Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı məlumat alıb.

Axtarış zamanı Dəyanət Səmədovun işlədiyi mağazada 3 ədəd əl qumbarası, yaşadığı evdə 7 ədəd avtomat patronu və dini radikalizmi təbliğ edən elektron daşıyıcılar aşkarlandığı deyilir. Dəyanət və onun işlədiyi mağazanın sahibi Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi başlanıb, araşdırmalar aparılır.

«İSLAM PARTİYASI DÖVLƏTÇİLİYƏ QARŞI ÇIXMAYIB»

Bunu isə İslam Partiyasının rəsmilərindən Natiq Kərimov deyir. Onun sözlərinə görə, Mövsüm Səmədov sadəcə, ölkədəki özbaşınalığa, qanunsuzluğa münasibətini bildirib:

«Partiya sədrinin çıxışı bütün saytlardadır, telefonlardadır. Kəskin çıxışı ölkədəki vəziyyətlə bağlıdır. Eləcə də sədr hicabla bağlı partiyanın mövqeyini çatdırıb. Bizim həbs olunanlarımız buraxılmayınca mübarizəmizi aparacağıq. Əlbəttə ki, sivil yolla. Nə doktor Səmədov, nə də başqaları dövlətçilik əleyhinə deyillər».

İsa Qəmbər
Yeri gəlmişkən, yanvarın 10-na olan məlumata görə, partiya sədri Mövsüm Səmədov və daha 8 nəfər saxlanıb: sədrin birinci müavini Vaqif Abdullayev, sədr müavini Elçin Manafov, partiya funksionerləri Elçin Həsənov və Hacı Mehdi Məmmədli, Mövsüm Səmədovun sürücüsü Mirhüseyn Kazımov, ilahiyyatçı Kərbəlayi Zülfüqar Mikayılzadə, partiya sədrinin atası Mərdan Səmədov və əmisi oğlu Dəyanət Səmədov.

Onlar 5-15 sutka müddətinə saxlanılıblar.

İSA QƏMBƏR: «HAKİMİYYƏT REPRESSİYALARA START VERİR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər də Mövsüm Səmədovun hakimiyyəti sərt tənqid etdiyinə görə həbs olunduğunu düşünür. O deyir ki, müxalifət siyasi motivlərlə həbslərə etiraz edir və hesab edir ki, vətəndaş fikirlərinə görə təqiblə üzləşməməlidir.

Amma Müsavat başqanı başqa məqama da diqqət çəkir:

«Həbslərin təkcə Mövsüm Səmədovla məhdudlaşmadığını, Nemət Pənahlının həbs olunduğunu və başqa dindarların da həbsini nəzərə alanda hakimiyyətin yenidən repressiyalara start verdiyini düşünmək olar. Eyni zamanda, son hadisələr baş örtüsü ilə bağlı orta məktəblərdə yaranmış gərgin situasiyanın, hakimiyyət tərəfindən qurulan ssenarinin bir elementi kimi də görünə bilər. Yəqin ki, sonrakı hadisələr bu versiyalara aydınlıq gətirəcək».

ZƏRDÜŞT ƏLİZADƏ: «MÖMİNLƏR SİYASİLƏŞİR, BUNUN QABAĞNIDA DURA BİLMƏYƏCƏKLƏR»

Politoloq Zərdüşt Əlizadəyə görə, xalq artıq yalandan, qanunsuzluqdan, korrupsiyadan cana doyub:

Zərdüşt Əlizadə
«Xalq indiki hakimiyyətin siyasətindən boğaza yığılıb. Bunu da Mövsüm Səmədov dilə gətirib, onu da tutublar. Ənənəvi müxalifəti əziblər, öz işləridir. Amma mən əminəm ki, onların zalım siyasəti nəticəsində möminlər siyasiləşir, bunun qabağında dura bilməyəcəklər. Sovet dövründə bir lətifə vardı ki, Xruşşov Nikolaya inqilabi şəraiti yaratdığına görə Sovet İttifaqı Qəhrəmanı adını verə bilmədi. Gün gələcək sonrakı hakimiyyət İlham Əliyevə heykəl qoymalı olacaq - heç bir elmi meyara söykənməyən siyasətilə inqilabi şərait yaratdığı üçün».

Zərdüşt Əlizadə hesab edir ki, İlham Əliyev siyasətini dəyişməlidir. Dövlət başçısı xalqla danışmalıdır, korrupsiyanı cilovlamalıdır, əks halda bu hakimiyyətə qarşı güclü dirəniş olacaq.

Bakıdakı iki məscidin – «Məşədi Dadaş» və «Göy məscid»in qarşısında kiçik sorğu etdik. Baş verənlərə dindarların münasibəti nədir?

- Yanlış bir şeydi. Nəsə deməlidirlər də. İttiham sürmək üçün qumbara da çıxardarlar da, başqa şey də.

- Bu insanları tanıyırıq, münasibətimiz var. İnsanın əməlində, canında bir şey olsaydı çoxdan bilinərdi. Niyə indi çıxır? Məncə, bu dövlətə də sərf etməz...

- Rəsmi açıqlama verilsin, münasibət bildirək.

- Xəbərimiz yoxdur.

- Münasibət deyəndə ki, «Quran»da buyrulur ki, qadınlar başını örtsün. Bizim ana-bacılarımız başı örtülü olsun. Biz də bu yolu gedirik. Bunun ölkəyə nə ziyanı var ki?...Azad ölkədə yaşayırıqsa, azadlıq olmalıdır. Hər kəs istədiyi kimi yaşamalıdır. Bu yolu hamı getsə dövlətimiz qüdrətlənər.
XS
SM
MD
LG